“Seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasından prokurorluq orqanlarına daxil olan müraciətlərə çox ciddi yanaşılır”.
APA -nın xəbərinə görə, bunu Baş Prokurorun birinci müavini Rüstəm Usubov deyib.
O bildirib ki, bələdiyyə seçkiləri əhəmiyyətli olduğundan uğurla keçirilməlidir:
“Bələdiyyə seçkiləri ölkəmiz üçün mühüm və əlamətdar bir hadisədir. Bu seçkilərdə hər birimiz aktiv şəkildə iştirak etməliyik. Həmişə olduğu kimi, seçki qanunvericiliyini qorumalıyıq. İnanıram ki, bu seçkini də birgə yüksək səviyyədə keçirəcəyik. Cəmiyyətin tərəqqi və inkişaf yolu demokratik seçkilərdən keçir. Seçkilər mühüm əhəmiyyətli siyasi tədbir olaraq ölkədə demokratiyanın başlıca göstəricisi və xalqın iradəsinin qanuni formasının ifadəsidir”.
Baş Prokurorun birinci müavini bildirib ki, son dövrlər bələdiyyələrin statuslarında ciddi dəyişikliklər baş verir və onlara əlavə səlahiyyətlər verilir.
R.Usubov qeyd edib ki, seçki prosesinə müdaxilə edən şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.