Çağdaş poeziyamızın tanınmış isimlərindən olan Zərəngiz Dəmirçi Qayalının şeirləri poeziyasevərlərə yaxşı tanışdır.”Haqqı sevdim” adlı ilk şeirlər kitabı ilə ədəbi cameənin diqqətini cəlb edən şair bir-birinin ardınca “Vəfam mənim”, “Güllələnmişlər”, “Qayalı”, “Əziz rəhbər”, “Oğul” və digər kitablarını ərsəyə gətirib. Müəllifin “Zəfər sədası” kitabı Türkiyənin Ankara şəhərində “İksat Yayın evi”ndə işıq üzü görüb. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan Z.Dəmirçi “Qızıl qələm”, Rəsul Rza, habelə Nizami Gəncəvi adınaBeynəlxalq mükafatların sahibidir. O, Beynəlxalq “Mahmud Kaşğari” medalına layiq görülüb. Bugünlərdə 60 yaşını qeyd edən Zərəngiz xanımın poeziya yaradıcılığında Qarabağ mövzusunda yazdığı Vətən şeirləri və poemaları geniş yer tutur.
Əzəli torpaqlarımızın əsarətdə qaldığı illərdə düşmənə nifrət hissi ilə alışıb-yanırdıq, üzümüz gülmür, eynimiz açılmırdı. Qisas anını intizarla gözləyirdik. Qələm adamlarının da haqq işimizi, erməni millətçilərinin şovinizm sərsəmliyini dünyaya çatdırmaq yönündə əməyi az deyildi. Zərəngiz Dəmirçi Qayalının Birinci Qarabağ müharibəsi dönəmində və sonralar yazdığı qələm nümunələri fikrimizə sübutdur:
Qəzanın cəzasın verəndir Tanrım!
Xocalı fəryadı unudularmı?
Kəlbəcər dərdinə tay bir dərd varmı?
Şuşa kimi qala fitnə qurbanı,
Ağdərə, Qubadlı, Laçın tufanı!
Bağanis Ayrımda yandı beşikdə
İki ay yaşamış südəmər körpə.
“Başdan dərdli köynəyəm mən, qəlbim yuxa, kövrəyəm mən” deyən şair yurd yerlərimizin itkisinə dözə bilmirdi. “Həqiqətim yüz çeşidli, çinlidir” deyən, əsl haqq aşiqlərinə bənzəyən, həmişə haqdan yazan Zərəngiz xanım söz sevdalısıdır. Mənəvi dünyasına, necə deyərlər, düz mütənasib olan mövzuları hədəf seçir. Qəzəb tonqalları çatan düşmənə, erməni azğınların torpaqlarımızdan pay ummaq iştahına qarşı daim qələmi ilə döyüşüb Zərəngiz xanım. “Yox, Tanrım götürməz bu dəhşətləri, qırar, yəqinimdir, şər oğlu şəri!” deyərək, uzun illər sürən, sivil dünyanın, nüfuzlu beynəlxalq qurumların laqeyd qaldığı bu üzücü münaqişənin nə vaxtsa çözüləcəyinə, ədalətin bərpa olunacağına inamını ifadə edirdi.O, ağrı-acılı olaylara ümidsiz baxmır, xoş sabahların gələcəyinə içində bir inam göyərdirdi. Onun çağırış ruhlu “Yürü əsgər” şeirində olduğu kimi:
Yaralarım səngiməyir,
Yurdum intiqam istəyir!
Yürü əsgər, yürü əsgər!
Harda hünər, orda zəfər!
Özü nə qədər sakit, həlim görünsə də, Zərəngiz xanımın ruhu sanki od saçan zindana zərbələr endirən dəmirçinin halətinə bənzəyir, təlatümlü, odlu-alovludur, közərən ocaqdır. Göründüyü kimi, söz-söz, sətir-sətir hördüyü şeirlərinə hissi-emosionallıq çalarları xasdır.
Nəhayət, polad biləkli oğullarımızın al qanının çağlayan vədəsi,yağılar üstünə şığıya anı yetişdi. Müdrik Sərkərdəmizin sərrast qartal baxışı, ayıq-sayıq mövqeyi,yağıların üstünə nər kimi yürüyənəsgər və zabitlərimizin rəşadəti bizə o möhtəşəm Zəfərin ölçüyəgəlməz sevincini yaşatdı.44 günlük Zəfər savaşımız əsl qəhrəmanlıq, əzəmət dastanımız oldu. Bu savaş 30 il sürən haqsızlığa hayqıran üsyanımız idi. Tanrının xalqımıza bəxş etdiyi qüdrətin inikası idi Qələbəmiz. Qazilərimizin hünəri, ölümsüzlük dünyasına qovuşan şəhidlərimizin torpağa qarışan müqəddəs qanıyla qazanıldı Zəfərimiz. Şairin şəhidlərin diliylə yazılmış “Qələbə köynəyi” şeirində oxuyuruq:
Dalğalan, uca bayraq!
Min yaşa, Ana torpaq!
Səni qanla suvarmaq,
Arzumdu, diləyimdi…
Sabaha qalan ömrüm,
Qələbə köynəyimdi!
Ağlın məntiqinə dayanan, hikmət dəryasına varan şairin poetik nümunələrində misraların məna tutumu, fikir yükü ilə qarşılaşırıq. Vətən müharibəmizin davam etdiyi günlərdə yurd eşqi qəlbinə dolan şairin “Zəfər sədası” silsiləsindən olan şeirlərini oxucular maraqla oxuyur, necə deyərlər, əl-əl gəzirdi:
“Şuşanın dağları başı dumanlı”,
Anam yol gözləyir, ahlı-amanlı,
Şair Zərəngizin qəlbi gümanlı,
Sevinək ürəkdən, gülək ürəkdən,
Qazaxdan gəlmişəm qələbəyə mən!
