10 min erməni Qarabağa dönəcəksə…

Qərbi Azərbaycandan deportasiya edilmiş 450 min azərbaycanlı da öz yurduna qayıtmalıdır
  Qarabağdakı ermənilər öz xoşları ilə, könüllü olaraq torpaqlarımızı tərk etdilər. Onların bir hissəsi hazırda Ermənistandan da gediblər. Ancaq müəyyən qisminin Qarabağa qayıtması ilə bağlı məsələ erməni tərəfində məqsədli şəkildə müzakirə olunmaqdadır. Hətta bu məsələ üzərindən müxalifət, elə iqtidar da bəzən siyasi manipulyasiya edir. Azərbaycan ictimaiyyətində isə belə fikirlər dolaşır ki, əgər Qarabağa ermənilərin yenidən qayıdışına imkan veriləcəksə, onunla paralel olaraq Qərbi azərbaycanlıların da tarixi Zəngəzur torpaqlarına geri dönüşü həyata keçirilməlidir. Məsələn, millət vəkili Razi Nurullayev deyib ki, 35 ildir Ermənistanda bir azərbaycanlı belə yaşamır. Amma ermənilər bir ay öncəyə qədər ölkəmizdə meydan sulayırdı. Onun sözlərinə görə, indi həm Qarabağda, həm də Bakıda minlərlə erməni yaşayır: "Əgər 10 min erməni Qarabağa dönəcəksə, 10 min azərbaycanlı Zəngəzura qayıtmalı, Ermənistan rəhbərliyi onları evlərlə təmin etməlidir. Əks halda bir erməninin belə Azərbaycana dönməsinə razı deyilik. İnsan haqları yalnız xristianlar və ermənilər üçün deyil, azərbaycanlıların da hüquqları var". Qeyd edək ki, bənzər təkliflər başqa siyasətçilər tərəfindən də gündəmə gətirilir. 
Beynəlxalq Münasibətlər və Diplomatiya Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a açıqlamasında bildirib ki, əgər Qarabağda yaşayan ermənilərin yenidən torpaqlarımıza qayıdışı prosesi həyata keçiriləcəksə, adekvat olaraq Qərbi Azərbaycandan zorla çıxarılmış, deportasiyaya məruz qalmış şəxslərin öz doğma yurdlarına qayıdışı da reallaşmalıdır: 
"Nəzərə alaq ki, 1988-ci ilədək Qərbi Azərbaycanda, yəni indiki Ermənistan ərazisində yaşayan soydaşlarımız Ermənistanın təxminən 25 faiz ərzisində məskunlaşmışdılar. Bu, XX əsrin 70-80-ci illərinin statistikasıdır. Yəni təqribən 7 min kv.km. ərazidə Qərbi azərbaycanlılar yaşayıb. Əgər Ermənistan hökuməti Qarabağdan könüllü getmiş erməniləri özləri qəbul etmirsə, onları ölkədə saxlamaq istəmirlərsə, o halda Qərbi Azərbaycanın da qapılarını vətəndaşlarımızın üzünə açsınlar. İrəvan hökuməti tarixi yurdlarından zorla çıxarılmış Qərbi azərbaycanlıların geri dönüşünə şərait yaratmalıdır. Proses qarşılıqlı şəkildə həyata keçirilməlidir. Düzdür, "beş nəfər bura gəlsin, beş nəfər burdan getsin" prinsipi bir qədər məntiqə uyğun gəlmir. Çünki yüz minlərlə Qərbi azərbaycanlı öz yurduna qayıtmalıdır. Qarabağdan Ermənistana gedən ermənilərin sayı isə iddia ediliyi kimi yüz min yox, 20 min civarındadır. Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların sayı 450 minə qədərdir".