Ərdoğanın Şuşa səfərindən sonra situasiya dəyişəcək


Azərbaycanın Qarabağdakı erməni silahlı birləşmələrinə qarşı əməliyyata başlaması mümkündür

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən sonra erməni terrorçularına qarşı anti-terror əməliyyatlara başlanması zəruridir". 
Bu sözləri "Şərq"ə açıqlamasında MCP-nin sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.  Politoloq vurğulayıb ki, Azərbaycan Rusiyanın məsuliyyət zonasında erməni silahlı birləşmələrinin çıxarılmasını bir neçə aydan sonra konkret şəkildə tələb edə bilər: "Çünki onların Qarabağda varlığı üçtərəfli birgə Bəyannamənin bəndlərinin yerinə yetirilməsinə mane olur, o cümlədən vəziyyəti gərginləşdirir.

Fikrimcə, Türkiyə prezidentinin Azərbaycana səfərindən sonra, həmçinin NATO zirvə görüşü, Bayden və Putin danışıqlarından sonra Rusiyaya qarşı Qərb növbəti hərəkətə keçəcək. Bundan sonra Rusiyanın Türkiyəyə daha da ehtiyacı olacaq. Fikrimcə, Azərbaycan da bu əlverişli situasiyadan istifadə edərək, silahlı erməni birləşmələrin ləğvini tələb edəcək. Əgər buna gedilməsə, o zaman Azərbaycanın erməni silahlı birləşmələrinə qarşı əməliyyata başlaması mümkündür". 

M.Əsədullazadə əlavə edib ki, Qarabağda silahlı erməni birləşmələrinin varlığı buradakı separatçıların status məsələsini qabardır:

"Ona görə də zənnimcə, Azərbaycan bu məsələyə son qoyacaq. Hesab edirəm ki, Ağdərə, Xocavəndlə üzbəüz ərazilərdə silahlı erməni postları ləğv ediləcək.  Bir faktı qeyd edim ki, artıq Araik Arutyunyanla Nikol Paşinyan düşmən mövqeyə gəliblər. Paşinyan Qarabağdakı silahlıların Ermənistanda dövlət çevrilişinə cəhd etməsindən narahatdır. Ona görə o da belə bir silahlı birləşmələrin ləğvində maraqlıdır. Ermənistanda bu hərbi birləşmələri Robert Koçaryanın silahlı dəstəsi kimi qəbul edirlər. Koçaryan və Sarkisyan məhz Qarabağdakı silahlı  erməni birləşmələrinin əli ilə Ermənistanda çevrilişə cəhd edə bilər. Məhz Sarkisyanla eyni blokda olan və Paşinyanın əsas əleyhdarı olan Artur Vanatesyan Xankəndinə gəlib. Bu onu göstərir ki, Koçaryan və Sarkisyan iz azdırmaq üçün Vanatesyanı Xankəndinə göndəriblər. Azərbaycan öz ərazisində olan silahlı erməni birləşmələrinin ləğvinə mütləq nail olmalıdır ki, Ermənistanda Koçaryan və Sarkisyan kimilər yenidən siyasi hakimiyyətə gələ bilməsin".