Müttəfiqliyə məcburdurlar

Bununla Rusiya və İran Qərbdən gələn siyasi və iqtisadi basqılara duruş gətirməyə çalışır


"Uzun illərdir ki, dünyanın müxtəlif coğrafiyalarında Rusiya ilə İran müttəfiqlik göstərir".
 Bu fikirləri "Şərq"ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib. O vurğulayıb ki, bu mütəffiqlik təbii ki, bir çox hallarda təsadüfi olmayıb və zəruri xarakter daşıyır:

"Burda əsasən, Avroatlantik siyasi şüurun və Qərb imperializminin basqıları mühüm rol oynayır. Çünki həm İran, həm də Rusiya daim ABŞ və onun mütəffiqləri tərəfindən təhdid olunur.  Qeyd edim ki,  İrana qarşı müxtəlif sanksiyalar tətbiq olunursa, Rusiyaya da bu sanksiyaların başqa bir forması tətbiq edilir. Əlbəttə ki, Qərb tərəfindən uyğulanan sanksiyalar, basqılar və hədə-qorxular nəhayətdə İranla Rusiyanın vahid məcrada çıxış etməsini labüd edir. Mən bu baxımdan düşünürəm ki, xüsusən anti-Qərb ritorikası  və Qərb əleyhinə olan çağırışlarda İranla Rusiyanın birgə addımlar atmağı hər iki dövlətin siyasi maraqları baxımından məqbul hesab olunur. Həmçinin strateji qərarlar baxımından da bunun doğru olduğunu düşünürəm".   

T.İsmayılov əlavə edib ki, ümumilikdə nə İran, nə də Rusiya bir-birinin daha da güclü olmasını istəmir:

"Çünki bu regionda Rusiyanın öz, İranın da öz maraqları mövcuddur. Ona görə də həddən artıq güclənmiş Rusiya İranın maraqlarına cavab vermədiyi kimi, həddən artıq güclü olan İran da Rusiyanın maraqlarına cavab verə bilmir. Lakin bütün bunlara baxmayaraq, İranla Rusiya dünyanın müxtəlif bölgələrində məcburi şəkildə də olsa müttəfiqlik nümayiş etdirməyə məcburdurlar. Çünki bir daha qeyd edirəm ki, bu, xüsusən Avropa və Amerika siyasi dairələrindən gələn siyasi və mənəvi hücumların, iqtisadi basqıların qarşısında duruş gətirmək üçün lazımdır. Yəni bu müttəfiqlik hansısa bir istəkdən, könüllülükdən deyil. O zamanın, şəraitin və beynəlxalq siyasi münasibətlərin diktə elədiyi  mühitin tələbatından doğur. Bu baxımdan Rusiya ilə İran arasında hansısa genişmiqyaslı birlik olmasa da ortaqlığın genişlənəcəyini düşünürəm".