Aqşin Yenisey:“Kitab kimi, kino kimi dünyaya milyonlar qazandıran sənət janrları Azərbaycanda küçələrdə tüfeyli həyat yaşayır”
“Türkiyədən baxanda, ümumiyyətlə, müasir Azərbaycan ədəbiyyatı, mədəniyyəti deyə bir şey görünmür”
“Bu gün ingilis, alman, fransız, ən pis halda, rus dili azərbaycanlının gələcək taleyini müəyyənləşdirir. Nəyin hesabına? Bilginin, məlumatın hesabına”
“Müharibə, ümidsizlik, ac qalmaq qorxusu iti belə müdrikləşdirir, dramatikləşdirir”
“Ağıllı türklər bizi nöyüt satıb kababa xərcləyən bir toplum kimi görürlər”
“Azərbaycan ədəbiyyatı son dəfə Rafiq Tağı canını tapşıranda canlanıb”
Bu dəfəki müsahibimiz Türkiyədə yaşayan tanınmış şair-publisist Aqşin Yeniseydir. Şairlə 44 günlük Vətən savaşı, qazandığımız Zəfərin ədəbiyyatda əks olunması, son zamanlar ədəbiyyatımızda baş verən proseslər, Azərbaycan və Türkiyə ədəbiyyatı arasında analoji və differensial məsələlər ətrafında fikir mübadiləsi apardıq.
“Sherg.az” müsahibəni təqdim edir:
- Torpaqlarımız işğaldan azad edildi. Hətta yazıçıların bir qisminin Şuşaya səfəri baş tutdu. Necə düşünürsüz, zəfərimizlə bağlı dünya ilə dialoqa girəcək bir əsər yazıldımı?
-Bu cür əsərin və ya əsərlərin yazılması vaxt, pul və zəhmət tələb edən məsələdir. Homer Troya müharibəsi haqqında yazanda bu müharibənin üstündən təxminən üç yüz il vaxt keçmişdi. Yaxud Tolstoy “Hərb və Sülh” romanını yazarkən fayton tutub Borodino çölünə baxmağa gedəndə bu döyüşün baş verdiyi günlərdən 57 il ötmüşdü. Ola bilsin ki, gözdən tük qapan bəzi yazarlarımızın artıq əlinin altında hazır “əsərlər” var. Amma bu cür tarixi hadisələr bədii-estetik dəyər qazanmaq üçün zaman tərəfindən mütləq zorlanmalı, əhliləşdirilməlidir. İş boş pafosa qalsa, hər həftə milli bir “Hərb və Sülh” yazmaq olar.
-Bəzən belə bir fikirlər səsləndirilir ki, yazıçıların Şuşaya səfəri sadəcə epizodik xarakter daşıdı. Yəni səfər Şuşaya getmək, şəkil çəkdirib sosial şəbəkələrə qoymaqla sonlandı. Sizcə də belədirmi?
-Bu cür mədəni mühiti əhatə edən inzibati tədbirlər daha çox cəmiyyət həyatının canlandırılması baxımından vacibdir. Amma protokol qaydalarından sənət əsəri gözləmək sadəlövhlük olardı. Belə səfərlərin ən əhəmiyyətli tərəfi o yerlər haqqında əsər yazacaq olan şair və yazıçıların yazacaqları coğrafiyanı, orada baş verənləri yaxından görmələridir. Məsələn, Şərif Ağayarın Laçından yazdığı reportajda bir epizod var idi: dağılmış kənddə sahibsiz qalmış itə çörək atırlar, it ilk çörək qırığını aparıb gizləyir və yenidən çörək dalınca gəlir. Müharibə, ümidsizlik, ac qalmaq qorxusu iti belə müdrikləşdirir, dramatikləşdirir. Bu cür amansız səhnəni təxəyyül gücünə uydurmaq olmaz, onu ancaq həyatdan əkişdirmək olar. Yaxud Herman Hesse psixiatr dostu və həkimi Yunqun məsləhəti ilə 1910-1914-cü illər arasında Hindistanda səfərdə oldu. Məşhur “Siddhartha” romanını da Hindistan mədəniyyətini, mistikasını yaxından və şəxsən tanımağın nəticəsi olaraq yazdı. Bizim nisbətən yaşlı yazıçılar sovet vaxtı roman yazmaq üçün Yessentukiyə gedirdilər, indi də Qax rayonuna filana gedirlər. Nəticədə ortaya min tirajlarla çap olunan söz yığını çıxır. Düzdür, mütləq deyil ki, roman yazmaq üçün səyyah olmaq lazımdır. Amma Qarabağdan, Şuşadan əsər yazanlar o torpaqları mütləq ziyarət etməlidirlər.
