"Son zəng"in qərarı gecikir

“Son zəng” tədbiri keçirilməyəcəksə, bu, doğru olmaz. Nəzərə almaq lazımdır ki, şagirdlər bu günü bir daha yaşamayacaq"


"Son zəng"in keçirilməsi ilə bağlı birgə müzakirələr aparılır. Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlama verib: “Son zəng" tədbiri ilə bağlı çoxsaylı sorğularınıza ilkin cavab olaraq demək istəyirik ki, bu mərasimin keçirilməsi qaydası ilə bağlı nazirlik həmkar qurumlarla müzakirələr aparır. Yekun qərar bəlli olan kimi dərhal mediaya açıqlanacaq. Bunu isə çox yaxında biləcəyik".

Məlumdur ki, “Son zəng” tədbiri istənilən halda pandemiya şəraitinə uyğun, karantin qaydaları gözlənilməklə keçiriləcək. Ya da qaydalara əməl edilməsi tövsiyə ediləcək.

Qaydaları pozanlar olacaq, şübhəsiz. İnsan yapı etibarilə qadağaları sevməyən məxluqdu. Adətən canlılar onlara İlahi qüvvə tərəfindən təyin edilmiş yaşam tərzindən kənara çıxmır, müəyyən edilmiş çərçivədə həyat sürür və qaydalara riayət edirlər.

Təkcə bəşər övladıdır ki, daim qaydaları pozmağa çalışır. Deyəsən, böyüməkdə olan insanın – müstəqil həyata atılan gənclərin ilk böyük qayda pozuntusu da məhz “Son zəng”də olur. Həmin gün duyğusal sayıldığından müəllimlər də, valideynlər də uşaqlara güzəşt edirlər; qoy nə istəyirlər etsinlər, onların günüdür. Hələ sovet vaxtı belə “ürəyiyumşaqlığın ağır fəsadları yaşanırdı, bəzən.

“Son zəng”in ertəsi günü bulvarda kiminsə kimisə bıçaqladığı, kiminsə qız üstə dalaşdığı və sair bu kimi “kriminal” xarakterli məlumatlar yayılırdı. Bir müddət məzunlara dənizkənarı bulvarda gəzinti qadağan da edildi. Buna baxmayaraq yenə də məzunlar qaydaları pozmağa çalışır, oğrun-oğrun bulvar gəzintisinə çıxırdılar.

İnanmaq çətindir ki, hazırda gənclərin gəzinti yeri bulvar olsun və ya təkcə bulvar olsun. Birincisi ona görə ki, bu gün paytaxtda gəzməli, istirahət etməli o qədər gözəl, müasir məkanlar var ki, dənizkənarı milli park - bulvar dəbdən düşmüş sayılır. İkincisi də, müasir gənclərin düşüncələri də fərqlidir, həyat tərzləri də, maraqları da. Bu günün gənci ötən əsrin məzunları kimi qarşıdan gələn dəstəni dövrəyə alıb şeir söyləməmiş, ya da bir mahnı ifa etməmiş əl çəkməyən gənclər deyil. Belə əhvalatlar indikilərə gülməli görünür.

Müasir gəncin əlində “ağıllı telefon”dur, başında ağlı olmasa da. Və belələri ancaq telefonla ünsiyyəti bacarır. Nə şeir həvəskarıdır, nə mahnı, nə intellektual oyunlar. Bununla belə.

Etiraf edirik. “Son zəng” məzunların – sabaha atılan gəncin əziz günüdür. Amma ötənilki məzunlar kimi, builkilərin də bəxtinə koronaviruslu “Son zəng” yazılıbmış. Pandemiyadır. Belə vəziyyətdə “Son zəng”i necə keçirsinlər ki, yadda qalan olsun?           

Təhsil eksperti Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında bu barədə fikirlərini bildirdi: 
    
- “Son zəng” ötən tədris ilinin sonunda bildiyiniz kimi keçirilmədi. Bu il uzun zamandır “Son zəng”lə bağlı nəsə gözləsək də, bu barədə hələ ki, heç bir rəsmi məlumat yoxdur. Nazirlik rəsmisi Cəsarət Valehov qeyd edib ki, məsələ müzakirə edilir. Baxın, bu gün ayın 9-dur. Bu gün üçün qərar yoxdur. 4 gün qalıb. Bu qərar niyə belə gec açıqlanır? “Son zəng” bilirsiniz ki, şagirdlər üçün ən gözəl, mənəvi qiyməti böyük olan gündür. Bu tədbirə hər zaman şagirdlər uzun müddət əvvəl, az qala tədris ilinin əvvəlindən hazırlanırlar, müxtəlif fikirlər, təkliflər üzərində düşünürlər. Bu gün üçünsə bu hazırlıq yoxdur.

Görəsən, “Son zəng”ə 3 gün qalmış bu barədə məlumat vermək nə dərəcədə doğrudur?

“Son zəng”in fikrimcə, bu il keçirilməsi məqsədəuyğundur. Restoranların fəaliyyətinə icazə verilib, müxtəlif səfalı yerlərdə axın var. Belə şəraitdə “Son zəng” tədbiri keçirilməyəcəksə, bu, doğru olmaz. Nəzərə almaq lazımdır ki, şagirdlər bu günü bir daha yaşamayacaq. Hər bir halda karantin qaydalarını gözləməklə, açıq havada tədbirin keçirilməsi məqsədəuyğundur. Bildiyiniz kimi 44 günlük müharibədən qalib çıxmışıq. Bu bizim qalib olduğumuz ildir. “Son zəng” tədbirlərində Vətən üçün canından keçən şəhidlərimizi, onların ailələrini, qazilərimizi unutmasaq, onları ziyarət etsək daha gözəl olar.