Ceykobsın  mesajı passiv xarakterlidir: Tramp işlək sülh mexanizmlərinin üçün Ermənistana təzyiq göstərməlidir

Ermənistanla sülh sazişinin yekunlaşdırılması münasibətilə sizi təbrik edirəm. Prezident Tramp həmin sazişin imzalanma və ratifikasiya prosesini səbirsizliklə gözləyir. Bu barədə ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib. Erik Ceykobs qeyd edib ki, bu, regionda davamlı sabitlik və sülhün təmin olunması ilə iqtisadi inkişafı stimullaşdıracaq. Davamlı sülh, regional münaqişə dövrünə son qoyacaq və Cənubi Qafqaza təhlükəsizlik və rifah gətirəcəkdir. Biz, bu yolda atdığınız addımlara görə sizi təqdir edirik. 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a bildirib ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının vacib toplantılarından biri keçirilir:

“Burada dünyanın enerji məsələləri üzrə önəmli siyasi xadimləri iştirak edirlər. Donald Trampın baş müşaviri olan Erik Ceykobsın Azərbaycan-Ermənistan arasında sülhə bağlı sonuncu razılaşmaları alqışlaması, ABŞ Dövlət Departamentinin mövqeylərini açıq şəkildə ifadə etməsi müstəsna əhəmiyyətə malikdir. Hazırda Azərbaycanla Ermənistan arasında sülhə əsas maneə olan məsələ Ermənistanın vaxtilə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsidir. Erik Ceykobsın  mesajı passiv xarakterlidir. Çünki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin yubanmasının əsas səbəbkarı İrəvan olması vurğulanmayıb. Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə iki ölkə arasında sülhlə bağlı anlaşmalarda problemlər yaşanır. Donald Tramp Cənubi Qafqazla bağlı daha işlək sülh mexanizmlərinin olması üçün Ermənistana təzyiq göstərməlidir. Eyni zamanda Ermənistanı sülhdən yayındıran Fransa kimi qüvvələrin layiqli cavabını verməlidir”.


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev isə söyləyib ki, məndə olan məlumata görə, Azərbaycanın mövqeyi  dəyişməyib:

“Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişməsi və Minsk Qrupun rəsmi buraxılması olmaqla iki gözləntisi mövcuddur”.