Blinken Netanyahu görüşünün PƏRDƏARXASI

Yerusəlimdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib.
Keçirilən görüşdə danışıqlar bağlı qapılar arxasında keçib. Dövlət katibi daha sonra İsrailin strateji planlaşdırma naziri Ron Dermer, SAXAL-ın Baş qərargah rəisi Hersi Halevi və bir sıra digər yüksəkrütbəli rəsmilərlə geniş tərkibdə görüş keçirəcək.
Qeyd edək ki, Antoni Blinken bundan öncə İordaniya və Səudiyyə Ərəbistanına səfər edib.

Mövzu ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan "Sherg.az"a açıqlaması zamanı deyib ki, görüşdə müzakirə olunan əsas mövzu İsrail-Həmas müharibəsi və onun nəticələrinin aradan qaldırılması olub:
"Görüşdə İsrailin Rəfaha hücumu, bu hücumun vacibliyi və onun nəticələri müzakirə oluna bilər. Danışıqlar zamanı müzakirə olunan əsas mövzulardan biridə İsrail və Ərəb ölkələrinin münasibətləridir. Hazırda Ərəb ölkələrinin regionda baş verən hadisələrə münasibəti birmənalı deyil. Blinkenin bundan əvvəl İordaniya və Səudiyyə Ərəbistanına səfərindən yola çıxan bəzi mənbələr iddia edir ki, bu gün İsrail və Səudiyyə Ərəbistan nümayəndələri arasında gizli görüşdə keçirilib.  

Politoloq əlavə edib ki, görüşdə İsrail-Həmas tərəfinin qarşılıqlı şəkildə girov və əsir dəyişdirilməsi məsələsi müzakirə olunub:
"Hesab edirəm ki, yaxın zamanda elə bu məsələ ilə bağlı addım atılacaq. Çünki bu Qəzzada humanitar fəlakətin azaldılması üçün həm Ərəb ölkələri, həm də Türkiyəyə müsbət siqnal ola bilər. Lakin yaxın zamanda İsrail-Həmas qarşıdurmasında atəşkəs və müharibənin dayanması indiki şərtlər içərisində mümkün deyil. Çünki İsrail hökuməti Həması və digər silahlı qruplaşmaların Fələstin və Qəzza zolağından çıxmasını istəyir.