Blinkenə anladıldı: “Türkiyəyə qarşı istənilən addım Azərbaycana...”

“ABŞ dövlət katibi Entoni Blinkenin prezident İlham Əliyevə zəng etməsi gecikmiş olsa da, hər iki tərəf üçün vacib idi”. 
Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 
O, daha ətraflı “Sherg.az”a danışdı:

“Telefon danışığında ABŞ-ın dövlət katibinin ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirməsi, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd etməsi, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulaması və Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirməsi Vaşinqtonun Azərbaycana verdiyi dəyəri göstərir. Təsadüfi deyil ki, Entoni Blinken İlham Əliyevə bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını bildirib. Əlbəttə, ədalətli olardı ki, bu düzəliş ümumiyyətlə, ləğv edilsin. Ancaq mühafizəkar və ermənipərəst Konqresdən bunu gözləmək əbəsdir. Ağ Evin illərdir düzəlişi dondurması da bizim üçün kafidir”. 

 E. Şahinoğlunun fikrincə, rəsmi Vaşinqton bundan sonra bəyanatlarında daha diqqətli olacaq:

“ABŞ dövlət katibinin İlham Əliyevlə məhz indi danışması ermənilərə “soyuq duş” effektidir. Çünki  ermənilər neçə gündür ki, ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsini toy-bayram edirlər. Halbuki bu gün Dövlət Departamentinin açıqlamasında xüsusi qeyd edilib ki, prezidentin “soyqırım” ifadəsinin Türkiyə Cümhuriyyətinə aidiyyatı yoxdur. Oxşar açıqlama Pentaqondan da yayınlanıb. Ayrıca, Entoni Blinken telefonda İlham Əliyevin Amerika prezidentinin “erməni soyqırımı” ilə bağlı bəyanatının Azərbaycan hakimiyyəti və cəmiyyəti tərəfindən narahatlıqla qarşılandığı sözlərini də dinləməli olub. İlham Əliyevin dilindən “Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır” sözlərini eşidən Blinkenə izah edilib ki, Türkiyə əleyhinə  atılan istənilən addım Azərbaycana qarşı atılan addım kimi dəyərləndirilməlidir”.