“Azərbaycan gəncləri”

Bu qəzet Cümhuriyyətlə yaşıddır



Azərbaycanda mətbuat tarixinin başlanğıcından bu yana yüzlərlə nüfuzlu qəzetlər nəşr edilib. Onlardan bəziləri qısa ömür sürsə də, xeyli mətbu orqan uzun müddət çap olunmağı bacarıb. Təbii ki, çoxsaylı mətbu orqanların böyük hissəsi ictimai-siyasi, müəyyən bir qismi isə mədəniyyət və ədəbiyyat sahəsinə aid qəzet və jurnallar olub. İctimaiyyətin hər təbəqəsinə xitab edə bilmək mühüm amil sayılır. Nəzərə almaq lazımdır ki, Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və humanitar həyatında mühüm rola malik potensial qüvvə hesab olunurlar.

Bu baxımdan gəncliyimizin gələcək inkişafı üçün KİV-in, xüsusilə də qəzetlərin əhəmiyyəti böyükdür və çox vacibdir. Lakin çox təəssüf ki, gənclərə aid media orqanları məhdud dərəcədədir. Şübhəsiz ki, gənclərin həm bilik, həm də dünyagörüşünün artmasında yeni media orqanlarına ciddi ehtiyac var. Ulu Öndər Heydər Əliyev deyirdi ki, hər bir xalq özünün xoşbəxt gələcəyini gənc nəsillə bağlayır: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır”.

Gəncliyin hərtərəfli inkişafında mühüm rola malik olan tarixi mətbu orqanlarından biri, bəlkə də birincisi, vaxtilə ən maraqlı qəzet kimi tanınan, şair və yazıçılarımıza ədəbi məktəb, ideya mərkəzi olan "Azərbaycan gəncləri” qəzetidir. Bu uzunömürlü "Azərbaycan gəncləri” qəzeti 1919-cu ildən nəşr olunmağa başlayıb. 1919-cu ildə Bakıda "Gənc işçi” adı ilə çıxan qəzet Azərbaycanın ictimai-siyasi fikir tarixində əhəmiyyətli rol oynayıb. Qəzetin redaksiyası gənc ədiblərin, işıqlı fikir adamlarının bir növ qərargahına, əqidə və məslək dostlarının görüş yerinə çevrilib. Belə ki, "Gənc işçi” qəzetinin hər nömrəsi oxuculara əsl bayram sevinci bəxş edib. "Gənc işçi” sonralar "Azərbaycan gəncləri” adı ilə nəşr olunmağa başlayıb. Qəzet XX əsrin ortalarında Azərbaycanda çap olunan 3-4 qəzetdən ən yaxşısı olub. "Azərbaycan gəncləri” qəzeti fəaliyyətə başladığı dövrdən qəzetdə yazıçıların və digər mütəfəkkirlərin işləməsi bu qəzetin əhəmiyyətindən xəbər verir. Tarix boyu "Gənc işçi” qəzetində əhəmiyyətli əsərlər, məqalələr dərc olunub. Görkəmli dilçi və ədəbiyyatşünas-alim Məmmədağa Sultanov və Mikayıl Müşfiq kimi tanınmış ziyalılar bu mətbu orqanda işləyiblər. Məmmədağa Sultanov ədəbi fəaliyyətə qəzetdə çap etdirdiyi "Sənət məktəbi” adlı ilk şeiri ilə start verib. Məşhur şairimiz Səməd Vurğun da ədəbi fəaliyyətə 1926-cı ildə "Azərbaycan gəncləri” qəzetində nəşr etdirdiyi "Mavi göl” şeiri ilə başlayıb. Azərbaycanın dahi bəstəkarı Tofiq Quliyevin "Azərbaycan Dövlət cazı” haqqında məqaləsi də 1941-ci il 20 mart tarixində "Gənc işçi” qəzetində çap edilib.

