Bakı-Qazax yolunun kənarında silah tapıldı


Oktyabrın 10-da saat 10:38-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycanın Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ucar rayonu, Müsüslü kəndi ərazisində əl qumbarasının və “Kalaşnikov” avtomatının tapılması barədə məlumat daxil olub.
Lent.az -a agentlikdən bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Ucar rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Ucar rayon Polis Şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları birlikdə adıçəkilən ərazidə Bakı-Ələt-Qazax avtomobil yolunun kənarına baxış keçirib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi mühasirəyə alınıb.
Agentliyin mütəxəssislərinin apardığı təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd əl qumbarası (2 ədəd F-1 və 1 ədəd RQD-5), 3 ədəd UZRQM partladıcısı və 208 ədəd müxtəlif çaplı patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunan hərbi təyinatlı əşyaların ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.