-Maraqlıdır, özünüz Qarabağın azad olunması ilə bağlı roman yazmağı düşünürsüz?
-İnanmıram ki, bu mövzuda mənə növbə çatsın. Sənət adamı gərək siyasətin, cəmiyyətin mövzuları ilə öz mövzuları arasında keçilməz bir uçurum yarada bilsin. Əsər həm də şəxsə aid olan mənəvi, intellektual ehtiyacdan yaranmalıdır. Azərbaycan ədəbiyyatı öz oxucusuna buna görə alternativ ideyalar verə bilmir. Çünki ədəbiyyatımız, sadəcə, həyatı kopyalayır. Ona görə də haqlı olaraq oxunmur. Nə qədər mübahisəli səslənsə də, deyim ki, bu gün dilimiz ədəbiyyatımızda ölür.
-Məsələn...
-Məni bu cür gələcəyimizə aid məsələlər daha çox maraqlandırır. İngilis filoloq Devid Kristalın artıq təsdiqlənmiş proqnozuna görə, daha yaxşı ixtisaslara yiyələnib daha yaxşı yaşamaları üçün valideynlər övladlarına pul qazandıran dilləri öyrədəcəklər. Beləliklə, gec-tez "ana dili” kimi məşhur anlayış öz əhəmiyyətini itirəcək. Dil "çörəyə” qurban veriləcək. Yaxın gələcəkdə heç bir şair öz ana dilini öz xalqına sevdirə bilməyəcək. Dilimiz məlumat, bilgi dili olmadığı üçün çörəyimiz başqa dillərdən çıxacaq. Artıq bu proses başlayıb. Biz millət olaraq artıq öz dilimizdə "ölürük”. Gələcək nəsil artıq indidən öz ana dilinə cəfəngiyyat kimi baxır. Bu gün ingilis, alman, fransız, ən pis halda, rus dili azərbaycanlının gələcək taleyini müəyyənləşdirir. Nəyin hesabına? Bilginin, məlumatın hesabına. Orta əsrlərin mətnlərini araşdıran Umberto Eko "Gündəlik həyatdan sənətə” kitabında yazır ki, Orta əsrlərin alimləri belə düşünürdülər ki, onlar özlərindən heç nə yarada bilməzlər. Hər şeyi Avqustin, Aristotel kimi nəhənglər deyiblər. Onların işi sələflərinin yaratdıqlarını təqdir və təbliğ etməkdir. Ekonun Orta əsrlər düşüncəsi dediyi bu köhnəpərəstlik bu gün bizim mədəniyyətin lokomotivdir. Yazıb-oxumağı bacaran, az qala, hər kəs yeni olanın qənimidir. Hakim fikir budur ki, kimsə özündən Amerika icad edə bilməz, hər şey bizə qədər deyilib, biz, sadəcə, yazılanları təkrar etməli, şairimiz demiş, "tozunu almalıyıq". Toz alanlar başımızın tacıdır! Mədəniyyət yalnız keçmişdə təsəvvür etmək gələcəyin bütün Azərbaycanını itirmək deməkdir.
