Daha sağlam və xoşbəxt həyat hər birimizin arzusudur. Bəs bunun üçün nə etməliyik? Düşüncələri qaydaya salmağa, zehni yüngülləşdirməyə və emosional yükdən azad olmağa kömək edən bir sıra üsullar var.
Sherg.az xəbər verir ki, məqalə ilk dəfə 12 dekabr 2025-ci ildə dərc edilib, sonuncu dəfə 22 oktyabr 2026-cı ildə yenilənib.
Bahar təmizliyini ruhunuza da tətbiq etmək istəyirsinizsə, bu 14 tövsiyəyə nəzər salın.
1. Yeni bir şey öyrənin
Həyatda qarşılaşdığımız dəyişikliklər diqqətimizi cəmləmək qabiliyyətimizi zəiflədərək narahatlıq yarada bilər. Yeni hobbi ilə məşğul olmaq və ya dərsə başlamaq yaradıcılığı inkişaf etdirməyə, həyatımıza yeni məqsəd qazandırmağa kömək edir. İstər yeni dil öyrənmək, istərsə də fərqli idman növünü sınamaq olsun, bu fəaliyyətlər zehni qarışıqlıqdan uzaqlaşmağa şərait yaradır.
2. Gündəlik yazın, amma tələsməyin
Xüsusilə gündəlik yazmağa yeni başlayan insanlar hər gün buna bir saat vaxt ayırmaqda çətinlik çəkə bilərlər. Halbuki gündə cəmi beş dəqiqə yazmaqla başlamaq kifayətdir. Bu vərdiş zamanla gündəlik həyatınızın bir hissəsinə çevrilə bilər.
3. Faydalı məqsəd uğrunda könüllü olun
İnsanın öz düşüncələrinə və gündəlik stresslərinə qapılması asandır. Xeyriyyə təşkilatlarında və ya ictimai təşəbbüslərdə könüllü fəaliyyət göstərməyə vaxt ayırın, yaşadıqlarınızı qeyd edin. Düşüncələrinizi və hisslərinizi gündəlik təcrübələrinizlə müqayisə etmək hadisələrə daha geniş prizmadan baxmağa, zehni qarışıqlıqdan uzaqlaşmağa və yeni imkanlar kəşf etməyə kömək edə bilər.
4. “Xeyr” deməyi öyrənin
İnsanları razı salmağa çalışmaq çox vaxt başqaları tərəfindən qəbul olunmaq istəyindən qaynaqlanır. Qarşı tərəfin reaksiyasından asılı olmayaraq, “xeyr” deməyi və sağlam şəxsi sərhədlər müəyyənləşdirməyi öyrənmək vacibdir. Başqalarının məyusluğunun öhdəsindən gələ biləcəyinizi özünüzə xatırladın. Beləliklə, yalnız rahatlıqla yerinə yetirə biləcəyiniz öhdəlikləri üzərinizə götürərsiniz.
5. Rəqəmsal təmizlik edin
Uzun müddətdir izlədiyiniz sosial media hesabı mütləq sizə fayda verir demək deyil. Əhvalınızı pozan, sizi bədbəxt hiss etdirən hesabları izləməkdən imtina edin. Bunun əvəzinə özünüzü yaxın hiss etdiyiniz və sizə müsbət təsir göstərən məzmunlara üstünlük verin.
6. Özünüzə qarşı şəfqətli olun
Özünə şəfqət göstərmək hər zaman özünü birinci yerə qoymaq deyil. Bu, qüsurlarınız da daxil olmaqla, özünüzü olduğunuz kimi qəbul etməkdir. Özünüzə qarşı mehriban və anlayışlı olmaq dözümlülüyü artıra, münasibətləri yaxşılaşdıra, başqalarına qarşı daha çox şəfqət göstərməyə kömək edə bilər.
7. Vaxtınızı düzgün idarə edin
Kiçik tapşırıqları tez yerinə yetirin, dərhal görülməsi vacib olmayan işləri sonraya saxlayın, mümkün olduqda bəzi öhdəlikləri başqalarına həvalə edin. Həqiqətən yerinə yetirilməsi vacib olmayan əlavə işləri isə siyahınızdan çıxarın.
