Paşinyan anlayıb, sabitliyin alternativi yoxdur

Ermənistan da sülh danışıqlarına hazır olduğunu təsdiqləyir


Ermənistanda Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib. O, bu barədə hökumətin iclasında bildirib: “Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır”. 

Paşinyanın ifadələrini “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov bildirib ki, Ermənistan baş nazirinin səsləndirdiyi bu fikrin təsadüfi olduğunu düşünmək olmaz. Analitikin fikrincə, regionda son dövrlərdə baş verən prosesləri izlərkən vəziyyətin nədən ibarət olduğunu asanlıqla anlamaq mümkündür:

“Paşinyanın Moskvaya səfəri və orada Rusiya Prezidenti Vladimir Putinlə aparılan danışıqlar, daha sonra ABŞ baş katibi Entoni Blinkenin Paşinyanla telefon danışığı, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin bölgəyə səfəri, verilən açıqlamalar, Ermənistana dəfələrlə sülh danışıqlarının təklif edilməsi bir-biri ilə əlaqəli proseslərdir. Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri və Vladimir Putinlə keçirdiyi görüş və apardığı danışıqlar hadisələrin ardıcıllığını ortaya qoyur”. 

S.Hümbətov vurğulayıb ki, bundan sonrakı mərhələdə Ermənistan tərəfindən bu tipli açıqlamaların gəlməsi gözləniləndir:

“Əlbəttə, sülh danışıqları uzunmüddətli proseslərin nəticəsi olaraq baş tutur. Həmçinin, tərəflərdə güclü siyasi iradə və uzaqgörən siyasət də tələb edir. Azərbaycan buna hazır olması barədə dəfələrlə bəyanat verib. Azərbaycan qoyulan şərtlərin yerinə yetirilməsi qarşılığında qısa müddətdə proseslərin başlanmasına təkan verə bilər”.