Sərxan Carçının yeni kitabı: “Türk İslam sevdalı Azərbaycan Bayrağı”-Foto


“CARÇI” Araşdırma Mərkəzinin rəhbəri, araşdırmaçı-jurnalist Sərxan Carçının “Türk İslam sevdalı Azərbaycan Bayrağı” adlı yeni kitabı çap olunub.
"Sherg.az" xəbər verir ki, tədqiqatçının qələmə aldığı əsərdə bayraq ətrafında baş verən tarixi proseslər ətraflı araşdırılıb. Kitabda üçrəngli bayrağımızın keçdiyi tarixi yolu əks etdirən maraqlı məlumatlar və tarixi fotolar toplanılıb. Həmçinin, milli bayrağımızın daima dalğalanması üçün özlərini fəda edənlərdən bəhs olunub. 



Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Gözəlovadır. Əsərin ön sözündə vurğulanıb ki, 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra dövlətçiliyimizin atributları yenidən bərpa olunub. Müəllif sadəcə Azərbaycan Xalq Cümhuriyyəti dövründən yox, AXC-nin süqutundan sonra sovet işğalı və mühacirət dövründə də bayrağımızın xalqın yaddaşında necə qorunduğu haqda geniş məlumat verib. Gənc tədqiqatçıların maraqlı məqalələrinə də yer verilib. Heç şübhəsiz, bu araşdırma gənclərdə vətənpərvərlik hisslərinin yüksəlməsinə və onların maariflənməsinə xidmət göstərəcək. 

Xatırladaq ki, Sərxan Carçı “Cümhuriyyət Xilaskarları-Əmanət məzarlar” və “Bir kəndin repressiyası” adlı kitabların müəllifidir.