Professor Vilayət Quliyevin böyük mütəfəkkir haqqında qələmə aldığı kitablar əsasında elmi konfrans keçirilib
Bugün Atatürk Mərkəzində Azərbaycan “Türk ocağı”ının təşkilatçılığı ilə Azərbaycan və Türkiyənin dövlətçilik tarixində mühüm rol oynamış böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi çərçivəsində elmi konfrans keçirilib.
Toplantıda eyni zamanda Azərbaycanın Macarıstandakı səfiri, professor, tədqiqatçı, sabiq xarici işlər naziri Vilayət Quliyevin Əhməd bəy Ağaoğluya həsr etdiyi kitabların - “Atatürk və Əhməd Ağaoğlu”, “Türkiyəni duyğulandıran ölüm” və “Xatirələr” kitablarının təqdimatı da olub. Tədbirdə millət vəkilləri, tarixçi-alimlər, media nümayəndələri, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri İrfan Çiftçi və Əhməd bəy Ağaoğlunun qardaşı nəvəsi Nigar Axundova da iştirak ediblər.
Azərbaycan “Türk ocağı”nın sədri, “Şərq” qəzetinin baş redakoru Akif Aşırlı Vilayət Quliyevin Azərbaycan Xalq Cümhuriyyətinin ən məhsuldar tədqiqatçılarından biri olduğunu deyib:
“Vilayət Quliyev Əhməd bəy Ağaoğlu ilə bağlı ən çox çalışan, onun həyatının qaranlıq məqamlarına işıq salan dəyərli əsərlərin müəllifidir”. A.Aşırlı Azərbaycan “Türk ocağı” barədə də qısa məlumat verib və ilk tədbirin böyük mütəfəkkir, fikir adamı, türk-müsəlman dünyasına önəmli faydalar gətirmiş Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunduğunu vurğulayıb: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan və Bakı işğaldan azad ediləndən sonra Azərbaycanda bir sıra milli təsisatlar yaradıldı. Onlardan biri də Azərbaycan “Türk ocağı” idi. Bu ocaq öz milli köklərini və idarəetmə formasını 1912-cu ildə İstanbulda qurulan Türk Ocaqlarından almışdı. Ocağın əsas ideya müəlliflərindən biri Əhməd bəy Ağaoğlu idi. “Türk ocağı” 1911-c ildə Osmanlı dövlətinin çöküşünün qarşısını almaq və türk milli heysiyyatını yüksəltmək üçün qurulmuş ciddi bir təşkilat idi. Ocaq türk dünyasını böyük ideyalarla zənginləşdirdi və faydalar gətirdi. Ona görə də biz Azərbaycan “Türk ocağı”nın bərpasını zəruri hesab etdik və bunu reallaşdırdıq”.
Daha sonra çıxış üçün söz professor Vilayət Quliyev verilib. Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyəti barədə ətraflı çıxış edən alim öncə Azərbaycan “Türk ocağı”nın bərpasının mühüm bir addım olduğunu bildirib:
“Ocağın iki qurucu üzvü – Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə Azərbaycan türkü idilər. Xatirələrdən aydın görünür ki, Ocağın ilk təsis yığıncağı da Əhməd bəyin İstanbul Şahzadəbaşındakı evində keçirilib. Yəni “Türk ocağı”na sahib çıxmağa mənəvi və məntiqi haqqımız var. Ocaq Türkiyə Cümhuriyyəti qurulandan sonra fəaliyyətini dayandırsa da, onun ən fəal üzvlərindən biri Əhməd bəy Ağaoğlu idi. 1923-ci ildə Əli bəy Hüseynzadə məktublarından birində yazırdı ki, “Mustafa Kamal Paşa həzrətləri Ocağın fəaliyyətini canlandırmaq üçün 3 min lirə pul ayırıb”. Atatürkün iqtidarı dövründə türk ideyası, “Türk ocağı” daha geniş yayılıb və fəaliyyət göstərib. Türkiyənin müxtəlif bölgələrində Ocağın 200-dən çox şöbəsi yaradılıb. Ankarada “Türk ocağı” üçün əzəmətli bir bina inşa edilib. Bu baxımdan Ocağın Azərbaycanda yenidən bərpası olduqca mühüm hadisədir. Türk Ocaqları Osmanlı coğrafiyasında türkçülüyün yayılmasında böyük rol oynayıblar. Ocaq Anadolu türklərinə, az qala qapı-qapı gəzərək türkçülüyü izah edir, türklərin hakim millət olduğunu başa salırdı. Arzu edirik ki, indiki “Türk ocağı”nın fəaliyyəti də çox geniş dairələri əhatə etsin, hər yerə yayılsın”.
