Bu il modern Azərbaycan poeziyasının ən böyük sürreal-dadaist şairinin – Emil Rasimoğlunun 30 illik yubileyidir. Emil Rasimoğlu 30 illik yubileyinə kitabsız gəlsə də, imzasını Azərbaycan ədəbiyyatının yazısız sütunlarından birinə qızıl hərflərlə həkk etdirib.
Emil Rasimoğlu bu vaxta qədər Prezident təqaüdünə layiq görülüb. Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətində təmsil olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şeirləri xarici dillərə tərcümə olunub. Amma onun yerinə istedadsızların kitabları dövlət hesabına xaricdə çap olunanda adam öz odunda necə tutuşmasın?! Tərcümə Mərkəzi onun şeirlərini də modern Azərbaycan ədəbiyyatı seriyası ilə xarici dillərə tərcümə edə bilər. Hələ ki, eləməyib. Yazıçılar Birliyi də bu yöndə anoloji addımlar atmaq iqtidarındadır. Amma başı özlərinin təbliğatına qarışıb. Mədəniyyət Nazirliyi də müəyyən mükafatlar verə bilər, hələ ki, səs-soraq yoxdur.
Emil Rasimoğlu bu vaxta qədər imkansızlığa görə şeirlərini kitab şəklində çap etdirə bilməyib. İstəsə başqaları kimi əyilib, quyruq bulayıb, kiminsə paçasının arasından keçib kitabını yayımlatdırardı. Amma bunları düşünmək heç ağlının ucundan da keçmədi. Çünki o modern ədəbiyyatımızın 2-3 əyilməzlərindəndir.
Onun yaradıcılığı haqqında daha geniş təhlil yazacağam. Bircə onu demək istəyirəm ki, misralarından öpürəm! Yaxşı ki, varsan! Yaxşı ki, Azərbaycan ədəbiyyatından Emil Rasimoğlu imzası keçir. Sənin də qədrini bu ölkə “öldürəndən” sonra biləcək… Nə yazıq ki, belə olacaq. Amma yolunda büdrəmə…
Sən məndən də, “mənəm” deyənlərdən də çooox böyük şairsən! Qələminin görünməyən tərəflərinə bələdəm. Sən alın yazını özün yazan şairlərdənsən, Emil kişi! Azərbaycan oxucusu səni hələ anlayacaq yaşda, başda və boyda deyil. Ona görə də iki-üç gözüqıpıq oxucu üçün yazmaqdan yorulma… Mən bunu bacarmadım, soyudum, uzaqlaşdım…
Bacarırsansa, sən uzaqlaşma… Sənin qiymətini şeir-sənət qatilləri, başının üstəki ağsaçlı əli baltalılar yox, tarixin ədəbiyyat sütununa həkk etdiyin imzanı yüzillər sonra görən nəsillər verəcək!
Sözünün boyu kiçilməsin, poetik mətnlərində kor hədəflərin snayperi…Nişangahında həmişə kor obrazlar, korşalmış və unudulmuş sürreal naturalar olsun! 30 yaşın qutlu olsun, BƏY!
P.S: Bunları başqası yazmayacaqdı deyə özüm yazası oldum, bağışla…
Tural Turan
Şair-publisist,
Prezident təqaüdçüsü,
Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü