Azərbaycan təzyiq mexanizmlərini işə salmalıdır


Paşinyan vəzifəsinin icrasına başlayır, onun şərtləri də ağır olacaq

“Ermənistanda dünən parlamentin iclasında N.Paşinyanın Baş nazirliyə namizədliyi irəli sürüldü və Prezident Armen Sarkisyan tərəfindən sərəncam verilməklə baş nazir təyin olundu. Artıq N.Paşinyanın rəsmən ölkənin baş naziri olaraq qarşısında duran əsas vəzifə 10 noyabr və 11 yanvar razılaşmalarına əməl edib ölkəni blokadadan çıxarmaq, iqtisadi inkişafa nail olaraq Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməkdir. Lakin Paşinyanın buna tezliklə gedəcəyi görünmür”.

Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.  O bildirib ki, Nikol Paşinyan çalışacaq ki, ölkəsində Rusiyanın mövqelərini zəiflətsin:

“Həmçinin Azərbaycanla sərhəddə təxribatlara əl atacaq. Qarabağda separatizmə dəstək verərək status məsələsini ilkin şərt kimi ortaya qoyacaq. Ermənistandan tezliklə sülh müqaviləsinə və nəqliyyat əlaqələrinin bərpasına gedəcəyini gözləməməliyik. Çünki Rusiya da burada maraqlı deyil. Rusiya yalnız Azərbaycan onun orbitində yer almaqla mümkün razılaşmalara işıq yandıracağı mesajlarını verir. Ötən gün V.Jirinoviskinin Azərbaycana qarşı təhdidləri bu siyasətin tərkib hissəsidir.

Ermənistanla üçtərəfli imzalanan sənədlərin sənəd olaraq qalmaq ehtimalı var. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyasında da erməni tərəfi danışıqlarda maraqlı olmayacaq. Rusiya da Ermənistan və Azərbaycan münasibətlərinin normallaşmasına imkan verməyəcək. Xüsusilə 10 noyabr və 11 yanvar razılaşmalarının konkret olaraq Rusiyanın maraqları çərçivəsində kağız üzərində qalması mümkündür. Ona görə də Azərbaycan sərhəddə maksimum Ermənistana təzyiq etməli, Qarabağdakı erməni silahlı birləşmələrinə qarşı mümkün lokal əməliyyatlar həyata keçirməlidir”.

O qeyd edib ki, Nikol Paşinyan artıq baş nazir olaraq rəsmi vəzifəsinə başlayır və Azərbaycan Ermənistandan mümkün razılaşmalara əməl etməsini tələb etməlidir:

“Ermənistanın dövlət sərhədində təxribatlarına qarşı ciddi əks həmlə ilə sülhə məcburetmə əməliyyatları olmalıdır. Belə olmayacağı təqdirdə Azərbaycana mümkün şəkildə şərtlər irəli sürüb, Qərbin dəstəyi ilə vəziyyəti dəyişməyə cəhd edəcək. Amma buna nail olması mümkün görünmür. Rusiyanın mövqeyinə gəldikdə isə bundan sonra Ermənistan hakimiyyəti ilə Rusiya rəhbərliyi arasında problemlərin baş verməsi gözlənilir. Azərbaycan bu imkanlardan istifadə edib, Ermənistanı razılaşmalara əməl edilməsinə sövq edə bilər”.