KTMT-yə üzv proqnozlaşdırılmır

Azərbaycan dövləti çox ağıllı və uzaqgörən xarici siyasət kursu həyata keçirir


Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “İzvestiya” qəzetinə müsahibə verib. Nazir müavini Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması ehtimalına da toxunub. Diplomat rəsmi Moskvanın bu üzvlüyə isti baxdığını, lakin müəyyən daxili prosedurların razılaşdırılmalı olduğunu əlavə edib. “Özbəkistan formal olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmayıb, sadəcə, üzvlüyünü dondurub.

Ona görə də qayıtmaq istəyi olsa, Özbəkistan bütün ölkələrdən asan şəkildə üzvlüyünü bərpa edə bilər. Digər ölkələrə, o cümlədən Azərbaycana gəlincə, KTMT-nin qapısı hamı üçün açıq olmalıdır. Üzvlüyə mane ola biləcək yeganə məsələ təşkilatın nizamnaməsinə əsasən, üzv ölkələr arasında diplomatik münasibətlərin vacibliyi ilə bağlıdır. Hələlik, Azərbaycan və Ermənistan arasında belə münasibətlər mövcud deyil. Gec və ya tez bu olacaq və bu baş verdiyi zaman Azərbaycanın üzvlüyü məsələsi praktik həllini tapa bilər”. 

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural ismayılov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan dövləti çox ağıllı və uzaqgörən xarici siyasət kursu həyata keçirir. O qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanın KTMT-yə üzv olacağını proqnozlaşdırmır:

"Təbii ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko tərəfindən səsləndirilən bu fikirlər birinci dəfə deyil. Əslində Rusiya siyasi elitasına daxil olan bir çox şəxslər bundan əvvəl də Azərbaycanın KTMT-yə üzvlüyü məsələsini qaldırıblar. Lakin qeyd edim ki, Azərbaycan dövləti çox ağıllı və uzaqgörən xarici siyasət kursu həyata keçirir. Ölkəmiz Qoşulmama Hərəkatının siyasi fəaliyyətinin həyata keçməsində müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan düşünürəm ki, indiyə qədər Azərbaycanın KTMT-yə qoşulmaması da Azərbaycanın birtərəfli hansısa siyasi və hərbi təşkilatlara marağının olmamasının təzahürüdür. Lakin Rudenko da 44 günlük Vətən müharibəsindəki qələbədən sonra, xüsusən Azərbaycanın təkcə regional deyil, qlobal əhəmiyyətli bir ölkə halına gəldiyini görüb və bu fikirləri səsləndirir".

 T.İsmayılov əlavə edib ki, bütövlükdə gələcəkdə hadisələrin hansı fonda və məcrada gedəcəyini indidən proqnozlaşdırmaq  çətindir:

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 44 günlük Vətən müharibəsində üzvü olan Ermənistanın şıltaq və gərəksiz yalvarışlarını, eyni zamanda KTMT-ni hansısa prosesinə cəlb eləmə taktikasına qarşı çox layiqli cavab verdi . Ermənistanı yerindəcə otuzdurmağı bacardı. Amma eyni formada bir daha qeyd edirəm ki, Azərbaycan dövləti balanslı xarici siyasət kursu həyata keçirir və heç bir bloklara qoşulmayan Qoşulmama Hərəkatının sədridir. Düşünürəm ki, gələcəkdə də Qoşulmama Hərəkatında çox önəmli layihələrin və toplantıların keçirilməsinin əsas meyarı Azərbaycan dövləti olacaq. Ona görə bizim hələ ki, yaxın tezlikdə KTMT-yə üzv olacağımızı açığı proqnozlaşdırmıram".