“Gənc işçi”dən “Azərbaycan gəncləri”nədək..

Bu uzunömürlü qəzet ölkənin ictimai-siyasi fikir tarixində önəmli rol oynayıb


Azərbaycanda mətbuat tarixinin başlanğıcından bu yana yüzlərlə nüfuzlu qəzetlər nəşr edilib. Bəziləri qısa ömür sürsə də, xeyli mətbu orqan uzun müddət çap olunmağı bacarıb. Təbii ki, çoxsaylı mətbu orqanların böyük hissəsi ictimai-siyasi, müəyyən bir qismi isə mədəniyyət və ədəbiyyat sahəsinə aid qəzet və jurnallar olub. Əlbəttə, ictimaiyyətin hər təbəqəsinə xitab edə bilmək mühüm amil sayılır.

Bu baxımdan nəzərə almaq lazımdır ki, Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və humanitar həyatında mühüm rola malik potensial qüvvə hesab olunurlar. Gəncliyimizin gələcək inkişafı üçün KİV-in, xüsusilə də qəzetlərin əhəmiyyəti olduqca böyükdür. Gəncliyin hərtərəfli inkişafında mühüm rola malik olan tarixi mətbu orqanlarından biri də vaxtilə ən maraqlı qəzet kimi tanınan, şair və yazıçılarımızın ədəbi məktəbi, ideya mərkəzi olan "Gənc işçi” qəzetidir. Bu uzunömürlü qəzet 1919-cu ildən nəşr olunmağa başlayıb və Azərbaycanın ictimai-siyasi fikir tarixində əhəmiyyətli rol oynayıb. Qəzetin redaksiyası gənc ədiblərin, işıqlı fikir adamlarının bir növ qərargahına, əqidə və məslək dostlarının görüş yerinə çevrilib. 

"Gənc işçi” qəzetinin hər nömrəsi oxuculara əsl bayram sevinci bəxş edib. Mətbuat tarixi üzrə araşdırmaçı, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, 1920-1990-cı illər” adlı kitabında "Gənc işçi” qəzetinin tarixindən ətraflı bəhs edib. Müəllif araşdırmasında qəzetin 1919-cu ilin oktyabr ayında nəşrə başladığını yazıb: 

"1919-cu ilin yayında "Bakı şəhəri və rayonlarının Beynəlmiləl Fəhlə Gənclər İttifaqı” adlı konfransda bir sıra qərarlar qəbul olundu. Qarşıya qoyulan vəzifələrdən biri fəhlə gənclər üçün mətbaut orqanını yaratmaq idi. Beləliklə, əvvəlcə "Molodoy raboçi”, sonra isə "Gənc işçi” qəzetləri nəşrə başladı. "Gənc işçi” qəzetinin 1919-cu il 30 oktyabr tarixli sayında xəbər verilirdi: "Bu gün idarəmizə beynəlmiləl cavan fəhlələr ittifaqı tərəfindən nəşr olunan "Gənc işçi” namında bir qəzet vüsul oldu. Qəzet gənc işçilərə aid gözəl və müfid məqalələr ilə doludur. Əsrimizin bu günündə mətbuat insanın dili zümrəsindədir. Mətbuatdan məhrum olmaq dildən məhrum olmaq deməkdir”. Araşdırmaçı vurğulayıb ki, qəzet ilk sayından başlayaraq milli hökuməti "bəy və xanların” hakimiyyəti hesab edirdi: "Azərbaycan Xalq Cümhuriyyəti üçün təhlükəli bolşevik siyasəti həyata keçirən "Gənc işçi” çox keçmədi ki, fəaliyyətini dayandırmalı oldu. Azərbaycan sovetləşəndən sonra "Gənc işçi”ni "Kommunist” qəzetinin gənclər səhifəsi əvəzlədi. 1923-cü il yanvarın 15-də "Gənc işçi” yenidən fəaliyyətə başladı. Redaksiya Bakı Partiya Komitəsinin təbliğat-təşviqat otağında yerləşirdi. Otaqda bir stol, iki də stul vardı. "Gənc işçi”nin yaradıcı və texniki heyəti o qədər də çox deyildi. Qəzetin işlərini həyata keçirmək üçün peşəkar kadrlar çatışmırdı. Ümid yalnız fəhlə-kəndli müxbirlərin işə cəlb olunmasına qalırdı. Azərbaycanda komsomolçu adlandırıla biləcək yekdil qüvvə olmadığından partiyanın nəzarətində belə bir təşkilatın yaradılması zorən həyata keçirildi. Belə bir şəraitdə gənclər üçün mətbuat anlayışı elə hərfi mənada qəbul edilir, "Gənc işçi”nin ətrafına savadsızlıq kursunu təzə bitirən və ancaq ibtidai təhsili olan gənclər toplanırdı. Bu da dövrün digər mətbuat orqanlarına nisbətdə "Gənc işçi”nin səviyyəsinə təsir edirdi”. Qəzet bolşevik mətbuatının prinsiplərinə uyğun olaraq təkcə təbliğatçı və təşviqatçı kimi çıxış etmirdi, həm də kollektiv təşkilatçı kimi fəaliyyət göstərirdi. Komsomol özəklərinin təşkilində və möhkəm sistem halına gətirilməsində bu mətbu orqan yarış aparırdı. "Gənc işçi” partiya tapşırığını böyük səy və əzmlə həyata keçirdiyinə görə Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyəti tərəfindən 1931-ci ilin 16 oktyabr tarixli qərarı ilə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub. 1930-cu ildə kolxoz hərəkatını öz səhifələrində səfərbərliyə alır, gənclərə "sosialist mülkiyyətini göz bəbəyi kimi qorumağı” tövsiyə edirdi. Kolxozlarda əməyin təşkilinə dair materiallar "Kəs saxla” rubrikası adı altında işıq üzü görürdü. 1930-cu ilin yanvarında qəzet müxbirlərin müşavirəsini keçirdi. Tədbirdə məqsəd dəzgah və kotan arxasında yeni-yeni işçi və kəndli müxbirlər hazırlamaq idi. Sovet jurnalistikasına uyğun olaraq qəzetdə "Günün güzgüsündə” rubrikası altında beynəlxalq aləmdə, ölkə daxilində, həmçinin komsomol təşkilatlarında baş verən ən mühüm hadisələr əksini tapırdı”. 