Ölkəmizin jurnalistika sənətinin inkişafında da "Azərbaycan gəncləri” qəzeti mühüm rol oynayıb. Sonradan ölkə mətbuatının tanınmış nümayəndələrinə çevrilən bir çox gənc, ədəbi-publisistik qüvvələr ilk sənət addımlarını "Azərbaycan gəncləri” qəzetində atıb. Bir müddət nəşri dayandırılan qəzet bu gün də öz ənənələrinə sadiq qalaraq, gənc nəslin tərbiyəsi işində fəaliyyətini davam etdirir. Müstəqil Azərbaycanın ictimai-siyasi həyatının bir çox sahələri qəzetin səhifələrində öz əksini tapır. Təcavüzkara qarşı apardığımız ölüm-dirim müharibəsində gənclərin göstərdikləri mərdlik və qəhrəmanlıq, Vətənə alovlu məhəbbət və təmənnasız xidmət hissinin aşılanması qəzetin başlıca mövzularındandır. "Azərbaycan gəncləri” qəzeti valideynlər üçün də müəyyən dərəcədə əhəmiyyətlidir. Çünki belə mətbu orqanlar vasitəsi ilə valideynlər övladlarının gələcəyini təyin etmək imkanı əldə edirlər. Ona görə də, gəncliyin inkişafına xidmət edən bu qəzetin yenidən nəşrini uğur hesab etmək olar. Bu qəzet gənc nəslin maarifləndirmə işində böyük rol oynayır. "Azərbaycan gəncləri” qəzeti respublikamızın mətbuat aləmində şərəfli yaradıcılıq yolu keçib. Qəzetçilik ənənələrimizin inkişafında silinməz izlər buraxıb. Özünəməxsus sənətkarlıq xüsusiyyətləri ilə seçilən nəşrlərdən olub. Qəzet qəhrəman Azərbaycan gəncliyinin ayrılmaz yol yoldaşı olub və bu nəsillərin rəşadətli həyatının mətbuat salnaməsinə çevrilib.

15 il "Azərbaycan gəncləri” qəzetinin redaktoru olmuş, tanınmış jurnalist Yusif Kərimov uzun müddət rəhbərlik etdiyi mətbu orqanın tarixindən söhbət açıb. Həmin dövrdə jurnalistika aləmində deyildiyi kimi, barmaqla sayılacaq baş respublika qəzetindən birinin, yarım milyon tirajla çıxan bir mətbu orqanın "dirijor pultunda” duruş gətirmək, "özünü təsdiq etdirmək” olduqca çətin idi. Çünki ondan əvvəl bu vəzifəyə sayılıb-seçilən tanınmış qələm sahibləri öz möhürlərini vurublar. Y.Kərimov sonralar "İtkilər və ümidlər” kitabında yazırdı ki, "Redaksiyada hər cəhətdən redaktorluğa layiq, həm də bu vəzifəni uman çox jurnalist çalışırdı. Odur ki, "kənardangəlmə” redaktoru, yəni məni "həzm edə” bilmirdilər. Bu səbəbdən ilk aylarım maneələri dəf etməyə sərf olundu”.

