Geosiyasi amil Azərbaycanın xeyrinədir


Zəngəzur dəhlizinə mane olsalar, Laçın dəhlizi də sual altına düşəcək

"Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat regiondakı bütün ölkələr üçün real əməkdaşlıq imkanları yaradıb. Söhbət ötən il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsinə son qoymuş bəyanatdan gedir. Üçtərəfli bəyannamə təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur.

Regionda nəqliyyat əlaqələri Ermənistanın təxminən 30 il idi davam etdirdiyi işğalçı siyasət nəticəsində məhdudlaşıb. Qeyd edim ki, üçtərəfli bəyannamənin 9-cu maddəsi bu əlaqələrin bərpasını nəzərdə tutur. Həmin maddədə qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Elə həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verir. Bildiyimiz kimi, ortada iki bəyannamə var. Üç dövlət başçılarının da bu bəyannamələrinin altında konkret imzaları mövcuddur". 


Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Natiq Miri deyib. Politoloq bildirib ki, bu imzalar nəticəsində həmin dövlətlər öz üzərlərinə konkret öhdəliklər götürüblər:


"Ona görə də bəyannamələrin bütün müddəalarının icra olunması mütləqdir. Əks təqdirdə bu yalnız Ermənistanın məsələsi olmayacaq. Bu həm də Rusiyanın çox ciddi şəkildə geosiyasi maraqlarını təhlükəyə atan bir məsələ olacaq. Çünki Qarabağda Rusiyanın hərbi varlığı məhz 10 noyabr bəyannaməsindən sonra irəli gəlib. Əgər bu bəyannamədə olanlar yerinə yetirilməzsə, ölkələrin geosiyasi maraqlarının önə çəkilməsi məsələsi absurd olduğu qədər də mümkünsüz olacaq. Ona görə də Zəngəzur dəhlizinin, yəni nəqliyyat infrastrukturlarının açılması məsələsi mütləqdir. Bu istər Ana Azərbaycanı Naxçıvanla birləşdirəcək Mehridən keçən bir dəhliz olsun, yaxud da ki, alternativ yollardan keçən yeni dəhlizlər, yollar olsun. Ümumiyyətlə, gələcəkdə regionda bütün kommunikasiyaların açılması nəzərdə tutulur. Təbii ki, bu, Ermənistan üçün də böyük perspektiv vəd edir". 

Politoloq vurğulayıb ki, yol infrastrukturları açılandan sonra yeni kommunikasiyaların həyata keçirilməsi və bərpası məsələsinə də baxılacaq:

"Bu məsələdə ümumi Cənubi Qafqaz və regional enerji sisteminin yaradılması, digər kommunikasıya xətlərinin yaradılması məsələsi həyata keçiriləcək ki, bu da ilk növbədə Ermənistanın maraqlarına xidmət edir. Bu məsələ sadəcə Azərbaycanın geosiyasi maraqları üçün deyil. Bütün region ölkələrinin, xüsusilə də Ermənistanın maraqlarına xidmət edən məsələdir. Zəngəzur dəhlizinin açılmasını ləngidən məsələ, sadəcə, Ermənistan daxilində ictimai-siyasi prosesin, seçki öncəsi gərginliklə əlaqəlidir. Bu gün bu məsələlər barədə qərarların verilməsi Nikol Paşinyan üçün müəyyən təhlükələr vəd edir. Çünki müxalifətdə olan qüvvələr bu məsələləri Nikol hakimiyyətinin əleyhinə olaraq istifadə edirlər". 

N.Miri qeyd edib ki, regionda yeni dəhlizlər də yaradıla bilər:

"Fikrimcə, Zəngəzur ərazisindən çəkilə bilən yeni dəhlizlər də yaradıla bilər. Hətta bilavasitə İrəvanı da özünə daxil edən dəhlizlər də ola bilər. Ancaq məsələnin bir də başqa tərəfi var. Əgər həqiqətən də Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsə və Zəngəzur dəhlizi ilə bağlı konkret qərarlar qəbul edib hərəkətə keçməsə, düşünürəm ki, bu, Azərbaycan üçün alternativ qərarları dövriyəyə soxacaq. Əgər Zəngəzur dəhlizi açılmasa, o zaman Azərbaycan  bu günün özündə işlək olan Laçın dəhlizini qazıya bilər. Çünki Zəngəzur dəhlizi əslində 10 noyabr sənədində Laçın dəhlizinə paralel, kompensasiya olaraq nəzərdə tutulub. Zəngəzur dəhlizi əgər işləmirsə, onda nəyə görə  biz Ermənistanla Qarabağı bağlayacaq Laçın dəhlizini yaradırıq? Ayrıca ona bir də dəhliz statusu veririk? Bu, Azərbaycanın maraqlarına işləyən geosiyasi amil deyil. Bu gün Laçın dəhlizi yalnız Ermənistanın və Rusiyanın maraqlarına işləyir. Ancaq Zəngəzur dəhlizinin açılması sual işarəsi altındadır. Bu, məsələnin birinci tərəfi. İkinci bir tərəfi, əgər həqiqətən də Zəngəzur məsələsində sərhədlərin müəyyənləşməsi konkret mexanizmlərlə razılaşdırılmasa, o zaman Azərbaycan mütləq mənada bunu birtərəfli qaydada həyata keçirəcək. Buna görə də düşünürəm ki, Ermənistanın qaçacaq bir yeri yoxdur".