“Bu gün baş verən zəlzələ zamanı həyəcandan səhhəti pisləşən 28 nəfər xəstəxanada müayinə və müalicə olunub. Onlardan yalnız 2-si hazırda xəstəxanadadır, çünki sınıq xəsarəti alıblar, digərləri evə buraxılıb”.
APA -nın yerli bürosunun xəbərinə görə, Türkiyənin vitse-prezidenti Fuad Oqtay bu gün İstanbulda baş verən 5,8 bal gücündə zəlzələ ilə əlaqədar açıqlama verərkən bu barədə bildirib.
Vitse-prezident 172 binada çatlaq qeydə alındığını, təbii fəlakətlə əlaqədar 26 xidmət qrupunun, 3 minədək personalın xidmətə hazır olduğunu deyib.
Əhalini panika yaşamamağa çağıran vitse-prezident məktəblərin sabah bağlı olacağı haqqında məlumatların doğru olmadığını qeyd edib.
Qeyd edək ki, bu gün İstanbulda yerli vaxtla 10.32-də 3,6 bal, 13.59-da 5,8, 14.27-də isə 4 bal gücündə zəlzələ baş verib. Türkiyə üzrə gün ərzində zəif təkanlar da daxil olmaqla 60 dəfə yer silkələnməsi qeydə alınıb.