Şairin “Şuşam” şeirində söz adamının yağı əsarətindən qurtulmuş doğma yurd yerlərimizigəzmək, görmək, həm də uzun illərin nisgilinə, həsrətinə son qoymaq istəyi, arzusuqırmızı xətlə keçir:
Şuşam, sənə qonaq gəlim,
Arzum gözümdə qalmasın!
Həsrət gözlərim yol çəkir,
Bəs nisgilim azalmasın?
Molla Pənah, sədan gəlsin,
Xanqızı, öz anam gəlsin,
Seyid, Cabbar, ya Xan gəlsin:
“Aralıqda söz olmasın”!
İçi-çölü alovlanan söz adamı işğal altında olan torpaqlarımızda dağıdılan növrağımıza heyfsilənir, yurd yerlərimizə gül-çiçəkli bahar gələcəyinə ürəkdən sevinir, şadyanalıq edir:
Əhd etdim, Tanrım eşitdi!
Otuz illik həsrət bitdi,
Yağılar qovuldu, getdi,
Şadam dağlara, dağlara!
Əvvəldə söylədiyimiz kimi, Vətən müharibəmizdə Ali Baş Komandanımızın hərbi rəhbərliyi ilə hünərvər ordumuz qalibiyyətli döyüş əməliyyatları apararaq Ermənistanın işğal etdiyi əzəli torpaqlarımızı azad etdi, xalqımızın Qarabağ həsrətinə son qoydu. “Qalib haqlı olandır” deyiblər. Yurd yerlərimizin hər qarışı uğrunda çarpışan, şirin canından keçən igidlərimizheç vaxt unudulmayacaq. Zərəngiz Dəmirçinin yaxınlarda işıq üzü görmüş “İki qardaş gücü” adlı kitabı bu həqiqəti bizə bir daha xatırlatdı. Şairin burada verilmiş eyniadlı poeması Qarabağ savaşı şəhidlərinin, həmçinin Qazaxın Daş Salahlı kəndinin ilk könüllü döyüşçüsü, şəhid Vəfa Dəmirçioğlunun (müəllifin bacısı) müqəddəs xatirəsinə ithaf olunub.
Z.Dəmirçinin təbirincə, silaha sarılmış Vətən övladlarının həmrəyliyi, ruh yüksəkliyi bizə möhtəşəm Qələbəni qazandırıb. İşğal edilmiş ərazilərdə sülh və rifahın bərqərar olması nəticəsində tarixi ədalət bərpa edilib. Bu sevinc dalğasını bizə yaşadan, ən əsası isə yumruqtək birləşib çəkici bir zindana vurmaq nümunəsi göstərən, tarix yazan Sərkərdəmizə − Müzəffər Ali Baş Komandanımıza, Azərbaycan əsgərinə xalqımızın minnətdarlıq duyğusu sonsuzdur:
“Bayrağımı ucada
Asacağam” söylədin.
“İşimiz haqdır” dedin,
Ali Baş Komandanım!
Xətai yadigarı,
Qızıl Arslan soyusan.
Qoru, bu xalqı qoru,
Ali Baş Komandanım!
Müəllifin nəzmə çəkdiyi bu qəhrəmanlıq dastanı onun bədnam qonşumuzun yürütdüyü işğalçılıq siyasətinə qarşı qələmlə apardığı inadlı mübarizəsinin bariz göstəricisi, sanki sonucudur.Tarixi köklərə söykənən Türkiyə-Azərbaycan dostluğuna bu epik əsərdə geniş yer verilib. Başqa sözlə desək, rəvan, oxunaqlı dillə yazılmış“İki qardaş gücü” poemasının ana xəttini bu möhtəşəm dostluğun yenilməzliyi ideyası təşkil edir. Rəşadətli Azərbaycan ordusu türk qardaşlarımızın mənəvi köməyi ilə erməni millətçi ordusunu, terrorçu dəstələrini darmadağın edərək düşmənə həddini və yerini göstərdi. Bu Zəfər həm də “Bir millət, iki dövlət” ifadəsinin məntiqi davamı, Azərbaycan və Türkiyə dövlətlərinin dostluq və qardaşlığının parlaq təzahürüdür:
Haqq səsimdi dünyada
Rəcəb Tayyib Ərdoğan!
Hayqıran nəfəsiylə,
O bir dəniz, bir ümman!
Qırdı şər inadını,
Gözündə qaldı nəfsi.
Dünyaya meydan dedi,
Türk oğlu türkün səsi!
“İki qardaş gücü” Zərəngiz Dəmirçinin Qələbəmizə poetik töhfəsidir. Bu əsər böyük türk dövlətinin ən çətin anlarda doğma Azərbaycanımıza misilsiz dəstəyinə, qardaşlıq köməyinə dərin minnətdarlıq duyğusu və ehtiramla qələmə alınıb.
Z.Dəmirçinin şeirləri onun mənəvi aləminin, iç dünyasının inikası, tərcümanıdır. Haqqı sevən, ədəbi dəyərlərə bağlı Zərəngiz xanımın zəngin yaradıcılığından, könül dünyasından, tarixlə, bugünümüzlə səsləşən əsərlərindən söz açdıq. O, haqq-ədaləti bir sərt qayaya bənzədir, yel isə qayadan heç nə qopara bilməz. Yaradıcılıq təkamülünü izlədiyim, həyatının kamil çağlarını yaşayan çağlar təbli qələm dostumu 60 illik yubileyi münasibətilə təbrik edir, ona söz ömrü qədər ömür arzulayıram.
Zemfira Məhərrəmli
yazıçı-publisist