Ərəb ölkələrinin KİV-ləri dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş geniş məqalə dərc ediblər.
"Sherg.az" xəbər verir ki, şərqşünas Həşim Məmmədov və jurnalist Əli Zülfüqaroğlunun müəllifi olduqları “İmadəddin Nəsimi. Bəşəriyyətə nur saçan günəş” sərlövhəli məqalədə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat yer alıb.
Misirin “Nile1”, İordaniyanın “Nayrouz”, İraqın “Əfkarhürə”, İraqın “Bobiannews” və “Q8-press” portallarında dərc olunmuş yazıda ərəbdilli oxucuların diqqətinə çatdırılır ki, Nəsimi irsi təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının mənəvi sərvətidir. Azərbaycan Prezidenti İlham Əliyev 15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə 2019-cu ili “Nəsimi ili” elan edib və dahi şairin 650 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.
Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Nəsimi haqqında sözləri sitat gətirilib: “Tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmalıyıq. Xatirinizdədirmi, Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğurdu, Azərbaycanı nə qədər tanıtdı! Nəhayət, 600 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki məzarını tapdıq. İndi onun məzarı oraya gedən adamlar üçün bir ziyarətgahdır. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir. Mən təkcə şairlər haqda danışmaq istəmirəm. Nəsimi də yalnız şair deyil, həm də alim, filosofdur”.
Müəlliflər qeyd ediblər ki, yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanıb və tanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirib. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazıb.
Məqalədə, həmçinin Azərbaycanın və dünyanın tanınmış alimləri, şərqşünaslarının Nəsimi irsi haqqında fikirləri, dahi şairin şeirlərindən parçalar yer alıb.