(Rüstəm Behrudinin "Məzarlıqda bitən yovşan" kitabına ön söz)
Rüstəm Behrudi son iki yüz ildə təkcə Azərbaycan poeziyasının deyil, həm də ümumtürk sözünün nəhəng, qranit sütunlarından biridir. Bu sütunun özəyini sakral və genetik kodlara, mifoloji kodekslərə söykənən yaradıcılıq nümunələri təşkil edir. Onun yaradıcılığı türk ulusunun son beş min illik mədəniyyət tarixinin cilalanmış, ələnmiş, ən əsası, tanrılaşmış söz məbədinə söykənir.
Hələ gənc yaşlarında Turan dünyasına dar ağacına salam verib salam almaqla səs salan Rüstəm Behrudi Sakit okeandan Balkanlara qədər uzanan bir coğrafiyaya çağdaş türk şeirinin yeni möhrünü vura bildi. Rüstəm bəy istəsə də bu şeirləri yazmaya bilməzdi. Çünki bu təkcə onun yox, mənsub olduğu xalqın ruh halı, yetişmiş və Behrudi yaradıcılığında partlayan püskürüşü, tektonik gərilməsi idi.
Diqqətlə baxdıqda görürük ki, Rüstəm Behrudinin şeirlərində tanrı şaman dilində, qam şivəsində və ruhunda danışır. Onun şeirlərində tanrıya istinad var. Amma böyük Behrudinin şeirlərində tanrı göydə deyil, şairin içindədir.
Eyni zamanda, Rüstəm Behrudi əfəndi təkcə türk dünyasının söz alpı deyil, həm də bəşəri şairdir. Təkcə “Məzarlıqda bitən yovşan” şeirinin sətirlərinə gözlərinizi toxundursanız, fikirlərimin mübağilə olmadığını aydın şəkildə görəcəksiniz:
…ətrin öldürdü məni,
bağrım oldu yenə şan-şan.
Gördüm ki, boş bir məzara
yenə məndən danışırsan,
məzarlıqda bitən yovşan.
Bu misralarda Rüstəm Behrudi yox, söz tanrısının özü danışır. Bu sətirlərdə türk xalqının tarix və zaman arasındakı bütün ağrıları boy göstərir. Boş bir zaman burada əslində ölümü yenən, onun kürəyini yerə vuran bir ulusun taleyidir. Amma bu bənddəki dərd o qədər böyükdür ki, həmin ağrını
çəkənin dizlərini bükə bilməsə də, ürəyini bükməyi bacarıb. Türk mifologiyasının “dəfnə yarpağı, “sakura budağı” hesab olunan yovşan obrazı hələ indiyə qədər heç bir şeirdə bu qədər dəyanətli və bu qədər kövrək verilməyib. Hətta Behrudinin “Məzarlıqda bitən yovşan”ı böyük yazıçı Murad Adcının “Qıpçaq çölünün yovşanı” əsərini öz parametrlərinə, boyutuna, çəkisinə görə, əməlli-başlı üstələyir. Yəni, təkcə bu şeirin sambalı və çəkisi ağır və ağrılı bir romanın çəkisindən daha ağırdır. Əslində onun şeirlərindən yovşan qoxusu gəlir. Təbii ki, qıpçaq çölünün yovşan qoxusu...
Rüstəm Behrudi öz ədəbi böyüklüyünün fərqində olan şairdir. O, digərlərindən fərqli olaraq özü olmağı bacardı və ömrü təkbaşına yaşadığı kimi, ədəbiyyatını da təkbaşına yaratdı. Onun ədəbi şəxsiyyəti də şeirləri kimi bütövdür.
Birmənalı olaraq qeyd etməliyəm ki, Rüstəm Behrudi Türk dünyasının bayraqdar şairidir. Bilirsinizmi niyə? Çünki misraları şaman ruhunda yoğrulur, yalquzaq odunda qovrulur, sonra vulkan kimi püskürür. Behrudi əfəndi həm də ona görə bayraqdardır ki, türk sözünün cəsarətini özünə qaytardı və üstü tozlanmış yaddaşını yenidən oyandırdı. O, bu müqəddəs missiyasına başlayanda, Qazaxıstanda Muxtar Şaxanov Behrudinin çıxışlarının, sözünün qüdrətinin sehrinə düşüb göz yaşları tökdürdü. Onun poeziyası ötən əsrin 80-ci illərinin sonlarında Nihal Atsızdan sonra Turan dünyasının çağdaş söz imperatorluğunu qurmağı bacardı. Bu gün Turan dünyasına könül verən tanınmış söz adamları da məhz Behrudinin qurduğu ədəbi imperatorluğun fenomen vətəndaşlarıdırlar.
Rüstəm Behduri sözün tərifini, onun nə olduğunu, haradan gəlib hayana getdiyini cəmi bir bənd şeirlə ifadə edəcək qədər dərin istedad yataqlarına malik təbii milli sərvətimizdir:
…sözə yüklədim dərdimi!
Söz Tanrı çatmış bir ocaq…
Sözdü dünyanın əvvəli,
sonuna da söz qalacaq!
Bu misralardan onun Turan coğrafiyasına sığmadığını, bütün bəşəriyyətin şairi olduğunu aydın görmək mümkündür. O, kosmopolit olduğu qədər də, dünyanın ənənəvi dəyərlərinə qədər son dərəcə mühafizəkardır. Eyni zamanda, sözü daha böyük zirvələrə daşıyacaq qədər yenilikçidir.
Rüstəm bəyin şeirləri həm də çağdaş Azərbaycan Sözünün ədədi ortasıdır; Zamana, hətta sözün özünə də bəzən tərs mütənasibdir... O, təkcə 300 milyonluq bir ulusun xalq şairi deyil, həm də sözləri ilə bütün sərhədləri xıncım-xıncım edən, dağıdan, dünyanı tanrının, insanlığın, vicdanın bayrağı altında birləşməyə səsləyən böyük sözün özüdür.
Rüstəm Behrudi tanrıya şeirlə alın yazısı yazacaq qədər istedadlı şəxsiyyətdir. Dar ağacından məzarlıqda bitən yovşana qədər bütün müqəddəs nəsnələr onun qələminin çarpayısından keçib. İndi görün, bu şairin özü nə böyüklükdədir... Rüstəm bəy həm də ona görə böyükdür ki, nəinki zamana, heç öz qələminə də əyilmədi. Sözünün çəkisini ruhunun süzgəcindən keçirtdi.
Tural Turan
Şair, Prezident mükafatçısı