"Dəyərlər uğrunda vuruşan bir xalqın yanında olmağı özümə mənəvi borc bilirəm".
Bu sözləri "Sherg.az"a açıqlamasında parkda kitablarını satıb, Ukraynadan Azərbaycana sığınmış uşaqlara yardım əli uzadan yazıçı Kəramət Böyükçöl deyib. O, əvvəl məktəb ləvazimatları almağı düşünüb:
"Ukrayna səfirliyindən bildirdilər ki, onların məktəb ləvazimatları hazırdır. Lakin ərzaq ehtiyacları var. Mən də satdığım kitabların pulu ilə hər ailənin 150 manatlıq qida tədarükünü qarşıladım. Ümumilikdə 1500 AZN xərclədim. Ailələrə baş çəkəndə gördüm ki, həqiqətən də köməyə gərək duyurlarmış.
Amma xeyriyyəçi deyiləm ki, yardım kampaniyasını daimi şəkildə davam etdirim. Sadəcə olaraq, bu işləri görmək hazırda avtoritarizmlə savaşan bir millətə dəstək göstərmək, sivil dünyagörüşünə malik, bəşəri hislərlə yaşayan və mütərəqqi dünyanın tərkib hissəsi olmaq istəyən hər bir xalqın və yazıçısının borcudur.
Oxucularım, izləyicilərim kitablarımı alaraq, yardım aksiyasını keçirməyimdə böyük rol oynadılar. İctimai fəallar da mətbuat vasitəsilə öz dəstəklərini ifadə etdilər. Kampaniyanın cəmiyyətə çatdırılmasında xidmət göstərdilər. Bu addımım Ukrayna mediasında da işıqlandırılıb.
Bəzən deyirlər ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Amma o fikirlər bu məsələyə şamil edilməməlidir. Əksinə Ukrayna xalqının yanında olduğumuz bilinməli və ictimaiyyətə çatdırılmalıdır. Cəmiyyətimizdə də belə təşəbbüslərlə çıxış edənlər, aktiv şəkildə dəstəkləyini göstərən bir toplum var".