İnformasiya savaşı heç bir sərhəd tanımır

Onun nə cəbhə xətti, nə də minalanmış əraziləri var

Azərbaycan Ermənistanla mübarizədə təmkinliyini qorumalı, daha ehtiyatlı davranmalıdır

Tarixdən də məlumdur ki, informasiya müharibəsi düşmən mövqedə olan dövlətlərin hər zaman biri-birlərinə qarşı atdığı kəskin, təhlükəli addımlarından biri olub. Bəllidir ki, hər bir ölkə digər ölkələrlə bağlantılar yaratmağa can atır. Təbii ki, bu yolla ilk növbədə özünü beynəlxalq sistemdə tanıtmağa çalışır. Bu bir faktdır ki, əgər düşməni olan ölkəyə qarşı informasiya atəşi açılarsa, bu, onun beynəlxalq siyasi aləmdə nüfuzunun təhlükəyə girməsinə səbəb ola bilər. Əslində informasiya müharibəsi SSRİ dövründə sınanmış bir metod idi. Hələ 1960-1970 və 1980-ci illərdə Amerika və SSRİ biri-birləri ilə informasiya müharibəsi ediblər.

Hazırda isə 44 günlük Vətən müharibəsinin başa çatmasına baxmayaraq Ermənistanla ölkəmiz arasında informasiya müharibəsi ən gərgin müstəvidə hələ də davam etməkdədir. Xatırladaq ki, 44 günlük müharibə nəinki döyüş meydanında, həm də informasiya məkanında aparıldı. Dövlət başçısı döyüşlərə komandanlıq etməklə bərabər, eyni zamanda dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanlarına 30-dan çox müsahibə verdi. Bununla ermənilərin həm də informasiya manipulyasiyasına ciddi zərbə vuruldu. Qeyd edək ki, 44 günlük müharibədə məğlub olan Ermənistanın hərbi-siyasi rəhbərliyi çıxış yolunu öz xalqını yalan məlumatlarla aldatmaqda görür. 44 gün ərzində erməni və dünya ictimaiyyətinə feyk məlumatlar verən terrorçu ölkə informasiya savaşında da Azərbaycana məğlub oldu. Əslində Paşinyan iqtidarı ilk gündən anlayırdı ki, onu ağır və rüsvayçı məğlubiyyət gözləyir. Odur ki, Azərbaycana qarşı başladığı savaşın və Bakının əks-hücum əməliyyatının ilk günlərindən sosial şəbəkələrin fəaliyyətini qadağan elədi, müharibənin gedişi ilə bağlı düzgün məlumat yayan yerli və xarici media nümayəndələrinə qarşı sözün əsl mənasında repressiya və təhdidlərə başladı. Azərbaycanın apardığı düzgün və ağıllı informasiya siyasəti Qarabağda baş verən həqiqətlərin dünyaya çatdırılmasına imkan verdi. Azərbaycan Prezidenti İlham Əliyev 44 gün ərzində dünyanın bütün aparıcı mediasına çoxsaylı müsahibələr verdi. Düşmən tərəfindən maliyyələşdirilən, erməni lobbisinin əlində oyuncağa çevrilən jurnalistlərin ən qərəzli suallarına belə cavab verməkdən yayınmayan Prezident Əliyev nə dərəcədə hazırlıqlı olduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın haqlı olduğunu, işğala məruz qaldığını, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut edə bildi. Azərbaycanın Ali Baş Komandanının intellektual cavabları ilə müqayisədə isə Paşinyan olduqca miskin durumda görünürdü. Bunu dünyanın aparıcı media nümayəndələri və ekspertlər də etiraf edirlər. 

Düzdür, bu günləri müharibə bitsə də, informasiya müharibəsi hələ də davam etməkdədir. Düşmən ölkə Ermənistan bütün dünyaya haqqımızda yenə də yalan informasiyalar yaymaqda davam edir. Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan arasında başlayan informasiya müharibəsinin tarixi Qarabağ müharibəsindən çox-çox əvvələ təsadüf edir. SSRİ dönəmində Ermənistan Azərbaycana qarşı gizli informasiya müharibəsinə əl ataraq tarixi saxtalaşdırıb, tarixi yerlərimizin adını dəyişdirib. 

