Prezident İlham Əliyev oktyabrın 21-də baş nazirin müavini Hacıbala Abutalıbovu qəbul edərkən mühüm məqamlara toxunub. Dövlət başçısı vurğulayıb ki, 1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyevin xalq qarşısında nüfuzu çox yüksək idi və xalq ondan başqa heç kimi rəhbər vəzifəsində görmürdü. Prezident bəyan edib ki, ümummilli liderin gələcək fəaliyyətini əngəlləmək üçün hakimiyyət yaş senzi kimi çox cəfəng bir qaydanı tətbiq etmişdi: “Səhv etmirəmsə, 65 yaşdan yuxarı olan şəxs Prezident ola bilməzdi. Ulu öndərin də o vaxt 69 yaşı vardı. Yadımdadır, siz parlamentin qarşısında kütləvi etiraz aksiyaları təşkil etmisiniz, öz sözünüzü demisiniz, heç kimdən qorxmamısınız. Çünki o vaxt repressiya təhlükəsi çox böyük idi və Heydər Əliyevin hakimiyyətə gəlməsini əngəlləmək istəyənlər müxtəlif çirkin əməllərə əl atmışlar. Hətta Heydər Əliyevin yaxın silahdaşı Əjdər Xanbabayevi vəhşicəsinə qətlə yetirdilər.
Həmin gün Heydər Əliyev Moskvadan Bakıya gəlməli idi. Onun gəlişini əngəlləmək, ona hədə-qorxu gəlmək üçün günahsız bir insanı, ziyalını qətlə yetirdilər. Düzdür, sonra onu öldürənlər öz layiqli cəzalarını aldılar və Heydər Əliyevin Azərbaycana qayıtmasını heç kim əngəlləyə bilmədi. Bütün təhlükələrə baxmayaraq, o, Bakıya gəldi, öz sözünü dedi. İndiki bəzi özünü “lider” adlandıran qorxaqlardan fərqli olaraq, hər bir təhlükəyə, hər bir məhrumiyyətə getməyə hazır idi. Onun böyüklüyü bundadır”.
Elman Nəsirov: "Məqsəd sabit ölkəmizi xaosa, anarxiyaya sürükləməkdir"
Dövlət başçısının diqqət çəkdiyi məqamı “Şərq”ə şərh edən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib ki, cənab Prezident baş nazirin sabiq müavini Hacıbala Abutalıbovu qəbul edərkən çox maraqlı məqama toxunub. Prezidentin sözlərinə diqqət çəkən deputat bildirib ki, indi özünü “lider” kimi təqdim edən insanlar reallıqda çox qorxaq adamlardır:
“Ümummilli lider Heydər Əliyev qorxmazlığın və siyasi iradənin nə olduğunu hamıya nümayiş etdirdi. Ulu öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə gələrkən indiki qaragüruhçu qüvvələr Heydər Əliyevə qarşı hər cür təzyiqləri işə saldılar. Hətta ulu öndərin ən yaxın silahdaşlarından birini - Əjdər Xanbabayevi vəhşicəsinə qətlə yetirdilər. Bütün təhdidlərə və təzyiqlərə baxmayaraq, Heydər Əliyev qorxmaz davranışı ilə sübut etdi ki, onun arxasında Azərbaycan xalqı dayanır. Ümummilli lider məhz dövlətçilik naminə qətiyyətli və prinsipial addımlar atdı. Göstərdi ki, ortada özünün və xalqının siyasi iradəsi var. Arxasında xalq olan lider isə hər zaman güclüdür”.
Parlament üzvünün sözlərinə görə, cənab Prezidentin bu ismarıcının böyük əhəmiyyəti var: “Məsələ ondadır ki, son günlər radikal müxalifət və onların özlərinə “lider” seçdiyi şəxslər ictimai asayişin pozulması və dövlət təhlükəsizliyinin təhdid edilməsi istiqamətində addımlar atırlar. Məqsədləri təxribat törətmək, sabit ölkəmizi xaosa, anarxiyaya sürükləməkdir. Əslində onlar xaricdən aldıqları sifarişi yerinə yetirirlər. 30 il əvvəlki düşüncə ilə hərəkət edirlər. Yəni icraçılar da, sifarişçilər də eynidir. Özlərini “qəhrəman” kimi təqdim etməyə çalışan şəxslərin qorxaq olduğu isə hamıya bəllidir. Xalq həqiqəti bilir və bu tipli siyasətçilərə əsla güvənmir, onların arxasınca getmir. Xalqımız cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bütün təxribatlara qarşı birlikdə mübarizə aparır. Heç bir qüvvə xalqın iradəsinə qarşı çıxa bilməz”.