Tehranın təkzibləri tutarlı deyil

İsrail tankerinə hücumda İranın adı hallanır

Məlum olduğu kimi İsrailin “Zodiac Maritime LTD” şirkətinin idarəçiliyində olan “Mercer Street” tankeri Oman sahillərində hücuma məruz qalıb. Tankerin atəşə tutulması nəticəsində Böyük Britaniya və Rumıniya vətəndaşı olan iki nəfər heyət üzvü həyatını itirib. İsrailin Baş naziri Naftali Bennet hücuma görə İranı suçlayıb. O, əllərində kəşfiyyat sübutlarının olduğunu deyib. İsrailin Xarici işlər naziri Yair Lapid də Oman sahillərində gəmiyə edilən hücumda İranı günahlandırıb və qəti cavab verilməsini istəyib:

“İran təkcə İsrailin problemi deyil, həm də bütün dünyaya zərər verən terrorçu bir ölkədir. Gəmiçilik fəaliyyətinin azadlığına təsir edən İran teroru qarşısında susmamalıyıq”. Böyük Britaniyanın Xarici işlər naziri Dominik Raab isə bildirib ki, “Mercer Street” tankerinə hücuma görə İrana cavab verilməsi üçün beynəlxalq tərəfdaşlarla müzakirələrə başlanılıb. Bildirilib ki, Oman sahillərindəki beynəlxalq sularda ticarət gəmisinə edilən hücum qanunsuz və qəddarcasınadır və hücumun İrandan gəldiyinə dair İngiltərənin məlumatı var. ABŞ dövlət katibi Entoni Blinken rezliklə İrana adekvat cavab veriləcəyini söyləyib. Blinkenin sözlərinə görə, Amerika əldə edilən məlumatlara əsaslanaraq iki nəfərin ölümü ilə nəticələnən hücumun İran tərəfindən təşkil olunduğuna şübhə etmir: “Tezliklə bu hücuma adekvat cavab veriləcəyinə söz verirəm”. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə isə sözügedən hücumla bağlı bütün ittihamları rədd edib. 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Şərq”ə deyib ki, İsrail tankerlərinə hücumla bağlı İranın adı ilk dəfə çəkilmir. Ekspertin sözlərinə görə, 2019-cu ildə Səudiyyə Ərəbistanına məxsus tankerin İran tərəfindən hücuma məruz qalması ilə bağlı məlumat yayılmışdı:

“O zaman da İran tərəfi bunu təkzib etdi. Amma sonradan təsdiq olundu ki, həqiqətən də tankeri vuran İran olub. Ümumiyyətlə, Ərəb körfəzində, Hörmüz boğazında İran tərəfinin öz sularına yaxın ərazilərdə bu tip hadisələri tez-tez törətməsi ilə bağlı xəbərlər yayılır. İranın riskə gedəcəyi istisna olunmur. Düzdür, ilk baxışda bu cür addım Tehran hökumətinə xeyir gətirmir. Çünki Vyanada İranla altılıq ölkələri arasında imzalanmış əhatəli razılaşma müqaviləsinin qüvvəyə minməsi gözlənilirdi. Belə məqamda İranın İsrail tankerini vurması ağlabatan görünməsə də, amma İran hakimiyyətinin daxilində müəyyən qüvvələr buna gedə bilərlər. Ola bilər, hansısa qüvvə daxildəki nüfuzunu göstərmək üçün belə bir addım atsın. Hər halda “od olmayan yerdən tüstü çıxmaz”. Bu cür təxribatlara görə, İranın PUA-ları sahəsinə sanksiya tətbiq olunmuşdu. Əgər iddia öz təsdiqini taparsa, İrana qarşı yeni sanksiyalar tətbiq ediləcək. Hətta Vyanada əldə edilmiş razılaşma sənədinin dayandırılması ehtimalı da az deyil”.

S.Soltanın fikrincə, İranın neft, gəmiçilik sənayesinə, ölkənin hərb sahəsinə yeni genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq edilə bilər:

“Belə təxribatlarda adətən İran İnqilab Keşikçilərinin adı hallanır. Bu qvardiya ABŞ tərəfindən terror təşkilatı siyahısına daxil edilib. Sonuncu hadisənin İran tərəfindən törədildiyi rəsmən isbatlanarsa, digər ölkələr də İran İnqilab Keşikçilərini terror qurumu kimi tanıyarlar. Bütün hallarda bu aksiya İranda hakimiyyətə qarşı tuşlanmış olaydır və istənilən halda Tehran hökuməti üçün ciddi fəsadları ola bilər”.