Qeyd edək ki, müasir dünyanın münaqişə və çəkişmələrinin sırasında əsas oyunçuların başlıca mübarizə üsulu informasiya müharibəsidir. İnformasiya müharibəsi üçün nə cəbhə xətti var, nə minalanmış sahə, nə də ki, əks tərəfin həmləsini müəyyən edən radiolokasiya qurğuları. O, heç bir sərhəd tanımır, onun üçün keçilməz sədd yoxdur. Müasir silahlı münaqişələrin təcrübəsi göstərir ki, bəzən gücündən də asılı olmayaraq, bütöv bir dövlət inkişaf etmiş informasiya texnologiyalarının qarşısında aciz qalaraq çökür. Bəzi mütəxəssislər hesab edir ki, ümumiyyətlə, informasiya müharibəsi ayrıca sahədir və jurnalistikanın qolu deyil. İnformasiya müharibəsi, adından da göründüyü kimi, əsasən,  hərbi xarakter daşıyır.

Silah səslərinin eşidilmədiyi bu gurultusuz, səssiz müharibədə döyüş meydanında informasiyadan silah kimi istifadə olunur. Bu silah sosial, iqtisadi və hərbi sahədə istifadə edilsə də döyüşlər aparıldığı informasiya müharibəsində, əsasən, hədəfdə ictimai fikir, beyinlər, insan şüuru, psixologiyasıdır. Silahlı mübarizədə olduğu kimi, informasiya müharibəsində də üsullar və texnologiyalar yüksək sürətlə dəyişir. Ekspertlər qeyd edir ki, informasiya müharibəsinin özünün ayrıca mütəxəssisləri var.

Bu, ayrıca və çox mürəkkəb bir sahə olduğuna görə, onun PR, texnoloji biliklər kimi elementləri və s. var. Ümumiyyətlə, bilirik ki, feyklərin 90 faizi montaj əsasında düzəlir. Bəzən aylarla, hər hansı məlumatı araşdırmaq, üzərində işləmək, buna qarşı mübarizə aparmaq lazım gəlir.  Bəzi ekspertlər bildirir ki, “Azərbaycan jurnalistləri bütövlükdə zəifdir, ona görə informasiya müharibəsində mübarizə apara bilmir” fikri ümumiyyətlə, düzgün deyil. Çünki informasiya müharibəsi artıq ayrıca instituta çevrilib. Burada adi medianın istifadə etdiyi texnologiyalardan daha dərin, hətta süni intellektə dayanan texnologiyalar mütləq istifadə olunmalıdır. Bəs hazırda Azərbaycan Ermənistanın dezinformasiyalarına cavab verə bilirmi?

Mövzu ilə bağlı Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, bu gün Azərbaycan informasiya müharibəsinin hədəfində olan ölkədir:

"Müşahidələrimə əsasən deyə bilərəm ki, informasiya müharibəsi heç vaxt səngimir. Özü də antiazərbaycan dairələr həmişə bizim üçün önəmli olan günlərdə, vacib tədbirlər ərəfəsində həddindən artıq fəallaşırlar. Ona görə də biz həmişə informasiya müharibəsinə hazır olmalıyıq. Yəni  “hücumu” gözləyib, sonra “əks hücuma” keçməli deyilik. Necə deyərlər, “şəraiti nəzarət altında saxlamağı” bacarmalıyıq. Özü də bu prosesdə yalnız dövlət qurumlarından nəsə ummaq, yaxud da hər hansı tapşırıq gözləmək lazım deyil. Qeyri-hökumət təşkilatları, diasporumuz, həmçinin hər bir vətəndaşımız bu işdə fəal olmalıdır. Yəni hər kəs, xüsusilə xarici dilləri (ingilis, rus, fransız, fars, ərəb, alman və s.) bilənlər informasiya müharibəsinin əsgəri olmağı bacarmalıdır. Unutmayaq ki, bütün dünyada bu informasiya müharibəsini media və vətəndaş cəmiyyətləri aparırlar. Xaricdə yaşayan, eləcə də müxtəlif ölkələrə səfər edən soydaşlarımız da buna cəhd etməlidirlər. Məsələn, şəxsən mən bu və ya digər ölkədə səfərdə olarkən Azərbaycanın bütün məsuliyyətini üzərimdə hiss edirəm. Odur ki, bizə qarşı səslənən fikirlərə də cavab verirəm, üstəlik, ölkəmizlə bağlı ətraflı məlumatlar da təqdim edirəm. Bu, hər kəsin vətəndaşlıq borcu olmalıdır”.

