Türkçülük kodlarını poetik müstəviyə qaldıran şair, 60-ın MÜBARƏK! 

Bu günlərdə tanınmış şair Elxan Zalın 60 illik yubileyi olacaq. O, 26 İyun 1961-ci ildə Tovuzun Qaraxanlı kəndində doğulub. 1983-cü ildə Azərbaycan Politexnik İnstitutunun “Mexanika” fakültəsini bitirib. “Türk əsrinin türküləri”, “Tarqovı peyzajı” adlı şeir kitabları nəşr edilib. Mahmud Kaşqari adına Uluslararası Fondun sədri, AYB Tərcümə Mərkəzinin nəşri olan “Ulu Çinar” dərgisinin baş redaktorudur. Qazaxıstan Respublikasının ədəbiyyat üzrə beynəlxalq “Alaş” mükafatı və Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin “Qızıl Kəlmə” mükafatları laureatıdır. Əsərləri bir çox xarici dillərə tərcümə edilib.


 Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Sherg.az”a açıqlamasında şairi belə təbrik etdi: 

“Elxan Zal orijinal şeirləri, fərdi üslubu, dəst-xətti ilə seçilir. Onun türkçülük ideologiyasının təbliğində mühüm rolu var. Həmçinin ədibin türk dünyası ölkələri ilə əlaqələri də təqdirəlayiqdir. Bu mənada müasir Azərbaycan ədəbiyyatında xüsusi rolu olan Elxan Zalı təbrik edir, ona yeni yaradıcılıq uğurları arzu edirəm”.

Azərbaycan Yazıçılar Birliyinin gənclər şurasının üzvü Tural Turan isə bunları dedi: 

“Elxan Zal Azərbaycan ədəbiyyatşünaslığında, eləcə də ümumtürk ədəbiyyatı qarşısında xüsusi xidmətləri olan adamdır. Mahmud Kaşqari adına Uluslararası Fondun sədri kimi də ümumtürk ədəbiyyatı qarşısında danılmaz fəaliyyət ortaya qoyub. Elxan bəy türk əsrinin - yüzilinin cəfakeş türklərindəndir. Elxan Zalın türk dünyası qarşısındakı ədəbi-ictimai fəaliyyəti danılmazdır. O, həm də mifik-psixoloji şeirlərində türk ruhunun kodlarını, çalarlarını çox ustalıqla poetik müstəviyə qaldıra bilib. “Türk əsrinin türküləri” şeirlər kitabında bunu aydın görmək mümkündür. Elxan bəyi 60 illik yubileyi münasibəti ilə təbrik edirəm! Tanrı dağlarında ocaq çatsın!”.