Əkrəm Əylisli “Daş yuxular”ında qaldı


"Azərbaycan ədəbiyyatına, Azərbaycan nəsrinə ana laylası şirinliyi gətirən Əkrəm Əylisli erməni qadınını Azərbaycan qadınının “başı üzərinə qaldırmaqla”, türk-Azərbaycan əsgərini zalım, qaniçən göstərməklə özünü düşmən eşalonunun tam da ortasına qatmış oldu"
80 yaşlı yazıçıya 80 dəfə lənət oxuyan, əsərlərini təqdir edən, linç edən də var

İnsanın illərlə qazandığı, topladığı hörməti, sevgini, nüfuzu bir günün, bəlkə də bir saatın içində itirməsi böyük bədbəxtlik olmalıdır, hər halda. Təbii, əgər o adam itirdiklərinin nə olduğunu bilirsə, itirdiklərini itki hesab edirsə, itirdiklərinə üzülürsə, peşmandırsa. Bir çoxumuz yazıçı Əkrəm Əylisliyə bu rakursdan baxırıq; sahib olduğu hörməti-izzəti itirən adam kimi. Hər kəsin fərdi yanaşma bucağı var. Kimin üçünsə Əkrəm Əylisli xalqı təhqir edən, xalqın müqəddəs bildiklərinə tüpürən birisidir. Kimin üçünsə, yalnız yazıçıdır. Və yaxşı, çox yaxşı, istedadına söz ola bilməyən yazıçı. Kimin üçünsə əsl sənətkardır. Ustaddır. Amma çoxluq, hətta əksəriyyət Əkrəm Əylislinin 2013-cü ilədək yazdıqlarının üzərindən məhz millətimizi, xalqı təhqir etdiyinə görə üz çevirdi. “Daş yuxular”ın bəraət veriləcək bir yanı görünmürdü çünki. Subyektiv fikir sayılmasın deyə, yenə təkrar edirəm ki, yanaşmalar müxtəlif ola bilər. Lakin azlıq çoxluğa tabe olur axı, adətən. Sıradan kənara çıxanları sonra ya ümumiyyətlə sıraya qəbul etmirlər, ya da məcburən sıraya qatırlar.  Əkrəm Əylisli, dəyərli şairimiz Rüstəm Behrudinin sözləri ilə desək, “Əkrəm həmişə axına qarşı gedən adam olub”. Bir, iki, üç… yaxşı alınıb. Bir dəfə isə alınmadı da… Etiraf edək. Azərbaycan ədəbiyyatına, Azərbaycan nəsrinə ana laylası şirinliyi gətirən Əkrəm Əylisli erməni qadınını Azərbaycan qadınının “başı üzərinə qaldırmaqla”, türk-Azərbaycan əsgərini zalım, qaniçən göstərməklə özünü düşmən eşalonunun tam da ortasına qatmış oldu. O eşalondan milli dəstəyə keçmək isə artıq mümkün deyil! Necə deyərlər, qatar gedib. Ox da yaydan çıxıb və xalqın heysiyyətinə sancılıb. Məsəl var, deyirlər, qılınc yarası sağalar, söz yarası yox. Əkrəm Əylisli də milləti sözlə elə yaralayıb ki, sağalana oxşamır. 
Bununla belə. Dünən sosial şəbəkələrdə Əkrəm Əylislini doğum günü münasibətilə təbrik edənlər vardı. Təbrikə qoşulanlar, təbriki mənasız, lazımsız sayanlar da. 

Yazıçı Şərif Ağayar feysbuk səhifəsində ustadını təbrik edirdi: 

“Bu gün Əkrəm Əylislinin ad günüdür.  Böyük sənətkarı təbrik edirəm! Səsimizi, ruzimizi, səadətimizi oğurlayanların və pul, şöhrət, vəzifə müqabilində bu oğurluğa əl çalanların Əkrəm Əylisliyə hücumunu anlamaq olar, lakin səsi, ruzisi və səadəti oğurlananların "tırka"ya getməsi fəlakətdir. Yazıçı səhv danışsa belə onu susdurmaq olmaz. Yazıçısı susan məmləkətə tanrı Əli Həsənovu, Vüqar Səfərlini hədiyyə edər. Sevərlər sözümüzün var-yoxunu... 30-cu illərdə siyasi konyuktura naminə üzə dirənənləri ittiham edə-edə eyni hərəkəti təkrarlayanlar - tarix sizinlə çox ciddi məzələnir...”

