Müsavat Partiyasının başqanlığına namizəd Yadigar Sadıqlı qurultayda namizədlərə çıxış üçün 10 dəqiqə vaxt ayrılmasına etiraz edib.
Sherg.az bildirir ki, Y.Sadıqlı, qurultaya 25 gün əvvəl qalmış tədbirin elan edilməsinin təbliğat kampaniyasına mənfi təsir göstərdiyi fikrindədir:
"Qurultayın günü cəmi 25 gün öncə təyin olundu. Bu günlərin bəzləri Təşkilat komitəsinin iclaslarına, debata sərf edildi. Lənkəran təşkilatının iclasını keçirmək üçün 2 dəfə cəhd etməm 5 gün vaxtımı aldı. Platforma, təbliğat məqalələrinin yazılmasına vaxt getdi. Bəzi rayonlarda polis görüşə mane oldu. Bəzi görüşlər iş gününə düşdüyündən nümayəndələrin hamısı iştirak etmədi. Xaçmaz rayonundan 21 nümayəndə var, görüşdə isə cəmi 7 nəfər iştirak edirdi. Nəticədə onların çox az hissəsinə fikrimizi çatdırdıq. Ümidimiz qurultayda çıxışa qaldı. İndi təklif olunur ki, hər namizədə çıxış üçün 10 dəqiqə vaxt verilsin. Mən isə 30 dəqiqə vaxt istəyirəm. Tofiq bəy də bu fikirdədir. Qurultay nümayəndələrini namizədlərə daha çox vaxt ayrılmasına səs verməyə çağırıram".
Qeyd edək ki, Müsavat Partiyasının qurultayı sabah baş tutacaq.