İran və Ermənistanın birgə hərbi təlimlər keçirməsi məqsədyönlüdür -ŞƏRH

Azərbaycanı hansısa addımlara vadar etmək istəyirlər


İlin-günün bu vaxtında İranın daha həssas və kritik məsələlər durarkən diqqətini cılız Ermənistana verməsi anlaşılan deyil 

İran Ermənistanla birgə aprelin 9-10-da hərbi təlimlər keçirib. Hərbi təlimlərdə Ermənistan silahlı qüvvələri və İranın xüsusi təyinatlı qüvvələri iştirak ediblər. Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu təlimlər şərti “terrorçu hücumlarının” qarşısının alınması ssenarisi üzərində qurulub. İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları komandanının müavini Vəliulla Mani deyib ki, Norduz bölgəsində keçirilən təlimlər "sülh" xarakteri daşıyır. Onun sözlərinə görə, təlimlərin həyata keçirilməsi üçün lazım olan tədbirlər əvvəlcədən nəzərdə tutulub: "İki ölkə arasındakı sərhədyanı bölgələr regionun həssas coğrafi yerləşməsi baxımından strateji əhəmiyyətə malikdir". İranın Ermənistanla birgə sərhəddə təlimlərə başlamasını SEPAH rəsmiləri “sülh məqsədli” adlandırsa da, Ermənistanda belə düşünmürlər. Erməni politoloq və təhlükəsizlik üzrə ekspert David Arutyunov isə bu təlimlərin Azərbaycana qarşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, təlimlər “müəyyən çəkindirici rol” oynayacaq: “Xüsusən də indi Azərbaycan vaxtaşırı Ermənistanı atəşkəsi pozmaqda ittiham edəndə - çoxları bunu rəsmi Bakının yeni hərbi əməliyyatlara başlamaq üçün informasiya zəmini yaratmaq cəhdi kimi qəbul edir”. Ekspert xatırladıb ki, təlimlər İran və ABŞ münasibətlərindəki gərginlik fonunda da nəzərə çarpır. Ermənistan-İran Əməkdaşlığının İnkişafı Fondunun rəhbəri Pouya Hüseyni bildirib ki, Ermənistan və İran silah təchizatı, kəşfiyyat məlumatlarının mübadiləsi və digər təhlükəsizlik aspektləri sahəsində əməkdaşlıq qura bilər. O bildirib ki, İran Ermənistana hərbi-texniki yardım göstərməyə hazırdır: “Belə əməkdaşlığa mane olan üçüncü tərəflər bizim əlaqələrimizə qarışmamalıdır”. 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov "Sherg.az"a deyib ki, İran və Ermənistan hərbi təlimlərinin maraq doğurması təsadüfi deyil. Ekspert vurğulayıb ki, hazırda Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülh danışıqları ilə bağlı 17 bənd razılaşdırılıb:
 "Bölgə yeni mərhələyə qədəm qoya bilər. Belə məqamda Ermənistana İranla hərbi təlimlər lazımdırmı? Digər yandan ABŞ və İsrailin İranla bağlı hərbi qərar verəcəyi məsələsi gündəmdədir. Paralel olaraq ABŞ-nin Yəməndə həyata keçirdiyi hərbi tədbirlər fonunda İranın diqqəti daha çox Qərbə və Yaxın Şərqə yönəlməliydi. Yəni məntiqli olanı bu idi. Ancaq İran məhz şimalda, Araz çayında, Zəngəzur yaxınlığında faktiki olaraq ordusu olmayan bir dövlətlə hərbi təlimlər keçirir. Ona görə də ritorik suallar yaranır. Suallara cavab olaraq məndə belə bir fikir yaranır ki, hərbi təlimlər məqsədyönlüdür. Birgə təlimlərin məqsədi məhz İranın Azərbaycana xəbərdarlığıdır. Bunu başqa cür təhlil etmək mümkün deyil. İlin-günün bu vaxtında İranın daha həssas və kritik məsələlər durarkən diqqətini cılız Ermənistana verməsi anlaşılan deyil və İran ordusuna heç bir perspektiv vəd etmir. Adətən, hərbi təlimlər hərbi tərəfdaşlar arasında keçirilir. Təlimlərin məqsədi də hərbi texnikaların istifadəsi, hərbçilərin təkmilləşməsi, təcrübə mübadiləsi və s. olur. İran bu təcrübəni Ermənistan ordusundan alır?!". 

Analitik vurğulayıb ki, son 5 ildə daim 40 km.lik enə malik olan Ermənistan-İran sərhədi, Mehri bölgəsi, Araz çayının Qərbi Zəngəzur istiqaməti Azərbaycana münasibətdə şantaj edilir: 
"Ölkəmizi şantaj etmək üçün həmin coğrafiyalardan istifadə olunur. Əgər kimsə istəyirsə ki, Azərbaycan bu şantaj nöqtəsini ümumiyyətlə ləğv etsin, o zaman fəaliyyətlərini davam etdirsinlər. Beynəlxalq münasibətlər sistemində baş verənlərə nəzər yetirsək, görərik ki, o dövlətlər güclüdür və inkişaf edir ki, onlar milli maraqlara əsaslanan xarici siyasət həyata keçirirlər. Bu kontekstdə qüvvələr balansı və mövcud milli təhlükəsizliklə bağlı çağırışlar Azərbaycanı hansısa addımlar atmağa vadar edə bilər. Belə təlimlərə cavab olacaq. Sadəcə tərəflər başa düşsünlər ki, budəfəki cavablar çox fərqli ola bilər. Ötən gün Prezident İlham Əliyev bəyan etdi ki, İran rəhbərinin bu ayda Azərbaycana səfəri gözlənilir. Deməli, Azərbaycan hələ də İranın siyasi hakimiyyətinin mövcud problemlərlə bağlı adekvat addımlar atacağına ümidvardır. Ancaq o da bəllidir ki, İranda siyasi hakimiyyət heç də hər şeyi həll etmir. Cənub qonşumuzda real hakimiyyətin kimlərin əlində olduğu bəllidir".