“Klassikləri daşlaşmış bir varlıq kimi təsvir və təsəvvür etmək olmaz”
“Ancaq realizasiya ilə bağlı problemlər var”
“Müasirliyi qəhvə ilə eyniləşdirmək… Bir az yersizdir. Alınmayıb. Daha yaradıcı olmaq olardı"
Əbu Turxan deyir: “Keçmiş ya ancaq salnamələrdə, yaddaşlarda qalıb tarixə daxil olur, ya da indinin strukturuna daxil olmaqla yaşamaqda davam edir”.
Elə indi də bu tendensiya özünü qoruyub saxlayır.
İnstaqram səhifəsində "Əli və Nino" kitab evinin klassiklərimizi müasir dövrdə əks etdirən fotoları sosial şəbəkədə gündəmə düşüb.
Gənc rəssamın gözündən Azərbaycan klassiklərinin müasir tərzdə təsviri bəzi istifadəçilərin tənqidinə, bəzilərinin isə alqışına səbəb olub.
"Əli və Nino" kitab evinin yaydığı məlumata görə, fotoların əsas ideyası "Klassiklərimiz həmişə yaşayır!" olan bu yaradıcı nünunələr müasir dövrdə klassik yazarların daima öz aktuallığını qoruyub saxladığını, həyatın hər anında insanların yanında olduğunu ifadə edir.
Foto ilə bağlı fikirlərini "Sherg.az”la bölüşən yazıçı Qan Turalı qeyd edib ki, ideya yaxşı olsa da, rəssam təsvirə daha yaradıcı yanaşa bilərdi:
"İdeya gözəldir, klassikləri daşlaşmış bir varlıq kimi təsvir və təsəvvür etmək olmaz. Ancaq realizasiya ilə bağlı problemlər var. Müasirliyi qəhvə ilə eyniləşdirmək… Bir az yersizdir. Alınmayıb. Daha yaradıcı olmaq olardı".
Jurnalistlərdən də İnstaqram səhifəsində fotoya münasibət bildirənlər olub.
Jurnalist Pərviz Hüseyn : "Hamısı çox "cool"dur".
Jurnalist Elvin Elxan: "Burada tənqid olunası nə var? Hər kəs özünə əl qatıb, dəyərlər elə, belə və s. Əla layihədir!"
Şərqin sorğusuna rəy bildirən vətəndaşlar fərqli fikirlər irəli sürüblər.
Adilə Həmzəyeva: "Azərbaycanın görkəmli şəxsiyyətlərini tanımayan insanlar var. Mirzə Ələkbər Sabir barədə məlumatı olmayan, amma bu fotonu qınayan şəxs belə özü də bilmədən klassikimizi tanıyır. Hörmətsizlik həmin şəxsiyyətləri tanımamaq, onların nələri yaratdığını bilməyəndə olur."
Leyla Qurbanova: "Onların həmişəyaşarlığını dərsliklərə salınan əsərlə elə, yaxud da haqqında keçirilən ədəbiyyat gecəsi ilə göstərmək olar. Belə karikaturalar heç kimə lazım deyil"
Sabir Hacızadə: "Dahi yazıçılarımızın müasir dövrə uyğunlaşdırılması, həqiqətən də gözəl ideya olub. Belə şəxsiyyətlər bizim dövrdə yaşaydı necə olardı?! - sualı üstündə düşünməyə insanları vadar edir. "Keçmişdə yazılan yazıları, şeirləri indiki gəncliyə müəyyən realistik fikirlər verirsə, indi yaşayıb yaratsaydılar nələr-nələr aşılayardılar." kimi fikirlərin yaranmasına səbəb ola biləcək rəsm əsərlərindəndir".
Vüsalə Babaşova: " Əladır, şəxsən mən bəyəndim. Fotonu hörmətsizlik kimi qəbul etmək doğru deyil. Çünki bu şəkillərdə onların ideologiyalarını, dini məzhəblərini aşağılayacaq heç nə görmədim".
Qeyd edək ki, "Sherg.az" olaraq "Əli və Nino" kitab evinə fotoların kimin əl işi olduğunu öyrənmək üçün müraciət etdik. Lakin gənc rəssamın kim olduğu barədə məlumat vermədilər:
"Açıqlaya bilmirik, diqqətinizə görə təşəkkür edirik".