İrəvan Moskvaya meydan oxuyur: Azərbaycanla sülh Rusiyanın təsirini azaldacaq - ŞƏRH

  • “Ermənistan üçün Azərbaycanla münasibətlər xüsusi əhəmiyyət daşıyır” 

Ermənistanda Rusiyaya qarşı siyasi ritorikanın sərtləşməsi və Moskvanın ölkəyə təsir imkanlarının açıq şəkildə müzakirəyə çıxarılması diqqət çəkir. Ermənistanın “Respublika Naminə” partiyasının sədr müavini Ruben Mehrabyan Rusiya ilə münasibətlərin artıq əvvəlki vəziyyətə qayıtmayacağını bildirərək, Moskvanın qaz siyasətini və dəmir yollarının idarəçiliyini tənqid edib.

O, eyni zamanda Azərbaycanla münasibətlərin normallaşmasını Ermənistan üçün prioritet istiqamət kimi təqdim edib: “Ermənistanla Rusiya arasındakı münasibətlər artıq əvvəlki kimi ola bilməz. Ermənistanda artıq üzərində tonlarla kompromat olan hökumət yoxdur. Rusiyanın İrəvana qarşı belə bir təsir rıçağı mövcud deyil”.

Rusiyanın satdığı qazın qiymətinin mümkün artımı ilə bağlı müzakirələrə toxunan Mehrabyan qeyd edib:

“Ukrayna hər gün Rusiyanı partladıb-dağıdır, amma Moskva bizi qorxudur. Qoy gedib hava limanlarının qayğısına qalsınlar, bir təyyarə belə uçurda bilmirlər. Qaldırsalar da, ölməyəcəyik ki”.

Politoloq Yusif Bağırzadə Sherg.az-a bildirib ki, Ermənistanın hakimiyyət düşərgəsinə yaxın siyasi dairələrdə Rusiyaya qarşı tənqidlərin sərtləşməsi əslində Cənubi Qafqazda dəyişən geosiyasi reallıqların nəticəsidir: “Ruben Mehrabyanın Azərbaycanın Ermənistan üçün prioritet əhəmiyyət daşıması və iki ölkə arasında sərhədlərin açılmasının qaçılmazlığı barədə fikirləri də bu kontekstdə qiymətləndirilə bilər. Burada əsas məsələ İrəvanın xarici siyasətini daha çoxşaxəli etmək, iqtisadi və nəqliyyat imkanlarını genişləndirmək, eyni zamanda Moskvanın təsir alətlərindən asılılığı azaltmaq istəyidir. Rusiyanın Ermənistan üzərindəki təsir imkanları ilk növbədə enerji və nəqliyyat sahələrində özünü göstərir. Ermənistanın qaz təchizatında Rusiyanın mühüm paya malik olması, eləcə də ölkənin dəmir yolu şəbəkəsinin Rusiya şirkətinin uzunmüddətli idarəçiliyində qalması İrəvanın manevr imkanlarını məhdudlaşdıran amillərdir. 2026-cı ildə Moskvanın Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda güzəştli qaz qiymətlərinin gələcəyini gündəmə gətirməsi iqtisadi münasibətlərin siyasi təzyiq vasitəsinə çevrilə biləcəyini göstərir. Bununla belə, Ermənistanın Rusiya ilə bütün əlaqələrini qısa müddətdə kəsməsi real görünmür. İrəvanın əsas məqsədi daha çox alternativlər yaratmaq və qərarvermədə müstəqilliyini artırmaqdır. 

Bu baxımdan Azərbaycanla münasibətlərin normallaşması Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır. Sərhədlərin açılması və regional kommunikasiyaların bərpası Ermənistanın Türkiyə və Azərbaycan üzərindən əlavə ticarət və tranzit imkanları əldə etməsinə şərait yarada bilər. Bu, ölkənin nəqliyyat baxımından təcrid olunmuş vəziyyətini zəiflədərək iqtisadi əlaqələrini şaxələndirə bilər. Azərbaycan üçün isə Naxçıvanla bağlantının yaradılması, Türkiyə ilə quru nəqliyyat əlaqələrinin genişləndirilməsi və Orta Dəhlizin imkanlarının artırılması baxımından yeni perspektivlər formalaşar”.

Yusif Bağırzadə qeyd edib ki, regional siyasi proseslərə təsir də məhz burada ortaya çıxır:

“Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun güclənməsi problemlərin həllində Moskvanın vasitəçilik roluna əvvəlki səviyyədə ehtiyacın azalmasına gətirib çıxara bilər. Bununla yanaşı, ABŞ və Avropa İttifaqının regiondakı iqtisadi və diplomatik fəallığı Rusiyanın ənənəvi təsir imkanları ilə rəqabəti gücləndirir. İrəvan da bu fonda müxtəlif tərəfdaşlarla münasibətləri qoruyaraq öz milli maraqlarını təmin etməyə can atır. 

Ümumiyyətlə isə Mehrabyanın fikirləri yeni bir şey deyil, bu Ermənistan daxilində regional əməkdaşlığın və alternativ xarici siyasət kursunun tərəfdarlarının indiyə qədər sərgilədiyi mövqedir. Həqiqətən də Azərbaycanla münasibətlərin normallaşması Ermənistan üçün həm iqtisadi, həm də strateji faydalar vəd edir. Amma bunun reallaşması üçün siyasi bəyanatlar kifayət deyil. Sülh sazişinin imzalanması, sərhəd məsələlərinin həlli və kommunikasiya xətlərinin açılması istiqamətində praktik addımlar atmaq lazımdır”.