Həftədə üç dəfə çıxan qəzetin hər bir nömrəsini özü üçün sınaq, imtahan hesab edən Yusif Kərimov bu taleyüklü yaradıcı işin məsuliyyətini çiyin-çiyinə çalışdığı həmkarlarına da hər vasitə ilə aşıladı. Redaksiyada əsl yaradıcı mühit, tələbkarlıqla qayğının ahəngindən doğan insani münasibətlər, gözəl ab-hava yarada bildi. Yalnız qəzetin yaradıcı kollektivini deyil, eyni zamanda çoxsaylı oxucuların, qələm sahiblərinin, ziyalıların birgə səyi və özünün yüksək təşkilatçılıq, peşəkarlıq səriştəsi ilə Yusif Kərimov "Azərbaycan gəncləri” qəzetinin baş redaktoru olduğu 15 il ərzində böyük uğurlar qazandı. Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm”, Yazıçılar Birliyinin "Yaddaş” milli mükafatlarına layiq görüldü, Heydər Əliyev adına Beynəlxalq Xeyriyyə Fondunun laureatı oldu. Nəşrin Azərbaycan Xalq Cümhuriyyəti ilə həmyaşıd olduğunu bildirən jurnalist həmin vaxtdan 25 il fəaliyyət göstərən qəzetin Böyük Vətən müharibəsindən sonra "Azərbaycan gəncləri” adını daşıdığını deyib: "Qəzet Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı kimi fəaliyyət göstərməsinə baxmayaraq, dövrün mənfi cəhətləri nəşrin yaradıcılıq xüsusiyyətlərini məhdudlaşdıra bilməyib. Qəzetin şinelindən çıxan jurnalistlərin sayı yüzlərlədir. Onlar indinin özündə də ictimai həyatda aktiv iştirakları ilə seçilirlər. Bu isə nəşrin ölkənin ictimai münasibətlər sistemində oynadığı səmərəli roldan xəbər verir”.

"Azərbaycan gəncləri” qəzeti hər dövrdə tanınmış ziyalılar, söz adamları tərəfindən böyük qiymət alıb. Bu qəzeti yaradıcı adam kimi izləyənlərdən biri də görkəmli şairimiz Bəxtiyar Vahabzadə idi. Şair şeirlərinin dərc olunduğu mətbu orqanı "islahatçı qəzet” adlandırıb. Xalq şairi Nəbi Xəzri "bizim kişi arxamız”, şair Qabil "xalqın ürək sözlərini, xalqa məxsus cəsarətlə deməkdən çəkinməyən” qəzet, Məmməd İsmayıl isə qəzeti "gəncliyin yaradıcılıq beşiyi” adlandırıb. Qəzetin bəyənilən fəaliyyəti təbii ki, ona rəhbərlik edən təcrübəli şəxslərin xüsusi bacarığından asılı idi. "Azərbaycan gəncləri”nin baş redaktoru olmuş Böyükağa Həsənov, İdris Qasımov, Mirpaşa Miriyev və başqaları jurnalistlərə nəinki qəzetçilikdən, eyni zamanda həyatdan da dərs keçiblər. Həmin redaktorlar heç bir qarşılıq gözləmədən görkəmli qələm adamlarımıza, Nəriman Həsənzadəyə, Bəkir Nəbiyevə, Tofiq Mütəllibova zəmanətlə arxa durub, onların əsərlərini, məqalələrini qəzet səhifələrinə çıxarıblar. Azərbaycanda idman jurnalistikasının pionerlərindən sayılan Zaur Zamanov da "Azərbaycan gəncləri”ndə işlədiyi zaman yüzlərlə idmançını cəmiyyətə tanıdıb. Onun üzə çıxardığı şəxslər bu gün mədəniyyət sahəsinin liderləri arasında yer alırlar.