1951-ci ildən bəri yayımlanan və hər dörd ildən bir yeni hesabat hazırlayan "Ethnologue, Languages of the World”ün son hesabatına görə, bu gün dünyada 7099 dil var (www.ethnologue.com), ancaq bir çox dil alimi hesab edir ki, təxminən, 2500 dil gələn əsrə keçə bilməyəcək. İngilis filoloq Devid Kristalın proqnozları daha vahiməlidir: Kristala görə, önümüzdəki əsrdə bu gün dünyada var olan dillərin yarısı öləcək, bu da orta hesabla hər iki həftədə bir dilin ölməsi deməkdir. Nə qədər kədərli olsa da, bu gün özümüz üçün bu suala cavab axtaramalıyıq: Kristalın dediyi kimi, gələn əsrdə iki həftədən bir ölən dillərdən biri də bizim dilimiz ola bilərmi? Demək istədiyim odur ki, ədəbiyyatımızın qarşısında daha tarixi problemlər var.
- Qarabağda yaşayıb orada çalışmaq istərdinizmi?
- Belə bir arzum yoxdur. Şəki, Təbriz, Cəlilabad, Bakı mənim üçün hansı dəyərə sahibdirsə, Şuşa, Xankəndi, Ağdam da o dəyərə sahibdir.
-Uzun müddətdir ki, Türkiyədə yaşayıb-yaradırsınız. Yəqin ki, ədəbi mühitlərin müqayisəsini aparmısınız...
-Bizi Türkiyədə bu gün daha çox 44 günlük Qarabağ müharibəsindəki igidliyimizlə yad edirlər. Ədəbiyyata, mədəniyyətə gəlincə, Türkiyədən baxanda, ümumiyyətlə, müasir Azərbaycan ədəbiyyatı, mədəniyyəti deyə bir şey görünmür. Ankaranın kitab dükanlarında bircə dənə də olsun Azərbaycan yazıçı və şairlərinin kitabları yoxdur. Bu, o demək deyil ki, yazarlarımızın və əsərlərimizin səviyyəsi aşağıdır. Sadəcə, bu gün Azərbaycanın özündə də mədəniyyət, ədəbiyyat canlı həyatda iştirak etmir. Ağıllı türklər bizi nöyüt satıb kababa xərcləyən bir toplum kimi görürlər. Heç bir türk oxucu hansısa müasir Azərbaycan şairinin, yaxud yazıçısının əsərini axtarmır. Niyə? Çünki öz cəmiyyətimizdə də onların ünvanı yoxdur. O gün bir tərcüməçi dostumuz gürcülərin gənc bir gürcü müəllifin Azərbaycan dilinə tərcümə edilməsi üçün işlədiyi nəşriyyata pul ödədiyini yazmışdı. Sonra o kitabın adı Buker mükafatına təqdim olunan əsərlərin arasında peyda oldu. Gürcü kimi kasıb bir xalq dünyaya çıxmaq üçün olan-qalan pulunu mədəniyyətə, ədəbiyyata xərcləyir, bizdə isə keçən il pandemiya başlayanda pula qənaət etmək üçün birinci məni işdən çıxardılar.
-Son illər ədəbiyyatımıza yeni gənclər gəlib, təzə nəfəslər duyulur. Ədəbi mühitimizdə canlanma varmı?
-Sənətdə “canlanma” deyə bir şey olmur. Sənət sükunətdə yaranır, sükunətdə sevilir, sükunətdə də unudulur. O “canlama” deyilən şey kolxoz quruculuğu illərindən qalma bir gəvəzəlikdir. Hanı indi o “canlanma” yaradan əsərlər? Azərbaycan ədəbiyyatı son dəfə Rafiq Tağı canını tapşıranda canlanıb. Əsl sənət canlanmasına aid bir misal deyim.
-Buyurun...
