“Cari ilin 9 ayın göstəriciləri aparılan islahatların uğurlu nəticələrinin olduğunu bir daha sübut etdi”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, 2018-ci il prezident seçkisindən sonra ölkəmizin iqtisadi həyatında böyük dəyişikliklərin baş verdiyinin şahidi olduq:
“Azərbaycanda aparılan iqtisadi islahatlar, həm də sosial islahatlarla dərinləşdi. Sosial islahatlar da ölkəmizdə idarəetmə sisteminin yenidən qurulması, struktur islahatlarınının həyata keçirilməsini şərtləndirdi. Azərbaycan müstəqil dövlət olaraq dünyanın çağırışlarına uyğun idarəetmə sistemi qurur, dünyada baş verən proseslərlə ayaqlaşaraq paralel inkişaf edir. Bu paralel inkişafdan geri qalmamaq üçün daha da yeni təfəkkürlü, kreativ düşüncəli kadrların dövlət idarəetmə sistemində təmsil olunmasına ehtiyac duyulur. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar da buna xidmət edir. Baş nazirin dəyişilməsi, keçmiş iqtisadiyyat naziri Şahin Mustafayevin baş nazirin müavini vəzifəsinə təyin edilməsi, yenidən struktur islahatların həyata keçirilməsi ilə bir neçə qurumun birləşdirilməsi və Mikayıl Cabbarovun iqtisadiyyat naziri təyin olunması artıq Azərbaycanın yeni idarəetmə sisteminə qədəm qoyduğunu deməyə imkan verir”.
Parlament üzvü bəyan edib ki, Azərbaycanda daha operativ, məqsədyönlü, çevik idarəetmə sisteminin yaradılması istiqamətində ciddi işlər görülür:
“Yeni iqtisadiyyat naziri Mikayıl Cabbarov bundan əvvəl çalışdığı digər nazirliklərdə uğurlu fəaliyyətini qurub, iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm addımlar atıb. Cari ilin 9 ayı müddətində vergi sistemində verilən proqnozdan əlavə 350 milyon vəsaitin yığılması bunu deməyə imkan verir. Bu uğurlu icra təbii ki, iqtisadiyyat nazirliyində bir neçə qurum birləşdirərək idarə olunmasında özünü göstərəcək”.