“Özümü belə yerlərdə görmürəm. Məkanın adındakı “Saray” sözü məni narahat edir”
Oktyabrın 1-i Bakı idman Sarayında ( Əl oyunları sarayı) Bakı Milli Kitab Satış-Sərgisinin açılışı olub. Sərgidə 20-yə yaxın nəşriyyat iştirak edəcək, bununla yanaşı 50 mindən artıq kitab bazarlanacaq. Həmçinin sərgi çərçivəsində tanınmış şair və yazıçıların imza günləri, master-klasslar, poeziya saatları, görüşlər və müxtəlif panellər nəzərdə tutulub.
Xatırladaq ki, sərgi oktyabrın 10-a qədər davam edəcək.
Sərgidə kitablarını satışa çıxaran yazarlardan biri Kəramət Böyükçöl “Sherg.az”a açıqlamasında açılışa xeyli oxucunun gəldiyini söyləyib:
“Təsəvvür etdiyimdən də çox adam var idi. Yazarlar öz kitablarını bazarlayırlar, onlardan biri də mənəm. Düzü, mən küçədə kitablarımı satmışam. Ona görə özümü belə yerlərdə görmürəm. Bilirsiniz ki, sərgi Bakı İdman Sarayında keçirilir. Məkanın adındakı “Saray” sözü məni narahat edir. Gedib küçədə, parkda oturub kitab satmaq istəyirəm. Ümumilikdə yazarlara imkanlar yaradılıb, kitablarını sata bilirlər, oxucular gəlirlər. Mənim üçün isə küçə daha rahatdır”.