A.Aşırlı kitabında qeyd edib ki, Böyük Vətən müharibəsi illərində öz fəaliyyətini dayandıran "Gənc işçi” qələbədən sonra "Azərbaycan gəncləri” adı ilə çıxmağa başlayıb: 

"Qəzet gənclərin müharibənin vurduğu yaraları sağaltmaq, xalq təsərrüfatının bərpası, yeni müəssisələr tikmək və sənaye sahələri yaratmaq uğrunda təbliğat və təşkilati işlərə cəlb olunurdu. "Biz sizdən öyrəndik qəhrəmanlığı”, "Döyüş şöhrəti yürüdü”, "Ataların yolu oğulların yoludur” rubrikaları qəzetin bir müddət ən çox diqqət yönəldilən rubrikaları oldu. Nəticədə qəzetin tirajı artdı, əgər 1946-cı ildə qəzet 25 min nüsxə ilə çap olunurdusa, bu rəqəm 1969-cu ildə 250 minə çatdı”.
Tarix boyu "Azərbaycan gəncləri” qəzetində əhəmiyyətli əsərlər, məqalələr dərc olunub. Görkəmli dilçi və ədəbiyyatşünas-alim Məmmədağa Sultanov və Mikayıl Müşfiq kimi tanınmış ziyalılar bu mətbu orqanda işləyiblər. Məmmədağa Sultanov ədəbi fəaliyyətə qəzetdə çap etdirdiyi "Sənət məktəbi” adlı ilk şeiri ilə start verib. Məşhur şairimiz Səməd Vurğun da ədəbi fəaliyyətə 1926-cı ildə "Gənc işçi” qəzetində nəşr etdirdiyi "Mavi göl” şeiri ilə başlayıb. Azərbaycanın dahi bəstəkarı Tofiq Quliyevin "Azərbaycan Dövlət cazı” haqqında məqaləsi də 1941-ci il 20 mart tarixində "Gənc işçi” qəzetində çap edilib. Qəzet hər dövrdə tanınmış ziyalılar, söz adamları tərəfindən böyük qiymət alıb. Bu qəzeti yaradıcı adam kimi izləyənlərdən biri də görkəmli şairimiz Bəxtiyar Vahabzadə idi. Şair şeirlərinin dərc olunduğu mətbu orqanı "islahatçı qəzet” adlandırırdı. Xalq şairi Nəbi Xəzri "bizim kişi arxamız”, şair Qabil "xalqın ürək sözlərini, xalqa məxsus cəsarətlə deməkdən çəkinməyən” qəzet, Məmməd İsmayıl isə qəzeti "gəncliyin yaradıcılıq beşiyi” adlandırırdı. Qəzetin bəyənilən fəaliyyəti təbii ki, ona rəhbərlik edən təcrübəli şəxslərin xüsusi bacarığından asılı idi. "Azərbaycan gəncləri”nin baş redaktoru olmuş Böyükağa Həsənov, İdris Qasımov, Mirpaşa Miriyev və başqaları jurnalistlərə nəinki qəzetçilikdən, eyni zamanda həyatdan da dərs keçiblər. Həmin redaktorlar heç bir qarşılıq gözləmədən görkəmli qələm adamlarımıza, Nəriman Həsənzadəyə, Bəkir Nəbiyevə, Tofiq Mütəllibova zəmanətlə arxa durub, onların əsərlərini, məqalələrini qəzet səhifələrinə çıxarıblar. Azərbaycanda idman jurnalistikasının pionerlərindən sayılan Zaur Zamanov da "Azərbaycan gəncləri”ndə işlədiyi zaman yüzlərlə idmançını cəmiyyətə tanıdıb. Onun üzə çıxardığı şəxslər bu gün mədəniyyət sahəsinin liderləri arasında yer alırlar.
Qəzetin görkəmli baş redaktorlarından biri də tanınmış yazıçı Cəmil Əlibəyov olub. 1949-cu ildə yaradıcılıq sınaq qaydası ilə "Azərbaycan gəncləri” qəzetinə işə götürülən C.Əlibəyov üç il sonra anonim məktubla Moskva tərəfindən yoxlanılıb və ictimai keçmişi "ləkəli” olduğuna görə işdən kənarlaşdırılıb. Stalinin ölümündən dərhal sonra onu əvvəlki işinə bərpa ediblər. 20 il həmin qəzetdə ədəbi işçi, şöbə müdiri, məsul katib, son on iki ildə baş redaktor kimi fəaliyyət göstərib. Çalışdığı qəzet gənclərin sosial həyatını reallıqla işıqlandırdığına görə gənc nəslin etimadını, sevgisini qazanıb. Onun işlədiyi dövrdə qəzetin tirajı 450 minə yüksəlib: "Müharibə dövrü kolxozda işlədiyim üç il istisna edilərsə, həyat fəaliyyətimə burada başlamışam. Qəzetdə işləyə-işləyə ali təhsil diplomu almışam. Jurnalist müəllimim isə qəzetin nömrələrində dərc olunan "letuçkalar” idi. Klassik jurnalistlik irsimizdən uzun müddət demək olar ki, xəbərsiz olmuşam. Əldə etdiyim "Fyuzat” jurnalının komplektini gecə yarısı oxuyurdum ki, görən olmasın. Axı o ədəbiyyatlar qadağan idi. Həmin dövr qəzetinin yaradıcılarının çoxu sonralar qəzet redaktoru oldu. Şairlərimiz iki cəbhədə işləyirdilər. Nəriman Həsənzadə növbətçi olanda, arada vaxt tapıb "Nəriman” poemasını yazardı. Novruzla Tofiq isə redaksiyada fikirləşib evdə şeir yazardılar. Bizim qəzetə verməzdilər ki, şeir selinin qabağında duruş gətirsinlər. Şair Fikrət Qoca redaksiyanın ərköyün övladı kimi sevilirdi. Bizim kollektivimizi "tarixə salan” fotoqraf Katiyasız, Üzeyirsiz xeyir-şərimiz olmazdı”.

