Başqa yolları qalmayıb

Düşmən müəyyən olunmuş qayda və qrafikdən kənara çıxa bilməyəcək

"Ermənistan davamlı olaraq digər ərazilərimizin mina xəritələrini təhvil verməyə borcludur və məcburdur"

Ermənistanda Nikol Paşinyana müxalif olanlar geri qaytarılan 15 erməni məsələsindən daha çox “xəritələri Azərbaycana təhvil vermək olmazdı” fikirlərini səsləndirirlər. Ermənistan təhlükəsizlik xidmətinin keçmiş rəhbəri David Şahnazaryan deyib ki, Ağdamın mina xəritəsinin Bakıya verilməsi Qarabağdakı ermənilər üçün “ciddi risklər” yaradacaq. Onun zənnincə, Azərbaycan bölgəni təmizlədikdən sonra orada hərbi gücünü formalaşdıracaq və bu, Ermənistan, o cümlədən Qarabağdakı ermənilərə təhlükə törədəcək.

Paşinyana müxalif olanların məntiqinə görə, xəritələr verilməməli, mülki vətəndaşlar bundan sonra da həlak olmalı, azərbaycanlıların Qarabağa köçü gecikməli idi. Erməni qatillər Paşinyanı həm də ona görə ittiham edirlər ki, xəritələr verilməsəydi, Azərbaycan minaların təmizlənməsinə xeyli vaxt və maliyyə xərcləyəcəkdi. Erməni politoloq Qaqik Hambaryan isə sosial şəbəkədə bunları yazıb: “Ermənistanın xain baş naziri Ağdamı son olaraq türklərə bağışladı, Ağdam rayonundakı təxminən 100 min müxtəlif cür minanı əks etdirən xəritəni onlara verdi. “Kapitulyant bu xəritələri türklərə verməsəydi, türklər yaxın 10-15 ildə Ağdamda ciddi şəkildə genişlənə bilməyəcəkdilər. Yeri gəlmişkən, Nikol bu xəritələri türklərə Montenin (Terrorçu Monte Melkonyan nəzərdə tutulur – red) öldüyü gün bağışladı. Xatırladım ki, Montenin doğulduğu gün anti-milli Nikol Montenin tutduğu Kəlbəcər rayonunu türklərə bağışladı”. 

Erməni müxalifətinin yanaşmasını “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Ağdam şəhərinin minalanmış ərazilərinin xəritəsinin Azərbaycan tərəfinə verilməsi hüquqi məsələdir. Politoloq vurğulayıb ki, Ermənistan rəsmi olaraq uduzan tərəfdir və Azərbaycanın diktəsi altında işğal olunmuş ərazilərin bir hissəsini müqavimət göstərmədən tərk edib:

“Ermənistan davamlı olaraq digər ərazilərimizin mina xəritələrini təhvil verməyə borcludur və məcburdur. Paşinyana müxalif qüvvələrin prosesdən yararlanaraq ona qarşı seçki kampaniyasında istifadə etmələri populizmdən başqa bir şey deyil. Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, sonrakı proseslərdə öhdəliklərin yerinə yetirilməsində müəyyən olunmuş qayda və qrafikdən kənara çıxa bilməyəcək. Keçmiş prezident və hərbi cani Robert Koçaryan hakimiyyətə gəldiyi təqdirdə 2 il müddətinə Ermənistan ordusunu yenidən bərpa edəcəyini, Şuşa və Hadrutu işğal edəcəyini deyir. Əslində bu absurd iddia olsa da, hər halda bizim üçün mesaj xarakteri də daşıyır”.

Siyasi şərhçi bəyan edib ki, Azərbaycan Ordusu hər zaman ayıq-sayıqlığını qorumalıdır: 

"Bu günlərdə Almaniyanın tanınmış ekspertlərinin Azərbaycan ordusunun texniki təchizatının Almaniyadan yüksək olduğu fikri bizdə qürur hissi yaratsa da, hərbi üstünlüyümüzü daim qoruyub saxlamalıyıq. Ermənistanın təhdidini və revanşist mesajlarını da diqqətdə saxlamalıyıq. Çünki Ermənistanda heç də bütün siyasi qüvvələr normal qonşuluq siyasətini, regional əməkdaşlığı dəstəkləmirlər. Müəyyən kəsim hələ də düşmənçilik və nifrət hissi ilə hərəkət edir”.