Ərdoğan Qərbə vəziyyəti anlada bildi

Şuşada konsulluğun açılması Türkiyənin Qarabağda mövcudluğuna açıq işarədir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə ABŞ Prezidenti Co Baydenlə, Fransa rəhbəri Emmanuel Makronla görüşüb. Eləcə də NATO-ya üzv olan digər ölkələrin başçıları ilə bir araya gələrək Qarabağla bağlı prosesləri müzakirə edib”. Bunu “Şərq”ə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib.

Ekspertin sözlərinə görə, görünən odur ki, Ərdoğan Qərbdəkilərə başa sala bilib ki, siz Rusiyanı Cənubi Qafqazda təkbaşına buraxmaq istəsəniz, Rusiya bir müddət sonra sizi Cənubi Qafqaza buraxmayacaq:

“Ərdoğan məsuliyyəti öz üzərinə götürərək Cənubi Qafqazda Rusiyanın dominantlığına icazə vermək niyyətində olmadığını göstərməyə çalışır.

Türkiyə liderinin Bakıya səfəri və oradan quru yolla Füzuliyə və Şuşaya səfəri diplomatik mesaj idi. Bununla Ərdoğan demək istədi ki, Türkiyə Azərbaycanın yanındadır”. 

Siyasi şərhçinin fikrincə, Şuşada Türkiyə konsulluğunun açılması məsələsinin reallaşması Türkiyənin Qarabağda birbaşa mövcudluğuna açıq işarə kimi qiymətləndirilə bilər:

“Şuşa Bəyannaməsi Türkiyənin təkcə Cənubi Qafqazda deyil, eyni zamanda Mərkəzi Asiyada mövcudluğuna böyük imkanlar yaratdı.
Bundan sonrakı mərhələdə Türkiyənin Azərbaycanla birgə Avrasiya materikində qlobal gücə çevrilmə prosesi daha da sürətlənəcək. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bu proses daha da sürətlənəcək”.