“Ümumiyyətlə yazıçının, şairin küçədə kitab satmasını təqdir etmirəm”
“Kimisi maddiyyata, kimisi isə reklama görə edir”
“Ayaqqabını, meyvəni, hansısa şirniyyatı, suyu, ayranı, bir sözlə maddi nemətləri küçədə satmaq olar. Amma mənəvi nemət sayılan kitabı səyyar satmaq qeyri-məqbuldur”
“Ən kritik məqamda belə kitabımı küçədə satmağı nə özümə, nə də sözümə rəva görürəm”
Son zamanlar qələm əhli arasında səyyar kitab satışı tendensiyaya çevrilib. Xatırladaq ki, bu aksiyanı yazıçı Kəramət Böyükçöl başladıb. O, kitablarını parkda, yaxud da müxtəlif yerlərdə satır. Bunun elanını Feysbuk profilində verərək oxucu kütləsini genişləndirməyə çalışır. K.Böyükçölün həmkarları da ona qoşulublar. Məsələn, Aysel Əlizadə kitablarını özü bazarlayır. Oxucuları kitabı birbaşa müəllifindən alırlar.
Mövzu haqda “Sherg.az”a danışan tanınmış ədəbi tənqidçi Əsəd Cahangir bu kitab satışının yazıçıların öz seçimi olduğunu söyləyib:
“Deyəcəyim sözlərlə onların hərəkətlərini qınamıram. Ümumiyyətlə yazıçının, şairin küçədə kitab satmasını təqdir etmirəm. Kimisi maddiyyata, kimisi isə reklama görə edir. Hesab edirəm ki, ayaqqabını, meyvəni, hansısa şirniyyatı, suyu, ayranı, bir sözlə maddi nemətləri küçədə satmaq olar. Amma mənəvi nemət sayılan kitabı səyyar satmaq qeyri-məqbuldur. Ən kritik məqamda belə kitabımı küçədə satmağı nə özümə, nə də sözümə rəva görürəm. Fikrimcə, müasir şəraitdə hər bir insan minumum şərtlərə cavab verəcək şəkildə öz məişətini, güzaranını qura bilər. Fəqət, küçədə fərdi qaydada kitab satışına ehtiyac görmürəm. Məncə, bu madiyyatdan daha çox, diqqət çəkmək, gözə görünmək, auditoriyanın nəzərini öz üzərinə yönəltmək məqsədi daşıyır. Təkrar edirəm, sözlərimi kiməsə ünvanlamıram, onların öz seçimləridir. Qələm yoldaşlarımı, dostlarımı varlı, xoşbəxt, məişəti təmin edilmiş şəkildə görmək istəyirəm. Onları kitab satmaq üçün küçələrə çıxmamağa səsləyirəm”.
Ə.Cahangirin sözlərinə görə, müasir dövrdə kitabların satılmamasının bir neçə səbəbi var:
“ Onlardan biri hamının kitab satmaq imkanına malik olmasıdır. Sovet dövründə yalnız bir kanal var idi, hər kəs istər-istəməz onu izləyirdi. Bir-iki nəşriyyat kitab çap edirdi.
Bunlar da müəyyən sayda nəşr olunurdu. Hər yeni çıxan kitabı hamı alıb oxuyurdu. Çünki başqa versiya, variant, seçim imkanı yox idi. Hazırda bir çox kanal, qəzet olduğu kimi, kitab nəşriyyatları da var.
Beləliklə, istedadlı-istedadsız fərq etmədən, professional qeydiyyatdan keçmədən pul verib kitab çap etdirirlər. Kitab bolluğu yaranır, oxucu da çaşbaş qalır. İstedadlı adamların da kitabları çoxsaylı istedadsızın “kitab dənizində” itib-batır. Yamanların oduna yaxşılar da yanır.
Bəzən istedadsız müəyyən təşkilata arxalanaraq, PR üsullarına əl ataraq öz ktiablarını müxtəlif yollarla reklam edib populyar olur. Yazıçılarımız istedadsızdır, onların kitabları oxunmağa layiq deyil, yaxud da mütaliə olunmur kimi fikirlərlə razı deyiləm. Yalnız zahirən belə görünür. Söylədiyim amillərlə əlaqəli yaxşı kitablar pislərin içərisində qeyb olur.
Azərbaycan əhalisi sayca çox deyil ki, hərə öz seçimini etsin, istənilən səviyyədə, məzmunda olan kitabların hamısı alınıb oxusun. Bu üzdən kitab bazarı digər ölkələrə nisbətən bizdə kasaddır. Sovet dövründə kitablar ciddi redaktədən keçirdi, orfoqrafiq xətalardan təmizlənirdi, bədii səviyyədə üzə çıxırdı.
Bəzən görürsünüz ki, nəinki redaktə, korrektə olunmamış kitab tələsik çap olunur. Oxucu da hərf səhvlərini görəndə oxumaq istəmir. Buna da göz yummaq olmaz”.