2018-ci ildə Gəncə iğtişaşları zamanı qətlə yetirilən polis polkovniki İlqar Balakişiyevin həyat yoldaşı Nazilə Balakişiyeva da Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
APA -nın məlumatına görə, N. Balakişiyeva polisi zabiti Səməd Abbasovun Prezident İlham Əliyevə açıq məktub ünvanlayan ailəsinin müraciətinə qoşulduğunu, bu cinayətdə əli olanlara layiqli cəza verilməsini istədiyini bildirib.
“Yüksək rütbəli zabitlərin öldürülməsini təşkil edən insanlar tərəfindən biz çox aşağı qiymətləndirilirik. Bu hadisələri törədən insanlar elə bilirlər ki, o polislər adi insanlardır. Biz susuruq deyə, bu hadisənin dərin mənasını heç kim dərk etmir. Ona görə biz müraciət etmək istəyirik ki, kimlər ki, günahkarların azad olunmasını tələb edirlər, onlar necə lazımdı cəzalandırılsın. Bizim haqqımız var, bilək ki, bu qətli törədənlər lazımı cəzalarını alıblar. Əllərində silah olmadığı halda, durduqları yerdə yüksək rütbəli zabitlərin məhv edilməsi nə deməkdir? Bu adamları yetişdirməkdən ötrü dövlət və ailələri nə qədər əziyyət çəkib. Onlar başa düşmürlər ki, belə şəxsiyyətləri itirmək nə deməkdir. Biz onlardan fərqli olaraq, ziyalı adamlarıq, buna görə də onların etdiklərini etmirik. Amma indi istəyirik ki, bizim də səsimizi eşitsinlər.
Bu işlə bağlı həbs edilənlərin yaxınlarına demək istəyirəm ki, heç olmasa, abırlarına qısılıb ortalığa çıxmasınlar. Günahsız insanları öldürdüklərinə görə utanmırlar. Onların övladları, həyat yoldaşları tutulsa da, sağdı. Amma mənim ailəmin başçısı artıq yoxdur. Mənim də övladım var, amma onlar küçəyə çıxıb kimisə öldürəsi deyil. Çünki mən onlara yaxşı tərbiyə vermişəm. Ancaq elə övladları tərbiyə edən anadan nə gözləmək olar ki? Səviyyəsiz, təhsilsiz, məntiqsiz. Onlar şüursuzluqlarından bu hərəkəti edirlər. Onlar hansı səviyyədə insanı öldürdüklərini dərk etmirlər. Gəncədə neçə nəfər polkovnik var ki? Bir, iki, ya da üç.
Cənab prezident İlham Əliyevdən həyat yoldaşım İlqar Balakişiyevi qətlə yetirənlərə layiqli cəza verilməsini xahiş edirəm”, - deyə müraciətdə bildirilir.
Qeyd edək ki, 2018-ci ildə Gəncə iğtişaşları zamanı qətlə yetirilən polis zabiti Səməd Abbasovun həyat yoldaşı Leyli Abbasova da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq məktub ünvanlayaraq günahkarların layiqincə cəzalandırılmasını istəyib.