Polşalı jurnalistin adı “arzuolunmaz şəxslər” siyahısından çıxarıldı

Polşa vətəndaşı, “Glob-Press” agentliyinin baş redaktoru Vlodimej Kjijanovski Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Məktubunda Vlodimej Kjijanovski Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də, ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirir.

Həmçinin, müraciətində o, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu və gələcəkdə bu cür qanunsuz səfərdən çəkinəcəyini qeyd edib.

Polşa Respublikasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılmasına dair qərar qəbul edilib.