Nobelin yeni sülh mükafatçısı: Atası müsəlman, özü xristian

Bu gün Nobel Sülh Mükafatı Efiopiya Baş naziri Abiy Əhməd Əliyə verildi. Baş nazir bu mükafata Eritreya və Efiopiya arasında uzun illər davam edən sərhəd probleminin və konfliktinin həllində atdığı addımlara görə layiq görülüb.

Axar.az Azərbaycanda heç də məşhur olmayan gənc afrikalı siyasətçinin tərcümeyi-halını təqdim edir:

Abiy Əhməd Əli 1976-ci ildə Efiopiyanın Beşaşa şəhərində anadan olub. O, damarlarında Efiopiyanın iki ən böyük xalqının - oromo və amhar - qanını daşıyır. Belə ki, Abiy Əhmədin atası oromo xalqının müsəlman nümayəndəsi, anası atasının dördüncü arvadı, pravoslav xristian olub. Ailənin 13-cü övladı olan Abiy uşaqlığında inqilab mənasını verən “Abiyot” deyə çağırılıb. Ona bu ad 1974-cü ildə Efiopiyada baş tutan Derq inqilabının şərəfinə verilib.

Hələ 15 yaşı olarkən Abiy Efiopiyada hökmranlıq edən marksist-leninist rejimin rəhbəri Menqistu Hayle Mariama qarşı silahlı mübarizədə iştirak edib. O, Oromo Xalqının Demokratik Təşkilatının tərkibində mübarizəyə qatılıb. Meles Zenauinin rəhbərlik etdiyi qiyamçıların hakimiyyətə gəlməsindən sonra ordu sıralarında xidmət etməyə başlayıb. Burada o, kəşfiyyat sahəsində çalışıb. 1995-ci ildə Ruanda soyqırımından sonra BMT-nin sülhməramlı kontingentinin tərkibində bu ölkədə xidmət edib. 1998-2000-ci illərdəki Efiopiya-Eritreya müharibəsinin başlanmasıyla əlaqədar ölkəyə geri dönüb və Efiopiya ordusunun kəşfiyyat qrupuna rəhbərlik edib.

Müharibədən sonra doğma Beşaşu şəhərinə göndərilən gələcək siyasətçiyə burada müsəlman və xristianlar arasında yaranan toqquşmanı həll etməsi tapşırılıb. Buradakı problemi həll etməsi onun nüfuzunu artırıb.

2008-ci ildə Efiopiya İnformasiya Şəbəkələri Təhlükəsizliyi Agentliyinin (İNSA) təsis edilməsində iştirak edən Abiy sonradan burada müxtəlif vəzifələr icra edib. Bunun sayəsində Abiy “Ethio Telekom” və “Ethiopian Television”un direktorlar şurasının rəhbəri təyin edilib. Bu karyera yüksəlişi nəticəsində 2010-cu ildə polkovnik-leytenant rütbəsi ilə ordudan istefa verib.

İNSA direktorunun müavini olaraq fəaliyyətini davam etdirən Abiy həmin il Efiopiya İnqilabi Demokratik Xalq Cəbhəsi Partiyasından deputat seçilib. Bununla da siyasi karyerasına başlayıb.

Deputat olduğu dönəmdə Abiy daha çox diqqəti xristina-müsəlman konfliktlərinin qarşısını almağa yönəldib.

2015-ci ildə o, Elm və Texnologiya naziri olub, 2016-cı ildə Oromiya regionunun rəhbərinin müavini təyin edilib. 2017-ci ildə isə üzvü olduğu partiyanın baş katibi seçilib.

2018-ci ildə Baş nazir Haylemariama Desalenyanın istefasından sonra Abiy Əhməd ölkənin Baş naziri seçilib. Abiy Əhməd bununla da oromo xalqı sıralarından çıxan ilk baş nazir olub.

O, baş nazir olduqdan az sonra sui-qəsdə məruz qalıb. Belə ki, paytaxt Əddis-Əbəbədə onun üçün keçirilən mitinqə qumbara atılsa da, baş naziri sui-qəsddən qorumaq mümkün olub. Bundan az sonra geniş siyasi və iqtisadi islahatlara başlayan Abiy Əhməd ölkədəki nazirliklərin sayını 28-dən 20-yə endirib. Bununla bərabər, ölkə tarixində ilk dəfə nazir postlarının yarısı qadınlara həvalə edib. Qadınlara verilən vəzifələr sırasında müdafiə naziri, polis rəisi kimi vəzifələr də olub.

Bütün reformlara rəğmən Efiopiyada hələ də etnik müstəvidə toqquşmalara rast gəlinir. Xüsusilə, ölkənin cənub və şimal bölgələrində olan bəzi xalqlar baş nazir tərəfindən təqibə məruz qaldıqlarını bildirirlər. Bunun da nəticəsində ölkədə bəzi məcburi köçlər baş tutub.

Abiy Əhməd Əlinin şəxsi həyatına gəlincə: o da atasını müəyyən mənada təkrarlayıb. Belə ki, baş nazir də amhar xristianı olan Zinaş Tayaçev adlı qadınla ailə həyatı qurub. Üç qız və bir oğlu olan ölkənin rəhbəri həmçinin beş dildə - oromo, amhar, tiqrinya, afan və ingilis - sərbəst danışa bilir. Atası müsəlman olsa da, Abiy Əhməd özünü protestant sayır.