Tanınmış yazıçı Murad Köhnəqalanın uşaqlar üçün yazdığı “Amurun hekayələri” adlı yeni nəsr kitabı çap olunub. Kitab Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görüb. Müəllifin bildirdiyinə görə “Amurun hekayələri” təkcə azyaşlıların deyil, eyni zamanda yeniyetmə və gənclərin də maraqla oxuyacağı bir kitabdır. Kitaba, müəllifin rəngli povest adlandırdığı “Bulud pinəçisi” və yeddi modern-alleqorik hekayə daxildir.
Yeni kitabı haqqında fikirlərini bölüşən Murad Köhnəqala "Sherg.az"a bunları dedi:
“Hazırda Azərbaycanda nəşr edilən uşaq ədəbiyyatı nümunələrinin böyük əksəriyyəti əsasən, bağça yaşlı uşaqları əyləndirməyə hesablanan bəzəkli və bahalı oyuncağa bənzər kitablardı.
Bu cür kitablar, adətən, uşağa hansısa tərbiyəvi mesaj ötürmək gücündə olmayan söz yığınından, siçan-pişik şəkilləri və şeirciklərindən ibarət olur. Yəni, bu tip məhsullar uşaqların mənəvi dünyasına yox, böyüklərin kommersiya maraqlarına xidmət etdiyindən uşaqlar əsl uşaq ədəbiyyatından bixəbər böyüyürlər.
Yadımdadı, Sovet dövründə də uşaq ədəbiyyatı ilə bağlı müəyyən zərərli ənənələr var idi. Məsələn, böyüklər üçün yazdıqlarında uğur qazana bilməyənlər uşaq ədəbiyyatına cumurdular. Halbuki ədəbiyyatın bu sahəsi çox ciddi, hətta deyərdim ki, strateji bir sahədir.Odur ki, dünya ədəbiyyatının ən nüfuzlu imzaları, o boyda Tolstoy, Mark Tven, Ekzüperi, Astrid Lindqren, Ceyms Qrinvud, Hans Xristian Anderson, özümüzünkülərdən Abdulla Şaiq, Mir Cəlal, Məstan Günər uşaq ədəbiyyatı yaratmaqla məşğul olublar. İnanıram ki, çağdaş dünya nəsri ilə səsləşən bu kitabımDisney dövrü uşaqlarının düşüncə və fantaziyasınıngəlişməsində, onların bədii - estetik zövqünün formalaşmasında mühüm rol oynayacaqdır”.