“Azərbaycanda idarəetmə sistemi tarixində yeni nəsil dəyişməsi baş verir, yeni era başlayır”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, kadr islahatlarını zəruri edən şərtlər artıq formalaşıb. Bu isə indiyə qədər həyata keçirilən islahatların nəticəsində mümkün olub:
“Daha səmərəli kadrlarla idarəetməni təşkil etmək üçün ilk növbədə konstitusional və qanunvericilik əsasları yaradılıb. Eyni zamanda, struktural islahatlar nəticəsində idarəetmənin effektivliyini təmin etmək üçün yeni qurumlar formalaşdırılıb. Prezident islahatların hazırki mərhələsindən danışarkən qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələlərə toxunub. Dövlət başçısı qeyd edib ki, şərti olaraq hazırkı mərhələni postneft mərhələsi adlandırmaq olar . Ona görə yox ki, bizim neftimiz qurtarır. Ona görə ki, biz ümumiyyətlə neft faktorunu iqtisadiyyatda unutmalıyıq. Göründüyü kimi bu yeni fəlsəfənin özü Azərbaycan iqtisadiyyatının önündə yeni üfüqlər açır. Eyni zamanda, təyin olunan yeni kadrların qarşısında yəni vəzifələr müəyyənləşdirilir ki, bu da olduqca vacibdir. Prezident inzibati resursların və məmurların iqtisadi proseslərə müdaxiləsini də sərt şəkildə tənqid etdi. Düşünürəm ki, bu da əslində nəticə çıxarmalı olan qurumlar və məmurlar üçün olduqca ciddi bir xəbərdarlıqdır”.
Parlament üzvünün sözlərinə görə, Prezident iqtisadi müstəqilliyin əsas faktor olduğunu və dövlətin siyasi müstəqilliyini təmin edən başlıca məqam olduğunu diqqətə çatdırdı:
“İqtisadiyyatı olmayan ölkə şübhəsiz ki, beynəlxalq münasibətlər sistemində müəyyən təzyiqlərə məruz qalır. Bu da eyni zamanda ölkənin müstəqil siyasi qərarlar qəbul etmək məqsədlərini məhdudlaşdırır. İndiki vəziyyətdə isə ərazi bütövlüyünü bərpa etməyi əsas hədəf kimi müəyyənləşdirən Azərbaycan üçün müstəqillik olduqca vacibdir. Bu mənada siyasi müstəqillik birbaşa iqtisadi mustəqilliklə bağlıdır. İstər-istəməz yaşın gətirdiyi bir mühafizəkarlıq, bir lənglik var ki, bu, təbii bir prosesdir. Ona görə də vaxtaşırı milli inkişafı təmin etmək üçün bu cür islahatların aparılması vacib şərt kimi ortaya çıxır. Azərbaycanda da hazırda bu proses baş verir.Proses təkcə indiki tarixi mərhələdə keyfiyyət dəyişikliyi yaratmaqla bitməyəcək. Özündən sonrakı mərhələnin də inkişafını təmin etmək üçün fundamental əsaslar yaradacaq”.