Professor vurğulayıb ki, Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi mədəni, ictimai, siyasi və mənəvi həyatımızın ən diqqətə layiq hadisələrindən biridir:
“Əhməd bəy Ağaoğlunın fəaliyyəti ilə bağlı daha çox maarifçilik işləri aparmalı, daha çox insana çıxış əldə etməliyik. Mənim Əhməd bəy haqqında bir neçə kitabım çıxıb. Onlardan biri - “Atatürk və Əhməd Ağaoğlu”, digəri “Türkiyəni duyğulandıran ölüm”, üçüncüsü isə “Xatirələr”dir. Bu kitablarda Əhməd bəy Ağaoğlunun irsindən nümunələr, müxtəlif dövrləri əhatə edən xatirələri öz əskini tapıb. Həmçinin, Əhməd bəyin “Kaspi” qəzetindəki fəaliyyəti işıqlandırılıb. Bilirsiz ki, Əhməd bəy Ağaoğlu Parisdən qayıtdıqdan sonra “Məşriq” adlı qəzet çıxartmaq istəyirdi. Amma senzura komitəsi buna müsbət cavab verməmişdi. Vəziyyəti belə görən Hacı Zeynəlabidin Tağıyev “Kaspi” qəzetini mətbəəsi ilə birlikdə satın alaraq Əlimərdan bəy Topçubaşova icarəyə vermişdi. Əhməd bəy, dostu Topçubaşovun dəvətini geri çevirməyərək “Kaspi”də fəaliyyət göstərməyə başlamışdı. Əhməd bəy 1898-1905-ci illərdə “Kaspi”də humanitar sahəni əhatə edən bölmənin başçısı olmuş və bu dövrdə onun 600-ya yaxın məqaləsi dərc edilmişdi”.
Millət vəkili Qənirə Paşayeva deyib ki, professor Vilayət Quliyevin və digər müəlliflərin Əhməd bəy Ağaoğlu ilə bağlı əsərləri böyük mütəfəkkiri daha yaxından tanımağımıza kömək edir. Deputat gəncləri bu dəyərli əsərlərdən yararlanmağa çağırıb:
“10-15 il əvvəl belə dəyərli materiallar yox dərəcəsində idi. Lakin hazırda çox qiymətli əsərlər mövcuddur. Əhməd bəy Ağaoğlunun xatirələri Azərbaycan türkcəsində yenidən dərc olunubsa, bunu mütləq oxumaq lazımdır”.
Q.Paşayeva bir sıra təkliflər irəli sürüb: “Öncə vurğulayım ki, Əhməd bəy Ağaoğlu “Türk ocağ”ının qurucusu olub. Hətta ocaq onun evində təsis edilib. Bu baxımdan Azərbaycan “Türk ocağı”ının ilk tədbirini məhz Əhməd bəy Ağaoğluna həsr etməsi çox müsbət haldır. Bilirsiz ki, Azərbaycan “Türk ocağı”nın bərpaçıları arasında Əhməd Cavadın, Əli bəy Hüseynzadənin və Abdulla Şaiqin nəvələri də var. Mən təklif edirəm ki, Əhməd bəy Ağaoğlunun qardaşı Hüseyn bəyin nəvəsi Nigar Axundova da bərpaçılar arasında olsun. Bu, çox ədalətli olardı”.
Parlament üzvü Türkiyədə və Azərbaycanda gənc nəslin Əhməd bəy Ağaoğlu haqqında yetərli bilgiyə sahib olmadığını qeyd edərək maariflənmə işinin geniş miqyasda aparılmasının labüdlüyünü bildirib.
Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov belə bir tədbirin Atatürk Mərkəzində keçirilməsinin simvolik əhəmiyyətə malik olduğunu deyib. Deputat vurğulayıb ki, ziyalıların mütəmadi olaraq bu cür toplantılar təşkil etməsi ictimaiyyətdə kifayət qədər maraqla qarşılanır:
“Əhməd bəy Ağaoğlu ilə bağlı tədbirlərin keçirilməsi çox vacibdir. Çünki biz onu dərindən tanımalıyıq. Əgər bir insan öz xalqı uğrunda fədakarlıq edibsə, onun xatirəsi mütləq anılmalıdır. Eləcə də, Azərbaycan xalqının həyatında kifayət qədər şəxsiyyətlər olub ki, millətimizin tərəqqisində önəmli rol oynayıblar. Həm Azərbaycan “Türk ocağı”nın bərpası, həm də Ağaoğlu ilə bağlı maarifləndirici konfransların keçirilməsi keçmişimizə hörmətdir. Keçmişi düzgün qiymətləndirməsək, bugün baş verən olayları anlamarıq”.
Tarixçi-alim Firdovsiyyə Əhmədova vurğulayıb ki, Prezidentin Əhməd bəy Ağaoğlunun 150 illiyi ilə bağlı Sərəncamı böyük mütəfəkkirin həya və fəaliyyətinin daha dərindən təqdid edilməsinə stimul verir:
“Vilayət müəllim öz əsərləri ilə həm də çağdaş ziyalılara çağırış edir ki, onlar da ortaya ciddi araşdırma qoysunlar. Əhməd bəy Ağaoğlu haqqında geniş müzakirələr aparmaq üçün mütləq onun irsini bilmək lazımdır. Çünki Əhməd bəy Ağaoğlu böyuk irs sahibidir. O, həm nəzəri fikir adamı, böyük ideyaların sahibi, həm də çox xırda məsələlərlə birbaşa özü məşğul olan təvazökar şəxs idi. Bu cür davranış xalqımızın bütün təbəqələri üçün gözəl bir örnəkdir”.
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi də bildirib ki, türk xalqlarının Əhməd bəy Ağaoğlunu öyrənməsi çox vacibdir. Lakin Çiftçi “hər kəs Ağaoğlunu yaxından tanımalıdır” fikrinin tərəfdarı olmadığını deyib:
“Əhməd bəy Ağaoğlu liberal və millətçi şəxs idi. Özü də aristokrat idi. Sözünü əsirgəməyən, hətta Atatürkün qarşısında belə ona etiraz edən ziyalı idi. Ona görə də hesab edirəm ki, Əhməd bəy Ağaoğlunu hər kəsin mütləq tanıması vacib deyil. Onun sadəcə universitetlərdə və ziyalılar arasında bilinməsi kifayət edir”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı 25 il bundan əvvəl, 1994-cü ildə Əhməd bəy Ağaoğlunun 125 illiyini qeyd etdiklərini söyləyib:
“QAT olaraq özümüzü Əhməd bəy Ağaoğlu ideyalarının və onun yaratdığı Difai təşkilatının davamçısı sayırıq. Bizim ofisimizdə sadəcə Əhməd bəyin portreti var. Xalq öz qəhrəmanlarını tanımalı və heç bir zaman unutmamalıdır”.
Tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov da vurğulayıb ki, 1905-ci il hadisələri haqqında söhbət gedərkən daha çox Difai barəsində danışılır.
Ancaq Əhməd bəy Ağaoğlunun 1905-1906-cı illər ərzində fəaliyyəti daha geniş olub: “Bunların dərindən araşdırılmasına ehtiyac var. Erməni yazıçıları Əhməd bəy Ağaoğlunu qırğınların “təşkilatçısı” kimi qələmə verirdilər. Halbuki 1905-ci ildə erməni yazar Aleksandr Şirvanzadə Əhməd bəyin iki xalqın arasındakı problemlərin həlli üçün çalışdığını etiraf edirdi. Əhməd bəy ilk Azərbaycanlı idi ki, rus mətbuatında ermənilərin Bakı qırğınları haqqında obyektiv fikirlərini təqdim edirdi. O, azərbaycanlıların guya erməniləri, rusları və bütün qeyri-müsəlmanları qətl etməsi yalanını ifşa edirdi”.
Tarixçi Elmar Həsənli, “Birlik” jurnalının redaktoru İlqar İlkin və araşdırmaçı-jurnalist Sərxan Carçı da Vilayət Quliyevin böyük işlərə imza atdığını bəyan edərək, gənc nəslin türk dünyasına aid dəyərli əsərlərdən mümkün olduqca çox faydalanmasının zəruri olduğunu vurğulayıblar.