-1917-ci ildə bir qrup fransız rəssam "Azad sənətçilər” adlı bir təşkilat yaratdılar və "Rədd olsun münsiflər, rədd olsun mükafatlar” adlı bir sərgi təşkil etdilər. Bütün ailə üzvləri sənət adamı olan Düşamp da onların arasında idi. Düşamp nə etdi? Evlərinin yaxınlığında məişət əşyaları satılan dükandan bir unitaz aldı, üstünə öz imzasını çəkib sərgiyə yolladı. "Əsərinin” də adını "Bulaq” qoydu. Əllərinə keçən, gözlərinə görünən hər şeydə fikir, düşüncə axtaran sərgi sahibləri, əlbəttə, belə bir şey gözləmədiklərindən Düşampın unitazını sənət əsəri kimi qəbul etmədilər. Çünki Düşamp lap ağ eləmişdi! Düşamp axmaq deyildi, o deyirdi ki, sənət beyinin bizim iradəmizə sifariş verdiyi məhsullardır. Beyin hansı tablonu görmək istəyirsə, rəssama onu çəkdirir, hansı romanı oxumaq istəyirsə, yazıçıya o romanı yazdırır, hansı melodiyaya qulaq asmaq istəyirsə, bəstəkara onu bəstələtdirir. Sənətçi öz beyninin qulluqçusudur. "Mən beynimə öz iradəmin əsərini təqdim edirəm, bu unitazdır!” Düşamp və tərəfdarları iddia edirdilər ki, faydasızlığını elan etmiş hər bir şey sənət əsəridir. Biz sənətdən fayda umuruq, bu düşüncə kommunist ideologiyasından yoluxub bizə. Kommunizm sənəti istismar edirdi, onunla kapitalizmin meyarları ilə davranırdı. Düşamp isə sənətdə nəinki fayda, hətta estetika və gözəllik anlayışını da inkar edirdi: "Bulaq” (unitaz) əsərimi sərgiyə göndərməklə məqsədim gözəlliyi, yaxud eybəcərliyi ilə diqqətimi çəkməyən bir obyekt seçmək idi. Yəni sənət əsəri deyib baxdığımda bir-birimizə dəxlimizin olmadığı bir şeyi tapmaq!” Düşampa görə, sənət universaldır, onun öz müəllifinə və tamaşaçısına heç bir dəxli yoxdur. Biz olmasaq belə, sənət özü-özünü yaradacaq və yaşadacaq. Düşamp, "Sənəti sənətçinin özündən başqa heç kim qiymətlədirə bilməz” deyəndə artıq biz tərəfdə sovet hökuməti qurulmuşdu və Kommunist partiyası bir ucdan sağ qalmaq üçün bir-birini satan sənətçilərə fəxri adlar paylayırdı. Sənətdə canlanma Düşampın sənət haqqında fikirləridir. Necə ki, ölümündən otuz il sonra onun "unitazı” "XX əsrin ən təsirli əsəri” seçildi.
-Bu gün yazıçı və şairlərimizin əksəriyyərti kitablarını səyyar şəkildə satışa çıxarır...
-Bu, milli biabırçılıqdır. Elitamız neft elitasıdır. Neftxuda kafalıdır. Kitabla, mədəniyyətlə heç bir ünsiyyəti yoxdur. Bir dəfə Həmid Herisçi dedi ki, ana südü pula gedən bir şey olsaydı, çoxdan Azərbaycanda onun zavodunu açardılar. Elitamız mədəniyyətdən, sənətdən pul qazanmağın yollarını bilmir. Ona görə kitab kimi, kino kimi dünyaya milyonlar qazandıran sənət janrları Azərbaycanda küçələrdə tüfeyli həyat yaşayır.
-Türk yazıçı və şairləri ilə bizimkilər arasında nə kimi fərqlər var?
-Yazıçı və şairlərimiz arasında bir o qədər fərq yoxdur, cəmiyyətlərimizin, elitalarımızın, dəyərlərimizin hazırkı durumunda fərq var...
Söhbətləşdi: Yeganə Bayramova