Avropa Birliyi Google-u cərimələdi - 1.49 milyard avro





Avropa Birliyi Google şirkətini yenidən cərimələyib.
Lent.az technote-a istinadən xəbər verir ki, bu dəfəki səbəb internet reklamı bazarında ədalətli rəqabət şərtlərinin pozulmasıdır.
Bu məsələdə təsadüfün olub-olmamasına baxmayaraq həmin gündə şirkət Android istifadəçiləri üçün yeni qaydaları təqdim edib. Avropa komissiyası (Avropa Birliyinin antimonopoliya orqanı) antimonopoliya qanunvericiliyinin pozulması məsələsinə baxışı yekunlaşdırıb və Google şirkətini 1.49 milyard avro (1.69 milyard dollar) dəyərində cərimələyib. Bu isə şirkətin keçən ilki gəlirinin 1.29%-dir. Bunun əsas səbəbi ədalətsiz rəqabət və digər rəqibləri məhdudlaşdıran AdSense servisi olub.
"Google şirkəti online reklam bazarında öz hegemon vəziyyətini bərkidərək və üçüncü saytlarla antirəqabət müqavilələr bağlayaraq özünü sağlam rəqabətdən qoruyub” – deyə Avropa komissiyası bildirib. Həmçinin məlumatda qeyd olunub ki, bütün bunlar son 10 il ərzində davam edib. Bütün bu müddət ərzində şirkət Avropa Birliyində və bütün dünyada internet reklamı bazarının inkişafını məhdudlaşdırıb. Qeyd etmək lazımdır ki, bu, Google şirkətinin Avropa Birliyi tərəfindən üçüncü cəriməsidir. Bir neçə il ərzində Google şirkəti axtarış sistemləri bazarındakı vəziyyətinin sui-istifadəsinə görə 2.7 milyard dollar və Android smartfonlarda öncədən quraşdırılmış tətbiqlərin məhdudlaşdırılmasına görə 5 milyard dollar dəyərində cərimə əldə edib.
Google şirkətinin hüquq məsələləri üzrə baş vitse-prezidenti Kent Walker məsələ ilə bağlı bəyanat verib və bildirib ki, şirkət yaxın zamanda Avropadakı Android istifadəçilərinə seçim imkanı verəcək. Belə ki, istifadəçilər rəqiblərin alternativ tətbiqlərini, servislərini və o cümlədən axtarış sistemlərini və brauzerləini seçə biləcəklər. "Android əməliyyat sistemli smartfonlarda siz istənilən zaman smartfonun satışa çıxmasından öncə ona quraşdırılmış standart axtarış sistemini və brauzerini digər alternativə dəyişə biləcəksiniz” – deyə Kent Walker bildirib. Yəni seçim imkanı təkcə yeni smartfon istifadəçilərində deyil həm də bütün Android istifadəçilərinə aid ediləcək. Bu yeni qaydaların nə zaman qüvvəyə minəcəyi barəsində heç bir məlumat yoxdur. Lakin bunun yaxın bir neçə ay ərzində baş verəcəyi dəqiqdir.