Xalq şairi Sabir Rüstəmxanlı "Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi "Yazıçının ana dünyası” məqaləsində belə yazıb: 

"Azərbaycan gəncləri” qəzetinin köhnə binasında redaktorun iri otağını xatırlayıram. Buraya "Gənc qələmlər” birliyinin üzvləri toplanırdılar. Cəmil Əlibəyovun söhbəti həmişə öz canlılığı, yapışıqlığı və ən başlıcası, səmimiyyəti, qayğıkeşliyi ilə seçilirdi. Elə bu qayğının nəticəsidir ki, 60-cı illərdə "Azərbaycan gəncləri” qəzeti bir sıra istedadlı gənc şair və yazıçının start meydanına çevrildi. İndi ədəbiyyatda onların öz möhkəm mövqeləri var. Adları respublikamızdan kənarda tanınır. Radionun və televiziyanın indi məşhur olan neçə-neçə verilişi, nə qədər yaxşı ənənəsi bu qayğıdan doğulub”. Uzun müddət Azərbaycan Jurnalistlər Birliyinə rəhbərlik edən Hacı Hacıyev, məşhur felyetonları ilə gündəmə gələn Şamil Fərzəliyev, "Azərbaycan gəncləri”nə "Rəndə” gətirən Mürşüd Dadaşov və Qəşəm Aslanov da qəzetin tarixinə qızıl hərflərlə yazılıblar. Tanınmış müəlliflərin qazanmağın və oxucu cəlb etməyin başlıca amili qəzetin hər nömrəsinin maraqlı çıxması idi. Gənc qurucuların əməklərini qiymətləndirməyi, istedadı olanlara qol-qanad verməyi, onların sevimlisi, dostu, köməkçisi olmağı "Azərbaycan gəncləri” qəzeti özünün əsas amalı, borcu hesab edirdi. "Azərbaycan gəncləri”nin əməkdaşı olmayan, lakin onun rəğbət və nüfuz qazanmasında müstəsna əməyi olan ziyalılar da çox olub. Məsələn, qocaman jurnalist Şirməmməd Hüseynov, Famil Mehdi, yazıçı və şairlər - Süleyman Rəhimov, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Mir Cəlal, Nəbi Xəzri, Xəlil Rza, maestro Niyazi və başqaları redaksiyanın ştatdan kənar müxbirləri olub, qəzeti dəstəkləyiblər”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb