
Gürcüstan uğurdan bəhrələnmək istəyir -ANALİTİK
Ermənistan və Azərbaycan arasında demək olar ki, açıq qalan mövzular da artıq həllini tapmaq üzrədir
Tbilisidə Gürcüstan Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüşü keçirilib. İclası Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb. O, Cənubi Qafqazın strateji rolu, regionun potensialı və əməkdaşlıq formatları barədə danışıb. Gürcüstan XİN başçısı üçtərəfli görüşün keçirilməsinin Gürcüstanın regional əməkdaşlığın inkişafına və ümumi maraqların müəyyənləşdirilməsinə töhfə vermək üçün səmimi istəyinin göstəricisi olduğunu qeyd edib. Vurğulayıb ki, Cənubi Qafqaz strateji əhəmiyyət kəsb edən regiondur və üçtərəfli əməkdaşlıq son dərəcə zəruridir. Bəyan olunub ki, qapalı formatda keçirilən görüşün məqsədi regionun firavanlığı, sabitliyi və davamlı inkişafı naminə ölkələr arasında qarşılıqlı faydalı, praktiki, üçtərəfli əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək sahələr üzrə üç ölkənin ümumi maraqlarını və fikirlərini bölüşməkdir: "Xarici işlər nazirlikləri arasında üçtərəfli görüş hər hansı digər mövcud əməkdaşlıq formatı ilə ziddiyyət təşkil etmir və ya onu əvəz etmir, əksinə, üç qonşu ölkənin konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün əlavə səylərini ifadə edir. Görüşdən əvvəl Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında məsləhətləşmələr aparılıb, bu zaman üç ölkənin xarici işlər nazirlikləri arasında üçtərəfli görüşün keçirilməsi təşəbbüsü irəli sürülüb".
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da üçtərəfli görüşlə bağlı danışarkən deyib ki, Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan XİN rəhbərləri müavinlərinin görüşü yeni reallıqlar imkanı yaradır: "Hər üç ölkəyə aid mövzular həmin görüşdə müzakirə edilir, bu, ikitərəfli mövzular deyil. Bizim aramızda açıq məsələlərə toxunmayaraq, ümumi maraqlarımızda olan məsələlər müzakirə edilir. Transsərhəd çayları və bir sıra digər məsələlər bu gün müzakirə mövzusu olacaq. Ümumilikdə belə platformanın təşkil edilməsini biz müsbət inkişaf kimi qəbul edirik".
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan-Azərbaycan arasında münasibətlərin inkişafı və danışıqların təşkil olunması reallaşmaqda olan sülh müqaviləsinə gətirib çıxaran müsbət haldır. Ekspert bildirib ki, Gürcüstanın müxtəlif vaxtlarda üçlü münasibətlər təşəbbüsü birgə görüləcək işlər, ortaq layihələrin həyata keçirilməsi sarıdan zəruri addımdır:

"Azərbaycan-Gürcüstan-Ermənistan üçlü platformasının formalaşması region üçün də önəm kəsb edir. Bu, həm sülh və sabitliyin daimi olmasını, həm də iqtisadi-ticari əlaqələrin inkişafını təmin edər. İndiyə qədər Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişə və Qarabağ problemi ətrafında yaranmış gərgin mühit bir çox əlaqələrə, münasibətlərə, iqtisadi, ticari fəaliyyətə, kommunikasiya sisteminin işləməsinə mane olurdu. Şübhəsiz, Azərbaycanın səyi nəticəsində bu problemin aradan qalxması və siyasi masadakı nailiyyətləri sayəsində artıq sülh mərhələsinə gəlib çatmağımız sözügedən münasibətlərin, əlaqələrin reallaşmasına zəmin yaradıb. Odur ki, Qafqazın bu üç ölkəsi birgə ortaq layihələr həyata keçirə, üçlü platformada ölkələrimizin inkişafı üçün kifayət qədər müsbət addımlar ata bilər".
Siyasi şərhçinin sözlərinə görə, aparıcı dövlət və əsas güc olaraq Azərbaycan bu platformanın işləməsi üçün, faydalı olması üçün əvəzsiz töhfələr verə bilər:
"Lakin Ermənistanın məkr və xəyanət cəhdlərindən əmin olmaqla bu işlər həyata keçirilə bilər. Ümid edirəm ki, Ermənistan da çox vurnuxandan sonra artıq anladı ki, sülhdən, ram olmaqdan başqa yolu yoxdur. Ermənistan və Azərbaycan arasında demək olar ki, açıq qalan mövzular da artıq həllini tapmaq üzrədir. Baxmayaraq ki, bu diplomatik mübarizə Azərbaycan üçün həlledici idi. Dövlət siyasətinin uğuru sayəsində sülh müqaviləsinin bütün bəndlərinin qəbul edilib həyata keçirilməsi işləri nailiyyətlə nəticələndi və Ermənistan qəbul etdi. Gürcüstan da Azərbaycanın getdikcə güclənməsini, davamlı uğur və qələbələrini dərk etməklə yanaşı bundan bəhrələnmək istəyir. Üçlü platforma üzərində danışıqların uğurlu olacağı şübhəsizdir. Azərbaycanın əhəmiyyətli coğrafiyada yerləşməsi, yürütdüyü siyasət və dövlət başçısının etibar və qətiyyəti sayəsində üçlü platformada görülən işlərin bölgə üçün, bütün Qafqaz üçün əhəmiyyətli rol oynayacağı şübhəsizdir".