Sentyabrın 25-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov polisin fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar respublikanın cənub bölgəsindən müraciət etmiş vətəndaşları qəbul etmək üçün Lənkəran şəhərində səfərdə olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəbuldan sonra nazir V.Eyvazov ulu öndər Heydər Əliyevin bu şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Daha sonra general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsinə gedərək orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, hərbi hissənin qərargahındakı “Şərəf kitabı”nı imzalayıb.
V.Eyvazov nazir müavini – Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədovun müşayiəti ilə hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, həmçinin silah təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olub.
Hərbi hissənin sıra meydanında şəxsi heyət qarşısında çıxış edən Daxili İşlər naziri V.Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti sayəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını qeyd edərək, dövlət başçısının ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, hərbi qulluqçuların maddi-texniki təminatının, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.
Daxili Qoşunların ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıran nazir şəxsi heyətin ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla qeyd edib.
Şəxsi heyətə konkret tapşırıq və tövsiyələrini verən naziri sonda daxili işlər orqanlarının, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunların fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib və əmin edib ki, hərbi qulluqçular qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, göstərilən ali diqqət və böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqdır.
Nazir xidməti vəzifələrin və döyüş tapşırıqlarının icrasında fərqlənmiş bir qrup hərbi qulluqçunun mükafatlandırılması barədə müvafiq göstəriş verib.
Cənub bölgəsinə səfəri çərçivəsində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların Cəlilabad şəhərində yerləşən hərbi hissəsində də olub. O, burada da şəxsi heyətin hazırlıq səviyyəsi, xidməti, sosial-məişət şəraiti, maddi-texniki təminatı məsələləri ilə maraqlanıb.
Sonra Daxili İşlər naziri V.Eyvazovun rəhbərliyi ilə hərbi hissənin qərargahında komandir heyəti ilə əməliyyat müşavirəsi keçirilib. Nazir hərbi qulluqçulara konkret tapşırıq və tövsiyələrini verərək qanunvericiliklə müəyyən edilmiş vəzifə və tapşırıqların öhdəsindən bundan sonra da yüksək səviyyədə və layiqincə gələcəklərinə əminliyini ifadə edib.