8. Təxirəsalma vərdişindən qurtulun
İşləri təxirə salmaq vərdişinizi müəyyənləşdirin və hər gün bu davranışa qarşı çıxmağa çalışın. Məsələn, özünüzə “Buna başlamazdan əvvəl bir az nəsə izləyim” dediyinizi görsəniz, diqqətiniz yayınmadan işə başlayın. “Mən bunu etməyi seçirəm” deməklə təxirəsalma vərdişinin yaratdığı maneəni aşmağa kömək edə bilərsiniz.
9. Nəyi idarə edə biləcəyinizə diqqət yetirin
Narahat olduğunuz zaman zehniniz mənfi düşüncələrlə dolub-daşa bilər. Bir vərəq götürüb onu üç sütuna bölün. Birinci sütuna vəziyyətlə bağlı idarə edə biləcəyiniz məsələləri, ikinciyə təsir göstərə biləcəyiniz amilləri, üçüncüyə isə nəzarətinizdən kənarda olan məqamları yazın.
Plan hazırlayarkən ilk sütuna diqqət yetirin. Beləliklə, dəyişdirmək imkanınız olan məsələlərə yönələ bilərsiniz.
10. Bədəninizi deyil, qarderobunuzu yeniləyin
Həyatın tempi artdıqca və yaşlandıqca bədənimiz də dəyişir. “Bəlkə arıqladım” düşüncəsi ilə köhnə paltarları saxlamaq əvəzinə, indiki bədəninizi dəyərləndirməyi və qəbul etməyi seçin. Özünüzə münasibətinizi yalnız xarici görünüşünüzlə məhdudlaşdırmayın.
11. Hər gün şükür etməyi vərdişə çevirin
İnsanlar mənfi düşünməyə meyilli ola bilərlər. Bəzən bir mənfi düşüncənin təsirini azaltmaq üçün bir neçə müsbət məqamı xatırlamaq lazım gəlir.
Hər səhər minnətdar olduğunuz beş şeyi düşünərək günə başlayın. Bu, rahat yataq, yaxınınızdan gələn xoş mesaj və ya sizi sevindirən başqa bir kiçik hadisə ola bilər. Eyni vərdişi yatmazdan əvvəl də təkrarlayın.
12. Sizi narahat edən amilləri müəyyənləşdirin
Kiminsə dediyi söz sizi incidəndə öz reaksiyanızın səbəbləri barədə düşünün. Emosional baxımdan təsirləndiyinizi hiss etdikdə həmin an özünüz haqqında hansı qənaətə gəldiyinizi, vəziyyəti və qarşı tərəfi necə qiymətləndirdiyinizi yazın. Sizi narahat edən amilləri nə qədər yaxşı tanısanız, onların sizə təsiri bir o qədər azala bilər.
13. Düşüncə gündəliyi aparın
Zaman keçdikcə bizə fayda verməyən vərdişlər və inanclar formalaşdıra bilərik. İstədiyiniz nəticəni əldə edə bilmirsinizsə və ya eyni problemləri təkrar yaşayırsınızsa, düşüncə gündəliyi aparmağa çalışın.
Bu üsul narahatlıq və bədbəxtlik yaradan vəziyyətləri təhlil etməyə, onların səbəblərini anlamağa və hansı dəyişiklikləri edə biləcəyinizi müəyyənləşdirməyə kömək edə bilər.
14. Stress səviyyənizi qiymətləndirin
Gündəlik işləri düşünmədən, avtomatik şəkildə yerinə yetirərkən özünüzü qəfil həddindən artıq yüklənmiş hiss edə bilərsiniz. Qarşılaşdığınız bütün məsələləri yazın və hər birinin sizdə yaratdığı narahatlığı 1-dən 10-a qədər qiymətləndirin.
Sonra siyahını ən az narahatlıq doğurandan ən çox narahatlıq yaradana doğru sıralayın və hər biri üçün fəaliyyət planı hazırlayın. Problemləri kiçik mərhələlərə bölmək onların öhdəsindən gəlməyi asanlaşdırır.