Azər Həsrət deyir ki, ümumiyyətlə, informasiya müharibəsi jurnalistikanın sahəsi deyil. O qeyd edib ki, ümumiyyətlə, jurnalistikanın qarşısında elə bir vəzifə qoyulmur ki, informasiya müharibəsində tərəf olsun:

"Media müəyyən funksiyaları yerinə yetirir və ya yetirməyə də bilər. Yəni jurnalistika bilgiləndirmək məqsədi güdür. Bu bilgiləndirməkdə obyektiv və tərəfsiz olmalıdır. İnformasiya müharibəsində isə obyektlik də, tərəfsizlik də yoxdur. Düzdür, bəzən obyektivlik olur. Amma tərəfsizlik ola bilmir, çünki bu, müharibədir. Müharibədə mütləq hər kəs öz tərəfinin maraq və mənafelərinə xidmət etməlidir.

Bu baxımdan bu məsələ jurnalistikadan ayrı tutulub. Digər bir tərəfdən isə ümumiyyətlə, Azərbaycanla Ermənistan arasındakı informasiya müharibəsində əlbəttə ki, biz jurnalistlər də yaxından iştirak edirik.

Sual yarana bilər ki, niyə iştirak edirik? Çünki məcburuq, bizə qarşı qaralama kampaniyaları aparılır. Dövlətimizə və xalqımıza böhtan atılır. Əlbəttə ki, biz də vətənpərvər insanlar olaraq öz dövlətimizin və xalqımızın mənafelərini müdafiə etmək məcburiyyətində qalırıq. Yəni bunu etməyə məcburuq. Amma bir daha qeyd edirəm ki, informasiya müharibəsi jurnalistika məsələsi deyil. Bu, təbliğat məsələsidir.

Təbliğatın da əlbəttə ki, çoxtərəfli olduğunu hər kəs yaxşı bilir. Nə etməli, necə etməli, ümumiyyətlə, bu informasiya müharibəsində necə davranmalı olduğunu anlayır. Fikrimcə, ən güclü biclik düzlükdür. Əlbəttə ki, bu özünü doğrultmuş bir qənaətdir. Doğrunu nə qədər çox tirajlasaq, yalanlara bir o qədər çox qalib gələ bilərik.

Yalan, yaxud da ki, uydurma materiallarla informasiya ilə müharibədə qalib gəlmək mümkün deyil. Döyüşləri udmaq olar, müvəqqəti. Amma ümumi nəticədə qalib gəlmək mümkün deyil. Çünki o yalanların farş olması o qədər də uzaqda olan məsələ deyil. Ermənilər informasiya müharibəsində həddindən artıq aqressivdilər. Azərbaycanlılar isə daha təmkinli addım atırlar. Bu təmkinliyi mütləq qorumaq lazımdır.

Beynəlxalq münasibətin dəyişməsində də təmkinliyin böyük rolu var. Ona görə də Ermənistan qəsdən aqressiv olaraq, hazırda bu müharibəni aparır ki, bizi əsəbiləşdirsin, özümüzdən çıxarsın.

Biz də təmkinimizi pozub Ermənistanın üzərinə eyni aqressiya ilə gedək və həmin aqressiyadan da bizə qarşı istifadə etsinlər. Ancaq qeyd edim ki, diplomatik müharibə müəyyən qanunlara, qanunauyğunluqlara, idarəçiliyə söykənir. Ona görə də informasiya müharibəsində hansısa vahid idarəçilik sistemi və fəaliyyət proqramı olmalıdır. Bütün informasiya  müharibəsi  ilə məşğul olan adamlara hər zaman çağırış etmişəm ki, birincisi, obyektiv və doğru informasiyaya söykənin. İkincisi, çalışın ki, təhkiminizi pozmayasınız. Belə olan halda mütləq qalib gələcəksiniz. Ola bilər bir az gec, amma qalib gələcəksiniz".