Qəzetin görkəmli baş redaktorlarından biri də tanınmış yazıçı Cəmil Əlibəyov olub. 1949-cu ildə yaradıcılıq sınaq qaydası ilə "Azərbaycan gəncləri” qəzetinə işə götürülən C.Əlibəyov üç il sonra anonim məktubla Moskva tərəfindən yoxlanılıb və ictimai keçmişi "ləkəli” olduğuna görə işdən kənarlaşdırılıb. Stalinin ölümündən dərhal sonra onu əvvəlki işinə bərpa ediblər. 20 il həmin qəzetdə ədəbi işçi, şöbə müdiri, məsul katib, son on iki ildə baş redaktor kimi fəaliyyət göstərib. Çalışdığı qəzet gənclərin sosial həyatını reallıqla işıqlandırdığına görə gənc nəslin etimadını, sevgisini qazanıb. Onun işlədiyi dövrdə qəzetin tirajı 20 mindən 450 minə yüksəlib: "Müharibə dövrü kolxozda işlədiyim üç il istisna edilərsə, həyat fəaliyyətimə burada başlamışam. Qəzetdə işləyə-işləyə ali təhsil diplomu almışam. Jurnalist müəllimim isə qəzetin nömrələrində dərc olunan "letuçkalar” idi. Klassik jurnalistlik irsimizdən uzun müddət demək olar ki, xəbərsiz olmuşam. Əldə etdiyim "Fyuzat” jurnalının komplektini gecə yarısı oxuyurdum ki, görən olmasın. Axı o ədəbiyyatlar qadağan idi. Həmin dövr qəzetinin yaradıcılarının çoxu sonralar qəzet redaktoru oldu. Şairlərimiz iki cəbhədə işləyirdilər. Nəriman Həsənzadə növbətçi olanda, arada vaxt tapıb "Nəriman” poemasını yazardı. Novruzla Tofiq isə redaksiyada fikirləşib evdə şeir yazardılar. Bizim qəzetə verməzdilər ki, şeir selinin qabağında duruş gətirsinlər. Şair Fikrət Qoca redaksiyanın ərköyün övladı kimi sevilirdi. Bizim kollektivimizi "tarixə salan” fotoqraf Katiyasız, Üzeyirsiz xeyir-şərimiz olmazdı”.

Xalq şairi Sabir Rüstəmxanlı "Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi "Yazıçının ana dünyası” məqaləsində belə yazırdı: "Azərbaycan gəncləri” qəzetinin köhnə binasında redaktorun iri otağını xatırlayıram. Buraya "Gənc qələmlər” birliyinin üzvləri toplanırdılar. Cəmil Əlibəyovun söhbəti həmişə öz canlılığı, yapışıqlığı və ən başlıcası, səmimiyyəti, qayğıkeşliyi ilə seçilirdi. Elə bu qayğının nəticəsidir ki, 60-cı illərdə "Azərbaycan gəncləri” qəzeti bir sıra istedadlı gənc şair və yazıçının start meydanına çevrildi. İndi ədəbiyyatda onların öz möhkəm mövqeləri var. Adları respublikamızdan kənarda tanınır. Radionun və televiziyanın indi məşhur olan neçə-neçə verilişi, nə qədər yaxşı ənənəsi bu qayğıdan doğulub”. Uzun müddət Azərbaycan Jurnalistlər Birliyinə rəhbərlik edən Hacı Hacıyev, məşhur felyetonları ilə gündəmə gələn Şamil Fərzəliyev, "Azərbaycan gəncləri”nə "Rəndə” gətirən Mürşüd Dadaşov və Qəşəm Aslanov da qəzetin tarixinə qızıl hərflərlə yazılıblar. Tanınmış müəlliflərin qazanmağın və oxucu cəlb etməyin başlıca amili qəzetin hər nömrəsinin maraqlı çıxması idi. Gənc qurucuların əməklərini qiymətləndirməyi, istedadı olanlara qol-qanad verməyi, onların sevimlisi, dostu, köməkçisi olmağı "Azərbaycan gəncləri” qəzeti özünün əsas amalı, borcu hesab edirdi. "Azərbaycan gəncləri”nin əməkdaşı olmayan, lakin onun rəğbət və nüfuz qazanmasında müstəsna əməyi olan ziyalılar da çox olub. Məsələn, qocaman jurnalist Şirməmməd Hüseynov, Famil Mehdi, yazıçı və şairlər - Süleyman Rəhimov, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Mir Cəlal, Nəbi Xəzri, Fikrət Qoca, Qulu Xəlilov, Məmməd Aslan, Məmməd İsmayıl, Xəlil Rza, Hikmət Ziya, maestro Niyazi və başqaları redaksiyanın ştatdan kənar müxbirləri olub, qəzeti dəstəkləyiblər.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb