Səfirlər əvəzlənirlər:“Diplomatiyamız daha güclü olacaq”

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olarq bir neçə ölkədəki səfirlərimiz geri çağırılıb və yeni kadrlarla əvəzlənib. Belə ki, Qalib Malik oğlu İsrafilov Azərbaycanın Avstriyadakı səfiri vəzifəsindən azad edilib. Onun yerinə Rövşən Nüsrət oğlu Sadıqbəyli təyin edilib. Qaley Əliyeviç Allahverdiyev Malayziyadan geri çağırılıb. Bundan sonra həmin vəzifəni İrfan Şakir oğlu Davudov yerinə yetirəcək. Tahir Tağızadə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Kamil Tacid oğlu Xasiyev Seribiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 Siyasi analitik Tural İsmayılov sözügedən kadr dəyişiklərini “Sherg.az”a dəyərləndirdi:

“Məlum olduğu kimi, ölkəmizdə kadr islahatları davamlı xarakter alıb. Qələbəmizdən sonra Qarabağın abadlaşdırılması və buranın turistik məkana çevrilməsi əsas hədəfimizdir. Qarabağda həm də region əhəmiyyətli layihələr həyata keçirilir. Belə bir zamanda bizim erməni lobbisinə qarşı dəqiq siyasi baxışlara malik və prezidentin siyasətinə cavab verən diplomatlara ehtiyacımız var. Beləliklə, erməni lobbisinə və Ermənistan istifadə edən beynəlxalq güclərə qarşı diplomatiyamız daha güclü olacaq”.