Ermənistandan Rusiyaya qarşı addım:“Ərazisinə əcnəbi qüvvələr...”

“Ermənistan daim üçüncü tərəfləri Ermənistan-Azərbaycan arasındakı sərhəd məsələlərinə cəlb etməyə çalışıb. 2020-ci ilin iyulunda iki ölkənin dövlət sərhədində törədilmiş təxribat da bu məqsədlərə xidmət edirdi. Dövlət sərhədində təxribatlar törətməklə Ermənistan eyni xətti inkişaf etdirməyə çalışır”.
Bu sözləri siyasi analitik Tural İsmayılov deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı: 

“Ermənistan tərəfindən açıq şəkildə iki ölkənin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlardan imtina edilir. İki ölkənin dövlət sərhədində gərginlik və təxribatlar törətməklə Ermənistan hər bir vəchlə delimitasiya məsələlərini arxa plana keçirməyə cəhd göstərir. Ermənistanın müəyyən xarici dairələr tərəfindən qızışdırılması halları da istisna deyil.

Nəzərə almaq lazımdır ki, Rusiyanın təşəbbüsü ilə Moskvada sərhəd məsələləri üzrə görüşlərin keçirildiyi ərəfədə iki ölkənin sərhədində bu təxribat baş verir.

Son dövrlərdə Fransanın Ermənistandakı səfirinin “Münaqişə hələ bitməyib, status məsələsinə baxılmalıdır” kimi bəyanatları Ermənistandakı revanşist qüvvələri yenidən cəsarətləndirir.

ABŞ-ın Ermənistandakı səfirinin iki ölkənin sərhədyanı ərazisinə səfərini, çox güman ki Ermənistanın siyasi-hərbi rəhbərliyi siyasi dəstək kimi qəbul edib. Nikol Paşinyanın seçkilərdən əvvəl bəyan etdiyi kimi, Ermənistan bu yollarla əcnəbi silahlı qüvvələri Ermənistan ərazisinə yerləşdirmək üçün zəmin yaradır. Bu isə həm də Rusiyaya qarşı addımdır”.