Ş.Ağayarın statusunun ardınca Ə.Əylisliyə can sağlığı arzulayanlarla yanaşı, ittihamı qəbul etməyənlər də oldu. Fəlsəfə elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin statusu diqqət çəkdi:  

“Nə pul, nə vəzifə, nə şöhrətim var, amma özümü nə "hücumçu", nə də "tırkaya" gedən yox, Əkrəm Əylislinin "şah əsəri" ilə təhqir olunmuş sayıram. Meydan hərəkatı iştirakçılarına olan münasibətinə görə..."Azadlıq, İstefa, Qarabağ" hayqıran gəncləri ibtidai icma dövründə ova çıxıb yalnız 3 səs çıxardan vəhşilərlə müqayisəsinə görə. Həmin Meydanda olmuşam. Erməni tarixçiləri ilə təkbətək vuruşan Ustad və müəllimimiz Ziya Bünyadovun tanınan, eybəcər proobrazını yaradıb "tarixi saxtalaşdıran" ittihamına görə... Pulu, vəzifəsi olmayan, şöhrəti xalqdan gələn, oğlu Qarabağ şəhidi olan vətən aşiqi Xəlil Rzanın tanınan eybəcər proobrazını "millətçi" kimi qələmə verdiyinə görə... Davam edimmi? Yeri gəlmişkən, Əkrəm Əylisli özü bu hakimiyyətdən ala biləcəyi hər şeyi - adlar, mükafatlar, vəzifə, pul və s. almışdı, oğulları da sağ-salamat yanında və yaxşı işlərdə... Anlayıram ki, ədəbiyyatçıların bütün bunlara fərqli, reallığın fövqündə duran baxışı var, ayrı dəyərləri var... Haqqınızı danmırıq... Amma hamı ədəbiyyatçı, yazıçı deyil ki. Oxucunun da oxuduğuna münasibət bildirmək, özünə təhqir görürsə lap "linç" eləmək haqqını siz də qəbul edin. Qəhrəmanınız elə "tırkaya gedən" adlandırdığınız bu "səsi, ruzisi, səadəti oğurlananları" - ilk növbədə qaçqınları, ümumilikdə isə haqqı bu dəfə artıq daha qəddar xarici düşmən tərəfindən tapdalanan, irticaya məruz qalan Xalqı, ÖZ xalqını ikrah və nifrətlə tənbeh edirdi. Şəxsinizə və yaradıcılığınıza böyük hörmətim var, amma sanki Əkrəm Əylislinin daş yuxularından xəbərsizsiniz...  …Mənim kimilər daxil oxucu qınağı da var idi, amma bu qınağı yazıçı elə də ciddiyə almazdı, oxucusuna (Azərbaycan) münasibəti əsərindən məlum idi. Bu halda "dövlət inzibati terroru" , ümumən normal sayılmasa da, ən təsirli cəza idi, gözləmirdi, amma hətta ondan da öz "xeyrinə" faydalanmaq, dünya qarşısında "ədəbi qurbana" çevrilmək cəhdi də baş tutmadı: Əsəri o səviyyəli əsər deyildi! Hərçənd heç kəs onun qələmini sındırmayıb, niyə "şedevrlərinin" dalı gəlmir? Yazıçıdır, yazsın...”

2017-ci ildə Əkrəm Əylisliyə 80 illik yubileyi münasibətilə dostu, şair Rüstəm Behrudi sosial şəbəkədə belə təbrik yazmışdı: 

”Bu gün yazda çiçəkləyən ağacları hamilə qadın bilib, onlardan utanan, söyüdlərin sarı işığı ilə yuyunan, “Sənin xatirən yaşayan ürək heç vaxt boş qala bilməz” düşüncəsi ilə dağları gülümsədən adamın - ustad Əkrəm Əylislinin doğum günüdür. Doğum günün qutlu olsun, qardaş".  “Yeni Müsavat”da dərc olunan açıqlamasında isə R.Behrudi əlavə edib ki, Əkrəm son yüzilliyin yetirdiyi ən böyük yazıçılardan biridir: “Sadəcə olaraq, düzgün anlaşılmayan bir sıra məqamlar oldu. Əkrəm həmişə axına qarşı gedən adam olub. Yəni hamının dediyini deyəcək şəxs olmayıb. Bu dəfə onun axının əksinə üzməsi düzgün anlaşılmadı, cəmiyyət və dövlət tərəfindən. Amma Əkrəm yenə də əvvəlki ucalığında dayanır. Bir ölkədə ki şair şairin, yazıçı yazıçının paxıllığını çəkir, ona şər-böhtan atır, o ölkədə nədən danışmaq olar? Əkrəmin əleyhinə danışan şair və yazıçıların hamısı onun paxıllığını çəkənlərdir. Onun yerində olmadıqlarına, yazdıqlarını yaza bilmədiklərinə görə onun paxıllığını çəkirlər. O hirs-hikkə hamısı oradan qaynaqlanır. Əllərinə də bəhanə düşdü və bu fürsətdən dərhal yararlandılar və buna da davam edirlər. Yaltaqlıq da burada əsas rol oynayan amillərdən oldu. Əkrəmi təhqir etmək, yüksəldiyi ucalıqdan endirmək istədilər. Ucalığa yüksələn adam bir çox hallarda orada dayana bilmir, amma Əkrəm belələrindən deyil". Və sonda əlavə edib ki, vaxt gələcək, Əkrəm Əylisliyə Bakıda heykəl qoyulacaq. (?!) Həm də “mütləq”. 

Mütləq ifadəsi isə bizcə, o qədər də yaxşı alınmayıb. Qəti qərar vermək düzgün deyil. Ola da bilər, olmaya da. Hazırkı situasiyadan baxanda heykəl məsələsinin baş tutacağı  çətin  görünür.  Kim bilir. Bəlkə də…