Azərbaycan prinsipial geosiyasi iradə nümayiş etdirir

Ölkəmiz regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün çoxtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarıdır

“Postmünaqişə mərhələsində Azərbaycanın irəli sürdüyü təşəbbüslər miqyasına görə regional, strateji əhəmiyyətinə görə qlobal xarakterlidir. Azərbaycan regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün çoxtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarıdır. Və bu məsələdə prinsipial geosiyasi iradə nümayiş etdirir”. 
Bu fikirləri “Şərq”ə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Onun sözlərinə görə, vacib nüanslardan biri budur ki, Azərbaycan dövləti yeni mərhələdə bölgədə nəqliyyat-kommunikasiya xətlərinin bərpası ilə əlaqədar konkret mövqe nümayiş etdirir və əməli addımlar atır:

“Bilirik ki, respublikamız bu günə qədər Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin icrasında çox fəal rol oynayıb. Həmçinin ölkəmizin təşəbbüsü ilə əhəmiyyətli addımlar atılıb. İndiki mərhələdə Azərbaycan Avrasiyada geniş bir coğrafiyanı əhatə edən - Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır.

Bu layihənin gerçəkləşdirilməsi ilə regionda əməkdaşlığa xidmət edən inteqrasiya prosesi güclənəcək. Bu dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək. Nəticədə tranzit imkanlarını genişləndirəcək və Azərbaycan mühüm siyasi-iqtisadi dividendlər qazanacaq”. 

Politoloq əlavə edib ki, Azərbaycanın fəal iştirakı və üstün mövqeyi fonunda cərəyan edən bütün bu proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək:

“Azərbaycan Cənubi Qafqazı inteqrasiya və işbirliyi məkanına çevirib. İndi ölkəmizin təşəbbüsü ilə yeni yaranan təhlükəsizlik mühiti regional və qlobal güc mərkəzlərinin vahid platformada ortaq maraqlar əsasında əməkdaşlığı üçün geniş imkanlar açır”.